Bəşəriyyətin bəlası
Onun qarşısını necə almaq olar?
Milyonlarla dünya əhalisi bu infeksion xəstəlikdən əziyyət çəkir. Azərbaycan HİV-in yayıldığı ölkələr sırasındadır. Lakin beynəlxalq ekspertlərin rəylərinə əsasən, Azərbaycan HİV infeksiyasına yoluxma ehtimalı böyük olan şəxslərin xüsusi risk qruplarında yer tutduqları ölkələr sırasına aid edilir. Ümumi əhali arasında isə HİV-in yayılması aşağı səviyyədədir. Zaqafqaziya ölkələri ilə müqayisədə Azərbaycanda HİV-ə yoluxanların sayı azdır. UNAİDS-in (BMT-nin HİV/QİÇS üzrə Birləşmiş Proqramı 2006-cı ildə apardığı monitorinqdən sonra hazırlanan hesabata əsasən, MDB ölkələri arasında hər 100 min nəfərə düşən HİV-ə yoluxan şəxslərin sayına görə də Azərbaycan sonuncu yerdədir.
Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzindən bildirilir ki, 1997-ci ildə ölkəmizdə 13 nəfər QİÇS virusuna yoluxmuşdusa, hazırda 680 nəfər bu xəstəliyə mübtəla olub. Həmin xəstəliyə tutulanların 80 faizi kişi, 20 faizi qadındır. Bu xəstəliyin ölkədə yayılmasının başlıca səbəbi qanköçürmə zamanı və narkotik istifadəsi nəticəsində baş verir. Hökumət səviyyəsində bəşəriyyətin bəlasına çevrilmiş bu xəstəliyə qarşı ciddi mübarizə aparılır. Hazırda 2010-2013-cü illəri əhatə edəcək yeni tədbirlər planı üzərində işlər gedir. Burada ən mühüm məsələ xəstəliyin dəqiq diaqnostikasını təmin edəcək laborator şəbəkənin yaradılmasıdır. Bu xəstəlik erkən aşkarlanmalıdır ki, müvafiq tədbirlərlə onun yayılmasının qarşısı alınsın. Yeni proqramda biz bu işlərin əhatə dairəsini genişləndirməyi təklif etmişik. Bu gün 11 regional laboratoriya var. Onların sayı artmalı, maddi-texniki bazaları gücləndirilməlidir. Digər tərəfdən, proqramda laboratoriyaların test sistemlərlə təchizatı, orada çalışan kadrların bilik və bacarıqlarının artırılması nəzərdə tutulur. Bununla belə, 2009-cu ilin I yarımilliyində Azərbaycanda 220 nəfərin HİV-ə yoluxması faktı aşkar olunub və onlar qeydiyyata alınıb. Çünki HİV sətin və özünəməxsus inkişaf xüsusiyyətləri olan infeksiyadır. Bu gün onun radikal müalicə üsulu mövcud deyil. İnfeksiyanın yayılmasının qarşısını alan vaksinlər və digər dərman preparatları yoxdur. Ona görə bu infeksiyanın yayılmasının qarşısını alacaq tədbirlərin həyata keçirilməsi zəruridir. Bu istiqamətdə aparılan tədbirlərin əsas məqsədi ondan ibarətdir ki, insanlar bu infeksiya və ona yoluxma yolları haqqında daha çox informasiya əldə etsinlər. Həmkarlar ittifaqlarının iş yerlərində HİV/QİÇS-lə mübarizədə normativ-hüquqi bazası aşağıdakılardan ibarət ola bilər: 1. Azərbaycan HİV-AİDS-lə mübarizəyə dair Dövlət Proqramı (2002-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq olunub). 2. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı (Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli, 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir). Dövlət Proqramına 1 nömrəli Əlavə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2008-2010-cü illər) 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2008-2009-cu illər üçün Baş Kollektiv Saziş (bölmə 5. "Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik", bənd 5.5. - "aşağıda göstərilən normativ sənədlərin hazırlanmasını və tətbiq edilməsini təmin etmək: bəndaltı 5.5.3.-"HİV /QİÇS-lə bağlı sosial partnyorların fəaliyyətini tənzimləyən mexanizm və qaydaları"). 4. "HİV/AİDS və iş dünyası" kitabçası. BƏT-in bəstəyi ilə çap edilib. Burada BƏT-in HİV/AİDS-lə bağlı məlumatlarından, müvafiq konvensiyalarından, "HİV/AİDS və əmək sferası" üzrə Praktiki Qaydalar Toplusundan, "İş yerlərində HİV/QİÇS-lə bağlı maarifləndirmə proqramı"ndan və digər beynəlxalq təşkilatların nəşrlərindən, milli qanunvericilik sənədlərindən, Respublika AİDS-lə Mübarizə Mərkəzinin, eləcə də digər təşkilatların internet məlumatlarından və ekspertlərin HİV/AİDS-ə dair yazılarından istifadə edilmişdir. Bu və d. sənədlər əsasında həmkarlar ittifaqı komitələri əmək sahəsində aşağıdakı istiqamətlər üzrə HİV/QİÇS-lə mübarizə tədbirlərinin formalaşmasında fəal iştirak edə bilərlər: - HİV-in praktikası üzrə işçilərin maarifləndirilməsi, məlumatlandırılması (stendlər, mühazirələr, bukletlər, anti - HİV otaqları və s.) Bu işdə səhiyyə müəssisələri, Azad İstehlakçılar Birliyi, hüquqşünaslar, sosial işçilərlə və d. qarşılıqlı əlaqənin yaradılması; - təşkilatlarda HİV - infeksiyasının profilaktikası üzrə əməyin mühafizəsi müfəttişlərinin və müvafiq komissiya üzvlərinin biliklərinin təkmilləşdirilməsi (treninqlər, seminarlar); - müəssisə rəhbərlərinin, sahə həmkarlar ittifaqı komitələrinin, kadrlar, əməyin, sağlamlığın mühafizəsi və sosial təminat şöbələrinin iştirakı ilə HİV-QİÇS üzrə komissiyaların yaradılması; - narkomaniya, alkoqolizm, HİV infeksiya, hepotit B və C-nin profilaktikası üzrə tədbirlərin hazırlanması; - HİV-in profilaktikası barədə məsələlərin kollektiv müqaviləyə və Baş Kollektis Sazişə daxil edilməsi; - HİV-ə yoluxmuş işçilərə münasibətdə ayrı-seçkiliyə yol verilməməsi; - işçilərin mütəmadi olaraq insan qanı ilə və orqanizmin digər bioloji mayeləri ilə təmasda olduqları zaman onların sağlamlıqları üçün əlverişli və təhlükəsiz əmək şəraitinin təmin edilməsinə, fərdi təhlükəsizlik vasitələrinin istifadəsinə, ilk yardımın göstərilməsi üçün avadanlıqla təchiz edilmələrinə ictimai nəzarətin (əməyin mühafizəsi komissiyası və eləcə də müvəkkilləri vasitəsilə) gücləndirilməsi; - QİCS-lə bağlı xəstəliklərə mübtəla olan işçilər üçün yardım və onların iş şəraitinin dəyişdirilməsi (xüsusi iş qrafiki, işlə təmin edilmə və s.) istiqamətində qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi zəruriyyəti ilə bağlı təkliflərin hazırlanması.
Afaq YUSİFOVA, AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin mütəxəssisi.
|