advokat
- Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün hansı sənədlər təqdim edilməlidir?
Səmayə SULTANOVA, Şirvan şəhəri.
- " Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən edilmiş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyat haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: o hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş əsaslardan biri; o torpaq sahəsinin planı və ölçüsü; o torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın və onun tərkib hissələrinin texniki pasportu, plan cizgisi; o dövlət rüsumunun ödənilməsi barədə qəbz. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.
- Mənzil hüquq və vəzifələri hansı əsaslarla yaranır?
İradə MUSTAFAYEVA, Bakı şəhəri.
- Mənzil Məcəlləsinin 8-ci maddəsinə əsasən, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçıları belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: o qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; o mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; o mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; o qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; o mənzil-tikinti kooperativində üzvlük; o mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ-hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.
- Ezamiyyə xərcləri hansı vəsaitlər hesabına ödənilir?
İlkin MUSAYEV, Bakı şəhəri.
- Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli, 11/30-108 saylı "İşçilərin ezamiyyə qaydaları"nın on birinci bəndinə əsasən, bu qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyə xərcləri büdcədən maliyyələşdirilən təşkilatlarda xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir. Digər təşkilatlarda təsdiq olunmuş normalar daxilində ezamiyyə xərcləri məhsulun (işin və xidmətlərin) maya dəyərinə daxil edilir və həmin təşkilatlar ezamiyyə xərclərinin normalarını öz sərəncamlarında qalan mənfəət hesabına artıra bilərlər.
- Azərbaycan Respublikası qanunvericiliyi ilə Rumıniya və Sloveniyada 1 günlük ezamiyyə normaları hansı məbləğdə təyin edilmişdir?
Dilqəm OSMANOV, Sumqayıt şəhəri.
- Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı "Ezamiyyə xərclərinin normaları haqqında" qərarına bir nömrəli əlavəyə əsasən, Rumıniyada 175 avro məbləğində, Sloveniyada 145 avro məbləğində 1 günlük ezamiyyə normaları təyin edilmişdir.
- Əlvan metallurgiya sahəsində çalışan: bunkerçi, kran maşinisti, metallurgiya avadanlığının təmiri ilə məşğul olan təmirçi-çilingər və fəhlələrin, yağlayıcı və quraşdırıcıların, nəql edən fəhlənin, elevatorçunun, elektrik avadanlığına xidmət üzrə elektrik montyorunun və ustaların əmək şəraiti fiziki, kimyəvi, bioloji, habelə insanın sağlamlığı üçün zərərli olan istehsalat amillərinə görə qısaldılmış iş həftəsinin müddəti neçə saatdır?
Pərvin MƏDƏTOV, Gəncə şəhəri.
- Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji, habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı" nın 3-cü bölməsinin B yarımbəndinə əsasən, əlvan metallurgiya sahəsində çalışan: bunkerçi, kran maşinisti, metallurgiya avadanlığının təmiri ilə məşğul olan təmirçi-çilingər və fəhlələrin, yağlayıcı və quraşdırıcıların, nəql edən fəhlənin, elevatorçunun, elektrik avadanlığına xidmət üzrə elektrik montyorunun və ustaların əmək şəraiti fiziki, kimyəvi, bioloji, habelə insanın sağlamlığı üçün zərərli olan istehsalat amillərinə görə qısaldılmış iş həftəsinin müddəti 36 saatdır.
- Əmək müqaviləsinin müddəti barədə məlumat verməyinizi xahiş edirəm.
Rəşad İSAYEV, Bakı şəhəri.
- Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən: 1. Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
- Azərbaycan Respublikasında hansı təhsil formaları tətbiq olunur?
Gülsüm AĞAYEVA, Şəki şəhəri.
- "Təhsil haqqında" qanunun 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında aşağıdakı təhsil formaları tətbiq olunur: o formal; o qeyri-formal; o informal. Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
- Ölümün qeydə alınması üçün dövlət rüsumu ödənilirmi?
Kamal HƏSƏNOV, Bərdə rayonu.
-"Dövlət rüsumu haqqında" qanunun 13 -cü maddəsinə əsasən, doğumun, ölümün, övladlığa götürülmənin və atalığın (analığın) müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.
|