“Xəbərin rəngi" kitabının təqdimatı
Ötən gün M.F. Axundov adına Milli Kitabxanada publisist Rəhilə Gülgünün "Xəbərin rəngi" kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov görkəmli mətbuat və dövlət xadimi, nüfuzlu pedaqoq Nəsir İmanquliyevə həsr olunan bu kitabın əhəmiyyətindən danışıb.
Tədbirin aparıcısı, Yazıçılar Birliyinin katibi Rəşad Məcid vaxtilə müəllimi olmuş Nəsir İmanquliyevi ustad jurnalist kimi dəyərləndirib. O, N.İmanquliyevin baş redaktoru olduğu "Bakı" və "Baku" qəzetlərinin mətbuat tariximizdəki önəmli rolundan söz açıb. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev "Xəbərin rəngi" kitabının Nazirliyin təşəbbüsü ilə, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin həyat və fəaliyyətindən, istedadlı insanların yaratdığı dəyərli irsdən bəhs edən "Silinməz izlər" seriyasından ikinci nəşr olduğunu vurğulayıb: "Bu gün təqdimatına yığışdığımız kitabda görkəmli jurnalist, dövlət xadimi, pedaqoq Nəsir İmanquliyevin həyatından, şəxsiyyətindən, çağdaş mətbuatımıza örnək olan fəaliyyət meyarlarından bəhs edilir". BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə N.İmanquliyevin pedaqoji ustalığından, əsl müəllimə xas keyfiyyətlərindən danışıb. AHİK sədrinin müavini, "Ülfət" qəzetinin baş redaktoru, "Bakı" qəzetinin keçmiş əməkdaşı Aqil Dadaşov isə N.İmanquliyevin rəhbərlik keyfiyyətləri, birgə iş zamanı ondan gördükləri diqqət və qayğı haqqında fikirlərini bölüşüb. Publisist Zemfira Məhərrəmli çıxışında N. İmanquliyevin mənalı ömür yoluna nəzər salıb, onun haqqında yazılan kitabın məziyyətlərilə bağlı mülahizələrini söyləyib. Xalq şairi Zəlimxan Yaqub N.İmanquliyevi "əsl mənəviyyat adamı" adlandırıb: "Nəsir müəllim özünün cazibə mərkəzi olan insanlardandı. Xalqımızın gözəl bir sözü var: Köhnə kişi! Bu ikicə kəlmədə əsl Azərbaycan kişisinin bütün üstün keyfiyyətləri toplanıb. Nəsir İmanquliyev də məhz həmin o köhnə kişilərdən idi". Millət vəkili Sabir Rüstəmxanlı Rəhilə Gülgünün indiyədək bir sıra kitablar yazdığını, N.İmanquliyev haqqında qələmə aldığı kitabın isə xüsusi diqqət və ustalıqla yazıldığını önə çəkib: "Rəhilə Gülgün Nəsir İmanquliyev haqqında kitab yazmağa mənəvi səlahiyyəti, haqqı çatan publisistdir. Rəhilə xanım Nəsir müəllimin şəxsiyyətinə dərindən bələd olan bir qələm sahibi kimi kitabında onun fəaliyyətini ustalıqla işıqlandırıb". Sonda çıxış edən müəllif tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.
|