Bələdiyyələr elektron xəritələrinin olmasını istəyirlər
Bələdiyyələr elektron xəritələrinin olmamasından narahatdırlar. Xəritədə bələdiyyələrin sərhədləri, qonşuları, bölgə nöqtələri göstərilməlidir. Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Şəmistan Yusifovun sözlərinə görə, bələdiyyələrin özlərinin həmin elektron xəritələri hazırlamaq üçün texniki vəsaitləri yoxdur: "Ona görə yaxşı olardı ki, bu elektron xəritələr müvafiq dövlət orqanları ilə birgə hazırlansın".
Qəsəbə Bələdiyyələri Assosiasiyasının sədri İlham Xəlilov hesab edir ki, xəritələr hazırlanarkən bələdiyyələrlə bağlı son dəyişikliklər mütləq nəzərə alınmalıdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı Ədalət Salmanovun sözlərinə görə, hazırda ölkədəki inzibati ərazi vahidlərinin xəritələri hazırlanır. Bu xəritələrin hazırlanması qaydaları Nazirlər Kabinetində baxıldıqdan sonra təsdiqlənmək üçün Prezident Administrasiyasına göndərilib. Komitə təmsilçisi dedi ki, bu xəritələrin hazırlanması kifayət qədər mürəkkəb işdir. Ona görə də "Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında" Əsasnamədəki tələblər bir qədər sadələşdirilməlidir. Yeri gəlmişkən, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədovun fikrincə, layihədə, ümumiyyətlə, xeyli mürəkkəb mexanizmlər nəzərdə tutulur ki, onları mütləq sadələşdirmək lazımdır. "Sənəddə hüquqi şəxslərin adları həddindən artıq çoxdur", - deyən nazirlik rəsmisi eyni zamanda bildirdi ki, bələdiyyələrin birləşməsi prosesindən sonra Azərbaycanda hazırda yerli özünüidarəetmə orqanlarının sayı 1718-ə enib. "Qeyd edim ki, bundan sonra da bələdiyyələrin sayının artma ehtimalı azdır, nəinki azalma", - deyə F.Məmmədov qeyd etdi. Onu da qeyd edək ki, əsasnamənin layihəsi hazırdır. Milli Məclis Aparatının bələdiyyələrlə iş sektorunun müdiri İdrak Qarayevin dediyinə görə, bu sənəd Azərbaycanda bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi qaydasını müəyyən edir. Sənədə əsasən, Azərbaycanda mövcud bütün bələdiyyələr dövlət reyestrinə daxil edilir və onlara şəhadətnamə verilir. Sektor müdiri həmçinin qeyd etdi ki, bələdiyyələrin dövlət reyestri Azərbaycanın bələdiyyələrinə dair sənədləşdirilmiş məlumatları əks etdirən dövlət informasiya ehtiyatı mənbəyidir. Əsasnamə layihəsində göstərilir ki, yeni yaradılmış, ayrılmış və birləşmiş bələdiyyələrin dövlət reyestrinə daxil edilməsi və onlara şəhadətnamə verilməsi qanunvericiliyə uyğun olaraq həmin bələdiyyələrə keçirilmiş seçkilərin nəticələri rəsmi təsdiq edildikdən sonra həyata keçirilir. Eyni zamanda Azərbaycanda bələdiyyələrin dövlət reyestrinə daxil edilməsi və onlara şəhadətnamə verilməsi Milli Məclis Aparatının müvafiq struktur bölməsi tərəfindən aparılacaq. Bununla yanaşı, əsasnamə layihəsində qeyd olunur ki, dövlət reyestri vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır. Həmçinin dövlət reyestri bələdiyyələrə dair məlumatlardan və sənədlər formasından ibarətdir.
Gülər KƏRİMLİ.
|