Daha bir təhlükəli xəstəlik yayılır

Şair Qurbanov: "Çində yayılan taun xəstəliyinin Azərbaycana yayılma ehtimalı o qədər də böyük deyil"

Azərbaycanda taun xəstəliyi sonuncu dəfə Naxçıvanda rus əsgərlərindən birində aşkarlanıb

Dünya A/H1/N1 qripi (donuz qripi) virusu həyacanı yaşadığı vaxtda Çində daha bir təhlükəli xəstəlik - taun yayılıb. Artıq xəstəlikdən bir neçə nəfərin dünyasını dəyişdiyi bildirilir. Son vaxtlar Çindən Azərbaycana gələnlərin artmasını nəzərə alsaq, bu xəstəliyin Azərbaycanda yayılma ehtimalı daha böyükdür. Bununla bağlı suallarımıza Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

- Şair müəllim, Çində yayılan taun xəstəliyi bir neçə nəfərin həyatına son qoyub. Bu xəstəliyin Azərbaycana keçmə ehtimalı nə qədərdir?
- Taun xəstəliyi insanlar vasitəsilə və ya gəmiricilərlə yayıla bilir. Çində yayılan taun xəstəliynin isə Azərbaycana yayılma ehtimalı o qədər də böyük deyil. Çində həmin xəstəliyin yayıldığı ərazi ilə Azərbaycanın o qədər də intensiv əlaqələri yoxdur. Amma Azərbaycanın sərhəd-keçid məntəqələrində Respublika Sanitariya-Karantin Müfəttişliyinin əməkdaşları tərəfindən ölkə ərazisinə gələn bütün şəxslər yoxlanılır. Həmçinin həmin şəxslər arasında sorğu aparılır. Onlardan kimdə hərarət, ishal hallarının olub-olmadığı soruşulur. Həmin ərazilərdən gələn şəxslər sağlam olsalar da, onlar müvafiq poliklinikalar tərəfindən 6-8 gün nəzarətdə saxlanılırlar.
- Taun xəstəliyinin əsas əlamətləri hansılardır?
- Bu xəstəliyə yoluxan şəxslərdə əsasən yüksək hərarət olur. Hərarət bir çox hallarda 39-40 dərəcəyə çatır. Eyni zamanda ishal halları, xəstəliyin müəyyən dövrlərində bədəndə şişmələr olur.
- Azərbaycanda həmin xəstəliyin təbii ocaqları hansı bölgələr sayılır?
- Taun xəstəliyinin təbii yaranma ocaqları olur. Hazırda Çin, Vyetnam, Madaqaskar, ABŞ-da belə xəstəlik tez-tez aşkarlanır. Abşeron yarımadasından başlayaraq düzənlik və dağətəyi zonalarda belə ocaqlar mövcuddur. Həmin ərazilərdə gəmiricilər arasında taunun yayılmasına sonuncu dəfə 1985-88 ci illərdə rast gəlinib. 2001-ci ildə Azərbaycanda gəmiricilər arasında taun mikrobu tapılıb. Bu xəstəlik əsasən gəmiricilər arasında yayılır. Amma dəvələr arasında da bu virus yayıla bilər. Əksər vaxtlarda bu xəstəliyə yoluxan birələr insanları dişləməklə xəstəliyi onlara ötürürlər.
- Azərbaycanda bu xəstəlik nə zama n aşkarlanıb?
- Azərbaycanda da bir vaxtlar taun xəstəliyi olub. Sonuncu dəfə 1957-ci ildə Naxçıvanda rus əsgərlərindən birində bu virus tapılıb. Bundan öncə - 1932-34-cü illərdə isə taundan xeyli insan dünyasını dəyişib. Hazırda respublikamızda bu xəstəliyin təbii ocaqlarında nəzarət tədbirləri həyata keçirilir. Həmin ərazilərdə mütəxəssislər tərəfindən vizual nəzarət aparılır. Lazım gəldikdə isə laborator müayinələr həyata keçirilir. Yəni həmin ərazilərdə gəmiricilərin say artımına nəzarət edilir. Gəmiricilərin sayı müəyyən həddən artıq olanda artıq qorxuludur. Gəmiricilərin artımı həmin ərazilərdə yaşayan və işləyənlər üçün də təhlükəlidir.
- Taun xəstəliyi Azərbaycana keçərsə, bunun qarşısını almaq imkanları mövcuddurmu?
- Azərbaycanda xəstəlik aşkarlansa belə, onunla mübarizə üçün bütün imkanlar var. Çünki bu sahədə ixtisaslaşan və müasir avadanlıqlarla təchiz olunan laboratoriyalarımız fəaliyyət göstərir. Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında savadlı mütəxəssislər çalışır. Həmçinin ölkədə kifayət qədər vaksin preparatları toplanılıb. Buna görə də vətəndaşlar arasında heç bir narahatçılığa əsas yoxdur.



«Daha bir təhlükəli xəstəlik yayılır»   -
«Ülfət Qazeti»   -