Advokat

- Hörmətli redaksiya! Sizdən aşağıda göstərilən üç sualıma aydınlıq gətirməyinizi xahiş edirəm:
1.Müdiriyyət tərəfindən əməkhaqqıma edilən əlavənin kəsilməsi və mühəndis vəzifəsində işlədiyim halda fəhlələrdən az əməkhaqqı almağım düzgündürmü?
2. Öz işimdən əlavə idarədə də Mülki Müdafiə Qərargahının rəisi vəzifəsini yerinə yetirirəm. Bu işə görə mənə əlavə əməkhaqqının ödənilməməsi qanunidirmi?
3. İdarədə işləyən və 2006-cı ilə qədər 30 təqvim günü əmək məzuniyyəti alan işçiyə sonradan 21 təqvim günü məzuniyyətin verilməsi düzgündürmü?

Samir GÖYÜŞOV,
Bakı şəhəri.

- Birinci sualınızın cavabı: Müəssisələrdə hər bir işçiyə ödənilən əməkhaqqı Əmək Məcəlləsi və digər normativ - hüquqi aktlarla, işçi ilə işəgötürən arasında bağlanılan əmək müqaviləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qadağan edilir. Əgər sizə əlavə əməkhaqqı Əmək Məcəlləsi və digər normativ - hüquqi aktlarla, eyni zamanda işəgötürənlə aranızda bağlanılan əmək müqaviləsi ilə nəzərdə tutulubsa, belə halda müdiriyyət tərəfindən bu əlavələrin birtərəfli qaydada pozulması və ödənilməməsi əsassızdır. Qeyd etmək istəyirəm ki, bir çox hallarda müəssisələrdə işçilərə qanunla nəzərdə tutulan hallardan başqa peşəkarlığa və digər işgüzar keyfiyyətlərə görə, eyni zamanda əlavə əmək funksiyalarının yerinə yetirilməsinə və digər razılaşmalara görə də əlavə əməkhaqqı ödənilir. Əgər sizə ödənilən əlavə əməkhaqqı üçün qanunla nəzərdə tutulan əsaslar aradan qalxmışsa, peşəkarlığınız və digər işgüzar keyfiyyətlərinzin səviyyəsi müdiriyyəti artıq qane etmirsə və bunun üçün kifayət qədər əsaslar varsa, eyni zamanda əlavə əmək funksiyalarının yerinə yetirilməsinə ehtiyac yoxdursa və digər qanuni əsaslar olduğu halda müdiriyyət tərəfindən sizə ödənilən əlavə əməkhaqqı dayandırıla bilər.
- İkiinci sualınızın cavabı: Əmək Məcəlləsinin 161-163-cü maddələrinə əsasən:
əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əməkhaqqına əlavə müəyyən edilib ödənilməlidir. Digər hallarda peşələr (vəzifələr) üzrə əmək funksiyasının icra edilməsinə görə əməkhaqqına əlavənin miqdarı kollektiv müqavilə və ya tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində nəzərdə tutulan qaydada müəyyən edilir.
Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arsındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə, əməkhaqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktiki yerinə yetirilən işə görə ödənilir. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əməkhaqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir.
Qanunun bu tələblərini əsas tutaraq hesab edirəm ki, Mülki Müdafiə Qərargahının rəisi vəzifəsini yerinə yetirməyinizlə əlaqədar sizə əlavə əməkhaqqı müəyyən edilib ödənilməlidir.
- Üçüncü sualınızın cavabı: Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:
o kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;
o məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) çalışan dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;
o xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə;
o tədris müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;
o elmi dərəcəsi olmayan elmi işçilərə;
o həkimlərə, orta tibb işçilərinə və əczaçılara.
Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

- Azərbaycan Respublikasında qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hansı hallarda yenidən baxıla bilər?

Yalçın QOCAYEV,
Bakı şəhəri.

- Azərbaycan Respublikasında qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər.
Yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır:
o Məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə.
o Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı.
o Məhkəmənin qanuni qüvvəyə minmiş hökmi ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri.
o Həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.

- Gəncə şəhərinin Birləşmiş Doğum Evində tibb bacısı vəzifəsində işləmişəm. Xəstəxana rəhbərliyi 2003-cü ilin dekabr ayı və 2004-cü ilin yanvar, fevral və mart ayları üçün əməkhaqqımı heç bir əsas olmadan bu günə kimi mənə ödəməkdən imtina edir. Dəfələrlə etdiyim müraciətlərə baxmayaraq əməkhaqqımı ala bilmirəm. Əməkhaqqımın hansı qaydada almağın mümkün olması barədə qəzetiniz vasitəsilə məlumat verməyinizi xahiş edirəm.

İradə KƏRİMOVA,
Gəncə şəhəri.

- Sualınızdan göründüyü kimi, sizin əmək münasibətlərində olduğunuz Gəncə şəhərinin Birləşmiş Doğum Evinin müdiriyyəti ilə aranızda əmək mübahisəsi yaranmışdır. Birləşmiş Doğum Evinin müdiriyyəti iddia etdiyiniz bu əməkhaqqını könüllü olaraq ödəmədiyindən əmək mübahisəsinə məhkəmə orqanlarında baxılmaqla həll edilməli müvafiq qətnamə qəbul edilməlidir. Nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Lakin göstərilən iddia müddəti sizin tərəfdən buraxılmamışdır. Əgər ərizənizdə göstərdiyiniz müddət sizin tərəfinizdən üzrlü səbəblərdən buraxılıbsa (iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə), fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçının "yaxın qohumu" dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzrlü hal hesab edə bilər. İddia müddəti üzrlü səbəblərdən buraxılıbsa, siz müddətin bərpa olunması barədə ərizə və əmək haqqının ödənilməsi barədə cavabdeh Gəncə şəhərinin Birləşmiş Doğum Evinə qarşı iddia ərizəsi ilə Gəncə şəhərinin müvafiq rayon məhkəməsinə (Gəncə şəhərinin Birləşmiş Doğum Evinin hüquqi ünvanının olduğu yerin rayon məhkəməsinə) müraciət etməlisiniz.



«Advokat»   -
«Ülfət Qazeti»   -