advokat

- Nikaha xitam verilməsinin qayda və şərtləri haqqında məlumat almaq istəyirəm.
Pərvanə İSAYEVA,
Quba rayonu.

- Ailə Məcəlləsinə əsasən, ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.
Nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də tərəflərdən biri məhkəmədə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə tərəflər arasında uşaqlar barədə yaranan mübahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikah müvafiq icra hakimiyyəti orqanında onların birgə ərizəsinə əsasən bərpa oluna bilər. Tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz.

- Mənzil hüquqlarının müdafiəsi hansı üsullarla həyata keçirilir?

Orucəli HƏSƏNOV,
Bakı şəhəri.

- Mənzil Məcəlləsinin 9-cu maddəsinə əsasən, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir:
o mənzil hüququnun tanınması;
o mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması;
o məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ-hüquqi aktlarla ziddiyyət təşkil edən normativ-hüquqi aktların qüvvəsinin tam və qismən dayandırılması;
o məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ-hüquqi aktlarla ziddiyyət təşkil edən normativ-hüquqi aktların tətbiq edilməməsi;
o mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi;
bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulan başqa üsullarla.

- Əmək müqaviləsi hansı hallarda müəyyən müddətə bağlanıla bilər?

Hidayət OSMANOV,
Bakı şəhəri.

- Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda, təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümi işlərin yerinə yetirilməsi zamanı, işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda, müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, ordinatorluq, internatura, bakalavrlıq dövrləri) hallarda, işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən, Əmək Məcəlləsinin 6-cı maddəsinin "c" bəndində göstərilən orqanlar istisna olmaqla, seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə, Əmək Məcəlləsinin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda, qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

- Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydaları barədə məlumat verərdiniz.

Oruc TELMANOV,
Lerik rayonu.

- Meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri- meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən on ilədək verilə bilər. Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsulu) icarəçinin mülkiyyətidir. Meşə fondu torpaqlarının subicarəsi qadağandır. Meşə fondu torpaqlarının icarəyə verilməsi Torpaq Məcəlləsi və və bu sahəni tənzimləyən digər normativ-hüquqi aktlarla tənzimlənir.



«advokat»   -
«Ülfət Qazeti»   -