Advokat
- Torpaqlar hansı şərtlərlə icarəyə verilə bilər?
Mobil SÜLEYMANOV, Şəki rayonu.
- "Torpaq icarəsi haqqında" Qanunun 9-cu maddəsinə əsasən, torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlər nəzərə alınır: o ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması; o dövlət və bələdiyyə torpaqlarının icarəyə verilməsində torpaq qanunvericiliyində nəzərdə tutulmuş növbəliliyə əməl edilməsi; o torpaqların təyinatı üzrə istifadə edilməsi; o torpaqların istifadəsi zamanı ekolojı tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi; o torpaq sahələrinin yerquruluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi; o kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsi.
- Azərbaycan Respublikası qanunvericiliyi ilə Macarıstan və Kiprdə 1 günlük ezamiyyə normaları hansı məbləğdə təyin edilmişdir?
Rəşad İSLAMOV, Bakı şəhəri.
- Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı "Ezamiyyə xərclərinin normaları haqqında" qərarına bir nömrəli əlavəyə əsasən, Macarıstanda- 160 avro məbləğində, Kiprdə - 160 avro məbləğində 1 günlük ezamiyyə normaları təyin edilmişdir.
- İşçilərin " əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi barədə " iddiaları üzrə və ya "əməkhaqqının ödənilməsi" barədə mülki işlərə dair təmin olunmuş iddia ərizələri üzrə məhkəmə qətnamələri Apelyasiya Məhkəməsinə qədər icra oluna bilərmi? Səidə HƏTƏMOVA, Bakı şəhəri.
- Mülki Prosessual Məcəllənin 235.1.2-ci maddəsinə əsasən, əməkhaqqının ödənilməsi barədə iddialar üzrə qəbul edilən qətnamələr digər qətnamələrdən fərqli olaraq dərhal icra edilən qətnamələrə aiddir. İşçilərin " əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi barədə" iddiaları üzrə və ya "əməkhaqqının ödənilməsi" barədə mülki işlərə dair iddia ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsi qəbul edilərsə, burada işçinin məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi və ya əməkhaqqının ödənilməsi barədə iddiası da təmin edilmiş olur. Bu səbəbdən hər bir işçi bilməlidir ki , mülki işin iddia tələbinin əməkhaqqının ödənilməsi hissəsi dərhal icra edilən qətnamələrə aiddir, iddia ərizəsi verilərkən və ya məhkəmə prosesinin gedişində qəbul ediləcək qətnamənin dərhal icra edilməsi barədə iddia tələbi irəli sürülməlidir. Cavabdeh müəssisənin apelyasiya şikayəti verib-verməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsi olan rayon məhkəmələrinin əməkhaqqının ödənilməsi barədə qətnamələri dərhal icra olunmalıdır. Hesab edirəm ki, əməkhaqqının ödənilməsi barədə işçinin təmin olunmuş iddia tələbi işəgötürən tərəfindən təmin olunmadan apelyasiya şikayətinin qəbul edilməsi qanunauyğun deyil. Apelyasiya şikayətini təqdim edən işəgötürən apelyasiya şikayətinə əməkhaqqının ödənilməsi barədə müvafiq arayışı da bu şikayətə əlavə etməlidir. Əks halda isə bu şikayətin qəbul edilməsindən imtina edilməlidir.
- "İşə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi barədə " iddialar üzrə mülki işlərə hansı müddətdə baxılıb qərar qəbul ediməlidir?
Rəhim POLADOV, Sumqayıt şəhəri.
- Mülki Prosessual Məcəllənin 172.2-ci maddəsinə əsasən, "işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi barədə " iddialar üzrə mülki işlərə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən bir ay müddətində baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Qeyd etmək istəyirəm ki, bu müddət hakim tərəfindən mülki işin icraata qəbul edilməsi anından deyil, iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən başlayır.
|