“Uşaq ili"nin yekun konserti
Həmkarlar ittifaqlarının mədəniyyət müəssisələrində fəaliyyət göstərən özfəaliyyət kollektivlərinin iştirakı ilə Qurban Abbasov adına Mədəniyyət Sarayında "Uşaq ili"nə həsr edilmiş yekun konsert proqramı təşkil olunmuşdur. Tədbir sarayın foyesində tərtib edilmiş sərgi ilə başlandı. Neft və Qaz Sənayesi, Dövlət İdarələri və İctimai Xidmət, Toxucu və Yüngül Sənaye işçiləri sahə təşkilatlarının rəsm və foto dərnəklərinin, Lənkəran şəhərində yaşayan əqli və fiziki cəhətdən qüsurlu uşaq və yeniyetmələrin rəsm və foto işləri tamaşaçıların marağına səbəb oldu. Ekspozisiyada nümayiş etdirilən yüzdən çox rəsm və foto mövzu rəngarəngliyinə görə maraqlı idi. Balaca istedadlar yaradıcılıq fantaziyaları və geniş təsəvvürləri ilə öz rəngli nağıl dünyasını yaratmışdılar. Sərgiyə tamaşa etdikdən sonra tamaşaçılara bayram konserti təqdim edildi. "Xidmət-İş" HİF-in Mədəniyyət Sarayının "Çiçəyim" Uşaq Teatrı, H.Z.Tağıyev adına TTSK ASC klubunun rəssamları neftçilərin uşaq bağçalarının balaca istedadları və Mərdəkan, Q.Abbasov, A.İsgəndərov, S.Bəhlulzadə adına mədəniyyət saraylarının bədii qiraət, rəqs, musiqi kollektivləri öz bacarıqlarını nümayiş etdirdilər. Dövlət Neft Şirkəti Mədəniyyət və İstirahət İşləri Departamentinin mədəniyyət işçiləri sektorunun müdiri Aydın Məmmədov, H.Z.Tağıyev adına TTSK ASC klubunun direktoru Azad Aslanov və bu yazının müəllifi uşaqları təbrik edərək, onlara ən xoş arzularını bildirdilər və gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzuladılar.
X.BAĞIROVA, AHİK-in mütəxəssisi.
|