Azərbaycanda kəskin iqlim dəyişiklikləri baş verə bilər
Sahib Məmmədov: “Rayonlardakı dağıdıcı təbiət hadisələri göstərir ki, respublikamız da qlobal iqlim dəyişikliklərindən sığortalanmayıb”
Ümumdünya Metrologiya Təşkilatının proqnozları özünü doğrultmağa başlayır. Təşkilatın mütəxəssislərinin bəşəriyyət üçün yeni təhlükənin - dünyada qlobal soyuqlaşmanın yaranması barədə təxminləri gerçəyə çevrilməkdədir. 10 gündən artıqdır ki, Avropa, Amerika və Asiyanın əksər dövlətləri kəskin soyuq hava siklonlarının vurduğu fəsadları yaşayır. Qərbi Avropada və Şimali Amerikada həyatı iflic vəziyyətə salan qlobal soyuqlaşmanın ilkin təzahürləri özünü göstərməkdədir. Həmin bölgələrdə indiyədək dünyada müşahidə olunmayan mənfi temperaturlar qeydə alınmaqdadır. Mütəxəssislər Uzaq Atlantikadan başlayaraq Skandinaviyaya qədər və Aralıq-Qara dəniz-Balkan regionunadək bütün dövlətlərdə aramsız yağışların, güclü küləklərin və qarla müşayiət olunan şaxtalı havaların hökm sürməsinı iqlim dəyişikliklərinin nəticəsi kimi səciyyələndirirlər. Ümumdünya Metrologiya Təşkilatının iqlim məsələləri üzrə tədqiqatçısı professor Mocib Latif bildirib ki, qlobal soyuqlaşmanın ilkin təzahürləri artıq özünü göstərməyə başlayıb. Daşqınlar, sel fəlakətləri, günlərlə davam edən aramsız yağışlar, qara oxşar buz dənəciklərinin yağması və sairə bu qlobal bəlanın ilkin siqnallarıdır. Cənab Lotif hesab edir ki, müasir dünyada qlobal iqlim dəyişiklikləri hərbi münaqişələr və qarşıdurmalar, epidemiya, pandemiya kimi problemlərdən də qorxuludur. Onun fikrincə, intensiv iqlim dəyişiklikləri bəşəriyyət üçün terrorizmdən də dağıdıcı ola bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin əməkdaşı Sahib Məmmədovun fikrincə, son dövrlər atmosferdə iqlim dəyişmələri və anomal hava temperaturları daha da çoxalır. Dünya dövlətləri qlobal metroloji proseslərin izlənməsi üçün müxtəlif tədbirlər görmək istəsə də lazımi effekt vermir. İndiyədək BMT və digər beynəlxalq qurumların təşkilatçılığı ilə sammitlər keçiridiyini deyən S.Məmmədov iqlim dəyişikliyi ilə mübarizə yollarına dair yeni qlobal razılaşmanın əldə olunmasını vacib hesab etdiyini xatırladıb. Ötən ilin dekabrında BMT-nin Kopenhagendə keçirilən iqlim dəyişikliyi sammitində heç bir sənədin imzalanmamasını təəssüflə qeyd edən mütəxəssis ətraf mühit məsələlərində hər bir dövlətin üzərinə mühüm vəzifələr düşdüyünü söyləyib. Belə ki, iqlim dəyişiklikləri ilə bağlı vəziyyəti tənzimləyən beynəlxalq sənədin - Kioto Protokolunun 2012-ci ildə müddəti başa çatır və buna görə də dünya dövlətləri yeni strategiya hazırlamalıdır. Hazırda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı dərin fərq yeni strategiyanın hazırlanmasına mane olur. Qlobal iqlim dəyişikliklərinin respublikamızda da təsirlərinin gözlənildiyini vurğulayan mütəxəssis son dövrlərdə ciddi fəlakətlərin - dağıdıcı külək, sel və daşqınların baş verməsini bunun əlaməti hesab edir. 2009-cu ilin iyul-avqust aylarında Nəvahi, Pirsaat, Hacıqabul, Şirvan, Bərdə, Qusar və digər rayonlarda sel və daşqınların, təbii fəlakətlərin qeydə alınması, bir neçə gün öncə isə Masallı, Lənkəran, Lerik, Astara, Daşkəsən və bir neçə rayonda dağıdıcı təbiət hadisələrinin baş verməsi respublikamızın da qlobal iqlim dəyişikliklərindən sığortalanmadığını göstərir. Mütəxəssis ölkəmizdə yanvar və fevral aylarında soyuq hava kütlələrinin müşahidə olunmasını istisna etmir. ELTAC.
|