advokat
- Əmək müqaviləsi bağlanılarkən işçi tərəfindən hansı sənədlər təqdim edilməlidir? Səbinə HƏSƏNOVA, Sumqayıt şəhəri.
- Əmək müqaviləsi bağlanılarkən işçi tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir: 1. Əmək müqaviləsi bağlanılarkən işçi əmək kitabçasını, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. 2. Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz. 3. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər. 4. Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir. 5. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6. Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.
- Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya hansı hallarda yol verilir? Mübariz RƏSULOV, Gədəbəy rayonu.
- Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, yaşayiş sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilmədikdə; müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; Mənzil Məcəlləsinin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə (yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür). Uçota alınmaqdan imtina haqqında qərar Mənzil Məcəlləsinə istinad edilməklə əsaslandırılmalıdır. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.
- Uşağın anadan olmasına görə sosial müavinətin məbləği nə qədərdir?
Səadət İSMAYILOVA, Bakı şəhəri.
- Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasında uşaqlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə "Sosial müavinətlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 avqust tarixli, 820 nömrəli Fərmanının 1.2.2-ci bəndində dəyişiklik edilmiş, "50" rəqəmi "75" rəqəmi ilə əvəz edilmişdir. Bu Fərmanla uşağın anadan olmasına görə sosial müavinətin məbləği 50 faiz artırılaraq 75 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli Fərmanı 2010-cu il yanvarın 1-dən qüvvəyə minmişdir.
- İşçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığorta olunmalıdırlarmı? Kərəm MUSAYEV, Şirvan şəhəri.
- Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən, işəgötürən qanunvericilikdə müəyyən edilmiş qaydada və şərtlə işçiləri icbari sosial sığorta etməlidir. Həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari sığorta edilməlidirlər. Bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta edilməli olan işçilərin siyahısı, sığorta haqqının məbləği kollektiv müqavilələrdə, əmək müqavilələrində sığorta təşkilatları ilə bağlanmış müqavilələr əsasında müəyyən edilir.
- İşçi özünün razılığı olmadan əmək müqaviləsində nəzərdə tutulmayan başqa vəzifəyə və ya peşəyə keçirilə bilərmi? Arzuman RÜSTƏMOV, Ağdaş rayonu.
- İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Əməkhaqqı əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.
- Mənzil hüquqlarının müdafiəsi hansı üsullarla həyata keçirilir?
Orucəli HƏSƏNOV, Bakı şəhəri.
- Mənzil Məcəlləsinin 9-cu maddəsinə əsasən, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: o mənzil hüququnun tanınması; o mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması; o məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ-hüquqi aktlarla ziddiyyət təşkil edən normativ-hüquqi aktların qüvvəsinin tam və qismən dayandırılması; o məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ-hüquqi aktlarla ziddiyyət təşkil edən normativ-hüquqi aktların tətbiq edilməməsi; o mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi; o bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulan başqa üsullarla.
- Notariat qaydasında təsdiq edilmiş sənədin dublikatı hansı hallarda verilə bilər?
Ağahüseyn MƏLİKOV, Şəki rayonu.
- Notariusun və müvafiq icra hakimiyyəti orqanının verdiyi və ya təsdiq etdiyi sənəd itirildikdə, "Notariat haqqında" qanunun 35-ci maddəsinin birinci hissəsində sadalanan şəxslərin yazılı ərizəsinə əsasən, itmiş sənədin dublikatı verilir. İtirilmiş sənədin dublikatını dövlət notariat arxivi verir. Notarius və müvafiq icra hakimiyyəti orqanının verdiyi və ya təsdiq etdiyi sənədlərin nüsxələri dövlət notariat arxivinə təhvil verilənədək itmiş sənədin dublikatını müvafiq olaraq həmin sənədlərin saxlanıldığı yer üzrə notarius və müvafiq icra hakimiyyəti orqanı verir.
- Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi nəticəsində nəzərdə tutulan inzibati məsuliyyət barədə məlumat verməyinizi xahiş edirəm. Qulam MİRZƏYEV, Masallı rayonu.
- İnzibati Xətalar Məcəlləsinin 152-3-cü maddəsinə əsasən: 152-3.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə - fiziki şəxslər qırx manatdan altmış manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir. 152-3.2. Bu Məcəllənin 152-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər səksən manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir. 152-3.3. Bu Məcəllənin 152-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkən şəxsə maddi zərər vurulmasına görə - fiziki şəxslər yüz qırx manatdan yüz səksən manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.
|