advokat

- Yaxın qohumum müalicə olunur və hazırda 2-ci qrup əlildir. Ona 1-ci qrup əlillik düşürmü? 1-ci qrup əlil olarsa ömürlük əlil pensiyası ala bilərmi?
Zəminə QULİYEVA,
Neftçala rayonu.

- Azərbaycan Respublikasında əlilliyin müəyyən olunmasına dair Əsasnaməyə görə, əlillik ağırlıq formasından asılı olaraq üç qrupa: birinci, ikinci və üçüncü qrupa bölünür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərən Tibbi - Sosial Ekspert Komissiyasının (TSEK) bölgələr üzrə filialları əlilliyin müəyyən edilməsi funksiyasını həyata keçirir. İlk öncə bilmək lazımdır ki, TSEK-də əlillik dərəcəsi almaq üçün müalicə-profilaktika müəssisəsi tərəfindən göndəriş alınmalıdır. Şəxs TSEK tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır və TSEK-in rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Bundan sonra əlilə nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Şəxsə bu əlillik qrupunun verilməsi TSEK-in səlahiyyətlərinə aiddir. Birinci qrup əlillik - xəstəlik, travma nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, eyni zamanda xəstənin daimi olaraq kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olsun. Qüsurların və ya funksional pozğunluqların xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalat, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci qrup əlillik adətən bu hallarda təyin edilir - hər iki gözün tam və ya əməli korluğu; iki ətrafın güdüllüyü; 1-ci barmaq da daxil olmaqla əlin üç və ya onsuz dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdüllüyu; hər iki bud-çanaq oynaqlarının hərəkətsizliyi və ya kəskin nəzərə çarpan kontrakturası və s. Göstərilən şərtlər əsasında şəxsə TSEK tərəfindən 1-ci əlillik qrupu təyin edilə bilər.
"Əmək pensiyaları haqqında" qanunun 11-12-ci maddələrinə əsasən, əlilliyə görə əmək pensiyası sığorta olunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində baş verərsə, onlar müharibə əlili hesab edilirlər. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri əlilliyə görə əmək pensiyası (bu Qanunun qüvvəyə mindiyi günədək əlilliyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) 19 yaşınadək əlil olmuş sığorta olunana bir il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Qeyd olunan Qanunun 32-33-cü maddələrinə əsasən, yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. Əlilliyə görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün, 62 yaşından yuxarı əlil kişilərə və 57 yaşından yuxarı əlil qadınlara isə ömürlük təyin edilir. Ailə başçısını itirməyə görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, 62 yaşına çatmış kişilərə və 57 yaşına çatmış qadınlara isə ömürlük təyin edilir. Ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir. Əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır. Bu Qanunun 36-cı maddəsinə əsasən, əlillik qrupu dəyişdikdə, əmək pensiyasının məbləği əlillik qrupunun dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. Təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Qeyd olunan Qanunun 41-ci maddəsinə əsasən, əlil təkrar müayinə üçün təyin edilmiş vaxtda müvafiq icra hakimiyyəti orqanına gəlmədikdə, əmək pensiyasının ödənilməsi dayandırılır. O, yenidən əlil hesab edilərsə, əmək pensiyasının verilməsi yenidən əlil hesab edildiyi gündən bərpa edilir. Təkrar müayinə vaxtı üzrlü səbəbdən ötürüldükdə, bu müddət ərzində əmək pensiyası bir aydan çox olmayan müddət üçün ödənilir. Təkrar müayinə zamanı əlil başqa əlillik qrupuna keçirildikdə, bu Qanunun 41.3-cü maddəsində göstərilən müddət üçün əmək pensiyası əvvəlki qrup üzrə ödənilir.

- Təqaüdçüyəm. Özümə məxsus yaşadığım evi nəvələrimdən birinə bağışlamaq istəyirəm. Həmin nəvəmi qəyyumluğa götürsəm, mənə məxsus olan evi onun adına keçirə bilərəmmi?
Barat SADIXOV,
Astara rayonu.

- Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədi ilə təyin edilir. Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədi ilə müəyyən olunur. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı mülki qanunvericiliklə müəyyən edilir. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir.
On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Himayəçi ilə on altı yaşına çatmış himayədə olanın ayrılıqda yaşamasına qəyyumluq və himayəçilik orqanının razılığı ilə bu şərtlə yol verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və mənafelərinin müdafiəsinə mənfi təsir göstərməsin. Qəyyumlar və himayəçilər yaşayış yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat verməyə borcludurlar. Qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın fəaliyyət qabiliyyətli sayılması və onun üzərindən qəyyumluğun və ya himayəçiliyin götürülməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmağa borcludur. Göstərilən şərtlər əsasında siz öz nəvənizi qəyyumluğa qəbul edə bilərsiniz. Mənzilinizin nəvənizin adına keçirilməsi ilə əlaqədar isə bildirirəm ki, siz mülkiyyət hüququ ilə sizə məxsus olan mənzilinizi istənilən şəxsə, o cümlədən də nəvənizə alqı-satqı yolu ilə sata və ya bağışlaya bilərsiniz. Eyni zamanda siz yazılı formada və notariusda təsdiq edilməklə, vəsiyyətnamə tərtib etməklə də gələcəkdə bu mənzilinizi nəvənizin adına keçirə bilərsiniz. Bircə şərtlə ki, Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən qaydada vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı olması halı nəzərə alınsın. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

- Azərbaycan Respublikasında aztəminatlı əhali üçün sosial müavinətlər hansı məbləğdə ödənilir?
İsmayıl İSMAYILOV,
Zəngilan rayonu.

- 2008-ci il sentyabrın 1-dən qüvvəyə minən Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2008-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasında aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilmişdir:
Aylıq müavinƏtlƏr:
o Yaşa görə müavinət - 45 manat;
o Əlillik "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək zədəsi və peşə xəstəliyi", "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" səbəbindən baş verdikdə əlilliyə görə müavinət:
I qrup əlillərə - 50 manat;
II qrup əlillərə - 35 manat;
III qrup əlillərə - 30 manat;
o sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 50 manat;
o ailə başçısını itirməyə görə müavinət - 40 manat.
Əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət - 25 manat;
o müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - 40 manat;
o valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - 25 manat;
o bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - 20 manat.

BİRDƏFƏLİK MÜAVİNƏTLƏR:

o radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - 150 manat;
o uşağın anadan olmasına görə müavinət - 50 manat;
o dəfn üçün müavinət - 100 manat.



«advokat»   -
«Ülfət Qazeti»   -