Güclülər müəyyənləşir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Rabitə İşçiləri Müstəqil Hİ Respublika Komitəsi və «Spartak» KBTİC Respublika Şurasının «Sağlamlıq-2009» devizi altında keçirdikləri spartakiada davam edir. Spartakiadanın proqramına daxil edilmiş idman növlərinin bir neçəsi üzrə mübarizə artıq başa çatmışdır.

Şahmatçılardan sonra atletlər də öz aralarında kimin daha güclü olduğunu müəyyənləşdirmişlər. Hərbiləşdirilmiş Mühafizə İdarəsinin idmançıları ən yaxşı nəticə göstərməklə rəqiblərini məyus etmişlər. «Aztelekom» və «Teleradio» istehsalat birlikləri isə müvafiq olaraq 2-3-cü yerləri bölüşmüşlər.
Şəxsi yarışmada ilk mükafatalayiq 3 yeri «Aztelekom» İB təmsilçiləri qazanmışlar.
Nərd, voleybol yarışlarında «Aztelekom» 1-ci, Sumqayıt Telekommunikasiya Qovşağı 2-ci, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi 3-cü olmuşdur.
Nərd üzrə keçirilən yarışmada nərd ustalarının şəxsi qarşılaşmalarında isə 1-ci yerə «Aztelekom»un işçisi layiq görülmüşdür.
Kəndirdartanların çəkişməsində (6 komanda) Dövlət Radiotezliklər İdarəsi 1-ci, «Aztelekom» və Hərbiləşdirilmiş Mühafizə İdarəsi 2-3-cü yerlərə sahib çıxmışlar.
Dama mübarizəsində də «Aztelekom» yığması rəqib tanımamışdır. Dövlət Radiotezliklər İdarəsi 2-ci, «Teleradio» İB təmsilçiləri 3-cü yerlə kifayətlənmişlər. Bu növ üzrə şəxsi yarışlarda Dövlət Radiotezliklər İdarəsinin (kişilər) və «Aztelekom» (qadınlar) İB-nin nümayəndələri fərqlənmişlər.
Stolüstü tennis və mini-futbol üzrə yarışmalar barədə gələn sayımızda məlumat verəcəyik.
Rasim SÜLEYMANOV.



«Güclülər müəyyənləşir»   -
«Ülfət Qazeti»   -