Beynəlxalq Qadınlar Günü

Tarixçilər beynəlxalq status almış bu günün yaranmasının müxtəlif tarixi mənbələri olduğunu iddia edirlər

8 Mart Beynəlxalq Qadınlar Günü artıq uzun illərdir ki, dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilməkdədir. Qadınlar Gününün yaranma tarixi ilə bağlı müxtəlif versiyalar var. Bəzi tarixçilər bu günü 1910-cu ildə qadınları mübarizəyə səsləyən Klara Setkinin adı ilə bağlasalar da, digər tarixi mənbələr bu bayramın hələ Qədim Roma dövründən qeyd edildiyini iddia edir.

1857-ci ildə Nyu- Yorkda tekstil sənayesinin işçiləri və tikiş fabrikinin fəhlələri iş şəraitinin dözülməz olmasına və əməkhaqqının azlığına etiraz əlaməti olaraq aksiyalara başladılar. Həmin aksiya da məhz 8 marta təsadüf etdi. Qadınlar əməkhaqlarının kişilərlə bərabər olmasını tələb edirdilər.
1910-cu ildə Beynəlxalq Sosialist Qadınların Konfransında həmin günün Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsi qərara alınır. Digər versiyalar isə 8 Mart Beynəlxalq Qadınlar Gününü Klara Setkinin adı ilə bağlayırlar. Çünki ilk dəfə Klara Setkin cəmiyyətin müxtəlif təbəqələrində təmsil olunan qadınlardan ibarət inqilabi dəstə yaradaraq zərif cinsin hüquqlarının müdafiəsinə qalxmışdı.
Qadın proletariatının yarandığı gün kimi xarakterizə edilən 8 mart günü Sovet İttifaqında inqilabdan dərhal sonra qeyd edildi.
Amma onun qeyri-iş günü kimi keçirilməsi 1965-ci ildə Nikita Xruşşov tərəfindən reallaşdırıldı. Bir neçə il sonra - 1977-ci ildə isə Birləşmiş Millətlər Təşkilatı bayramın adında dəyişiklik etmək qərarına gəldi. Bu qərara əsasən, bayramın adındakı "mübarizə" sözü silinir. Qərarı şərh edən təşkilat nümayəndəsi deyib ki, ada edilən təshih heç də qadınların hüquqlarını məhdudlaşdırmır. Sadəcə, təşkilat ideologiyanı ikinci plana keçirməklə insanlara bahar və sevgi bayramını qeyd etmək fikrini aşılayıb.
BMT-nin ötən əsrin 70-ci illərində irəli sürdüyü təklif bu gün də qüvvədə qalmaqdadır. Yəni cəmiyyətdə hüquqlarını qorumaq uğrunda mübarizə aparan qadınlar bu günü etiraz aksiyalarına qatılmaqla deyil, yaxınlarının bağışladıqları hədiyyələrlə qeyd edirlər.

G. KƏRİMLİ.



«Beynəlxalq Qadınlar Günü»   -
«Ülfət Qazeti»   -