advokat

- Peşələr (vəzifələr) əvəz edildikdə əməyin ödənilməsi barədə məlumat verməyinizi xahiş edirəm.

Nərminə SEYİDZADƏ,
Naxçıvan şəhəri.

- Əmək Məcəlləsinin 161-ci maddəsinə əsasən, "əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əməkhaqqına əlavə müəyyən edilib ödənilməlidir. Peşələr (vəzifələr) üzrə əmək funksiyasının icra edilməsinə görə əməkhaqqına əlavənin miqdarı kollektiv müqavilə və ya tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində nəzərdə tutulan qaydada müəyyən edilir". Əmək Məcəlləsinin bu maddəsində göstərilən ödəniş əmək müqaviləsində nəzərdə tutulmayan və müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən ona həvalə edilmiş əlavə işlərin yerinə yetirilməsinə görə ona ödənilən əməkhaqqıdır. İşçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda bu əlavə iş və xidmətlərin həcmi, müddəti və əlavə ödəniş barədə müvafiq əmr tərtib olunmalı, əmək müqaviləsinə əlavə edilməli və ya yeni əmək müqaviləsi bağlanmalıdır. Əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunması işəgötürənin və işçinin qarşılıqlı razılığı əsasında həyata keçirilməlidir. Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə, əməkhaqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

- Mən Naxçıvan Muxtar Respublikası Radio və Televiziya Komitəsinin əməkdaşıyam. Aylıq vəzifə maaşım azdır, qonorar hesabına əməkhaqqımız tənzimlənir. 2009-cu ilin dekabr ayından hamiləliyə və doğuşa görə sosial məzuniyyətə çıxmışam. Sosial məzuniyyətə çıxarkən və xəstəlik vərəqəsi üzrə müavinətım hesablanarkən az məbləğdə olan vəzifə maaşıma görə hesablanmışdır. Bu nə dərəcədə doğrudur?
Nərminə SEYİDZADƏ,
Naxçıvan şəhəri.

- Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. "Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və nəzərə alınmayan ödənişlər haqqında" Nazirlər Kabinetinin 25 avqust tarixli 137№-li qərarı ilə təsdiq edilmiş Siyahısına əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan ödənişlər aşağıdakılardır:
o faktiki işlənmiş vaxt üzrə tarif maaşı;
o müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilmə sistemləri ilə nəzərdə tutulmuş mükafatlar;
o kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində işə görə, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəzedilməsi, elmi dərəcəyə, fəxri ada görə və s.);
o uşağin yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi;
o səhra, susuz və yüksək dağlıq yerlərdə əmsallar üzrə ödənişlər;
o iş vaxtından artıq iş saatlarının ödənilməsi;
o istirahət, bayram və ümumxalq hüzn günlərində işə görə ödənilmə;
o işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanma, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti hava şəraitində fasiləyə və işin dayandırılmasına görə ödəmələr;
o müvəqqəti əvəzetməyə görə ödəmə. Qanunvericilikdə işçilərin iş yerlərinin və orta əməkhaqqının saxlanıldığı əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanıldığı hallarda;
o məcburi işburaxma dövrünün ödənilməsi;
o əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əməkhaqqı;
o əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət;
o qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik və quruluş haqqı.
Nazirlər Kabinetinin bu Qərarının axırıncı abzasına əsasən, qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik və quruluş haqqı məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan ödənişdir.

- Sığorta müqaviləsi üzrə ödənişin nə vaxt ödənilməsi barədə məlumat verməyinizi xahiş edirəm.

G. RZAYEV,
Şirvan şəhəri.

- "Sığorta haqqında" qanunun 31-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Sığorta aktını sığortaçı və ya onun vəkil etdiyi şəxs (ekspert) tərtib edir. Sığortaçı sığorta hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq hüququna malikdir. Müəssisələr, idarələr, təşkilatlar və hüquq-mühafizə orqanları sığorta hadisəsi ilə əlaqədar sığortaçının sorğusuna əsasən tələb olunan məlumatı verməlidirlər. Sığorta ödənişlərdən rüsumlar tutulmur. Bu qanunun 31-ci maddəsinə əsasən, siğortaçının sığorta ödənişi verməkdən imtina etməsi üçün əsaslar aşağıdakılardır:
o sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi;
o müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmamışdırsa, normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada sayılan hərbi əməliyyatları və ya əlaqədar olan hərbi xarakterli tədbirlər;
o sığortalının sığortalanmış əmlaka dəymiş zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda həmin tədbirləri qəsdən görməməsi;
o sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığorta tərəfindən maneçilik törədilməsi;
o sığorta obyekti və hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi;
o sığortalının əmlak sığortası üzrə zərərin əvəzini zərər dəyməsində təqsirli olan şəxsdən alması;
o sığorta hadisəsinin olmaması.
Sığorta məbləği əmlakın sığorta dəyərindən az olduqda, müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, sığorta ödənişi sığorta məbləğinin əmlakın sığorta dəyərinə mütənasib surətdə azaldılır. Sığorta müqaviləsinin şərtlərində sığorta ödənişinin verilməsindən imtina üçün qanunvericiliyə zidd olmayan başqa əsaslar da göstərilə bilər. Sığorta ödənişinin verilməsindən imtina edilməsi barəsində qərar sığortalıya yazılı şəkildə verilir və burada imtinanın səbəbləri əsaslandırılır. Sığortalı sığortaçının sığorta ödənişini verməkdən imtina etməsi barədə məhkəməyə şikayət edə bilər.



«advokat»   -
«Ülfət Qazeti»   -