Dövlət təşkilatları daha dərindən yoxlanılacaq
Auditin miqyası genişləndiriləcək və neqativ hallar aşkar olunarsa, prokurorluq orqanlarına müraciət ediləcək
Hesablama Palatası (HP) 2010-cu ildə dövlət təşkilatlarında və bir sıra şirkətlərdə maliyyə vəsaitlərinin xərclənməsinə nəzarəti daha da gücləndirəcək. Palata böhranla bağlı büdcə vəsaitlərinin bir sıra sahələr üzrə azaldılmasına baxmayaraq həmin pulların təyinatı üzrə xərclənməsini də diqqətdə saxlayacaq. HP-nin sədri Heydər Əsədov bildirib ki, bu il məktəb, xəstəxana tikintisi, yol çəkilişi, körpü və yol ötürücüsü, keçidlərin inşası, elektrik stansiyalarının yenidən qurulması, digər təmir-bərpa işləri ilə bağlı müxtəlif nazirlik və komitələrə ayrılmış pulların hər qəpiyinə kimi necə xərclənməsi araşdırılacaq.
H.Əsədov deyib ki, Qurum dövlət vəsaitlərindən səmərəli istifadə olunmasına və onun nəticəliliyinin artırılmasına təsir edən ən vacib amillərdən biri kimi müvafiq dövlət strukturlarında maliyyə sisteminin gücləndirilməsinə və onun təsir dairəsinin daha da genişləndirilməsinə nail olmaq niyyətindədir. Qurumun rəhbəri ötən ildən etibarən Hesablama Palatasına əlavə səlahiyyətlərin verildiyini və palatanın özünün yerli strukturlarını yaratmaqla dövlətə dəyən zərərin ödənilməsi ilə bağlı konkret addımlar atmaq istəyini də bəyan edib: “Biz öz səlahiyyətlərimizdən istifadə edərək dövlət vəsaitlərini mənimsəyən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq orqanlara təqdimatlar göndərəcəyik. Təqdimatlar icra edilmədiyi təqdirdə isə həmin qurumların xəzinə və bank hesablarına müdaxilə edərək xərclərinin və ümumilikdə əməliyyatların dayandırılması barədə tədbirlər görəcəyik”. Hazırda 2009-cu il üzrə maliyyə vəsaitlərinin auditinin aparıldığını deyən H.Əsədov bəzi layihələrə çəkilən xərclərin şişirdilməsi hallarının aşkara çıxarılacağını da istisna etməyib. Diqqətə çatdırıb ki, auditorlarımızın apardıqları yoxlamalar zamanı keçmiş "Azəriqaz" səhmdar cəmiyyətinin fəaliyyətində müxtəlif xarakterli nöqsanlar aşkar olunub. Vəsaitlərin mənimsənilməsi müxtəlif sahələri əhatə edib. Palatanın əməkdaşları ötən il bəzi təhsil və səhiyyə müəssisələrində də bir sıra qanunsuzluqlara yol verildiyini aşkara çıxarıblar. Biləsuvar, Qazax və Salyanda böyük məbləğdə səhiyyə xərclərinin mənimsənilməsi aktlaşdırılıb. Hər üç rayonda səhiyyə müəssisələrində artıq ştat vahidlərinin saxlanması, əlavə kabinələrin yaradılması, digər neqativ hallar baş verib. Bu rayonlarda inventar və tibbi avadanlıqların alınmasına yönəldilən vəsaitlərin məbləği şişirdilib. Təkcə Salyan Rayon Mərkəzi Xəstəxanasında 127 min manat vəsaitin mənimsənilməsinin qarşısı alınıb. Həmin rayonların təhsil sistemində də yeyeinti halları üzə çıxıb. Belə ki, məktəblərə göndərilməsi nəzərdə tutulan avadanlıqlar yoxa çıxıb, kompyuter, stol, stul və digər avadanlıqlar da məktəblərə gəlib çatmayıb. Bununla bağlı HP Təhsil Nazirliyinə müraciət edib. Hətta qurum TN-nin nəzdindəki Maddi-Texniki Təchizat İdarəsinin fəaliyyətinin yoxlanması təklifini irəli sürüb. Gəncə, Quba, Şəkidə isə sosial müavinətlərin və pensiyaların verilməsində və pensiyaçıların uçotunda saxtakarlıqlar aşkar olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bir sıra fəaliyyət sahələrinə lisenziya verərkən qanunun tələblərinə riayət etməyib. Əsasən də balıq ovu ilə bağlı lisenziya verilərkən qanunsuzluğa yol verilib. Palatanın rəhbəri bəyan edib ki, 2010-cu ildə nəzərdə tutulmuş layihələr üzrə auditin miqyası genişləndiriləcək və həmin layihələrə yönəldilmiş vəsaitlərin xərclənməsində neqativ hallar aşkar olunarsa, bununla bağlı prokurorluq orqanlarına müraciət etmək məcburiyyətində qalacaq. ELTAC.
|