advokat
- Ezam olunmuş işçi ezamiyyə müddətində əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, ona səhhətinə görə həvalə olunmuş xidməti tapşırığı yerinə yetirmək və yaxud daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün ezamiyyə xərcləri hansı qaydada ödənilir?
Rəhim NURİYEV, Bakı şəhəri.
- Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli, 11/30-108 saylı "İşçilərin ezamiyyə qaydaları"nın onuncu bəndinə əsasən, ezam olunmuş işçi ezamiyyə müddətində əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, ona səhhətinə görə həvalə olunmuş xidməti tapşırığı yerinə yetirmək və yaxud daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün (altı aydan artıq olmamaq şərtilə) ezamiyyə xərclərinin 1 günlük normasına uyğun xərclər ödənilir. Ezam olunmuş işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, həmçinin də səhhətinə görə daimi yaşayış yerinə qayıtmaq imkanı olmaması, səhiyyə xidmətləri tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilməlidir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün ezam olunan işçiyə ümumi əsaslarla əmək qabiliyyətini müvəqqəti itirməsi üzrə müavinət verilir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər ezamiyyətin müddətinə daxil edilmir.
- Bilmək istəyirəm ki, ev telefonları, su, kanalizasiya, zibil, enerji və qazın borc pulları ilə əlaqədar iddia müddəti neçə il və ya neçə aydır. Bu kommunal xidmətlərlə əlaqədar müqavilə bağlanmalıdırmı?
Təyyar QASIMOV, Lənkəran şəhəri.
- Qeyd etdiyiniz kommunal xidmətlərlə əlaqədar bildirirəm ki, kommunal xidmətlərdən ev telefonundan istifadəyə görə bu xidməti həyata keçirən rabitə orqanları ilə hüquqi və fiziki şəxslər arasında qanunvericiliklə nəzərdə tutulan qaydada müqavilə bağlanılır. Tərəflər arasında münasibətlər, o cümlədən rabitə xidməti ilə əlaqədar olan hüquq və vəzifələr bu müqavilədə öz əksini tapmışdır. Göstərilən səbəblərdən bu xidmətlə əlaqədar mübahisələr nadir hallarda yaranır. Digər xidmətlərdə isə bu qaydada müqavilə bağlanmadığından tərəflərin hüquq və vəzifələri ilə bağlı mübahisələr yaranır. Hesab edirəm ki, hər bir xidmət, o cümlədən kommunal xidmətlər tərəflər arasında, yəni bu xidməti həyata keçirən təşkilatla hüquqi və fiziki şəxslər arasında müqavilə bağlanmaqla həyata keçirilməlidir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Bu müqavilədə göstərilən xidmət və təminat, bu xidmətin və ya təminatın qiyməti, ödəmə vaxtı, vaxtında ödənilmədiyinə görə qanunvericiliklə nəzərdə tutulan qaydada cərimələr, birinin digərinə vurduğu ziyan və sair hüquq və vəzifələr öz əksini tapmalıdır. Mülki qanunvericilikdə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş fiziki və ya hüquqi şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası Mülki Məcəllə ilə müəyyənləşdirilir. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
- Mən Gürcüstan vətəndaşıyam. Beş ildir ki, Azərbaycan vətəndaşı ilə ailə qurmuşam. Bir yaşında oğlum var. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirəm. Bunun üçün nə etmək lazımdır?
Sirac QASIMOV, Bakı şəhəri.
- "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun 11-ci maddəsinə əsasən, şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1.Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2.Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4. Bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun 14-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır. Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər: 1. Şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda; 2.Şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda. Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır. Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda, o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Vətəndaşlığa qəbul ilə bağlı tələb olunan sənədlər:
o 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə); o Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi; o şəxsiyyətini təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq olunmuş); o Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış; o Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış; o qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (iş yerindən arayış, pensiya, təqaüd və ya sosial yardım alınması haqqında arayış, aliment alınması haqqında arayış, himayəçiliyində olan şəxslərin gəlirləri haqqında arayış, vərəsəlik şəhadətnaməsi, qanunla qadağan edilməyən fəaliyyətdən əldə edilən gəlirlər haqqında hər hansı digər sənəd); o dövlət rüsumunun ödənilməsi haqqında qəbz (110 manat).
|