Dövlət Əmək Müfəttişliyinin fəaliyyəti təkmilləşir
Nəbi ŞÜKÜRLÜ, Dövlət Əmək Müfəttişliyinin rəisi
- Dövlət Əmək Müfəttişliyinin əsas fəaliyyəti ona verilmiş səlahiyyətlər çərçivəsində işçilərin işəgötürənlər tərəfindən pozulmuş hüquqlarının məhkəməyədək bərpa edilməsindən, əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqavilələrinə xitam verilmiş işçilərin öz işlərinə qayıtmalarına nail olunmasından, ödənişi gecikdirilmiş əməkhaqqı və digər sosial ödənişlərin ödənilməsinin, istehsalatda zərərçəkmişlər və ya onların hüquqi varislərinin sosial hüquqlarının təmin edilməsindən ibarətdir. 2009-cu ildə Dövlət Əmək Müfəttişliyi tərəfindən mülkiyyət və hüquqi-təşkilati formasından asılı olmayaraq 2438 (959 dövlət və 1479 qeyri-dövlət olmaqla) müəssisə, idarə və təşkilatlarda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilmiş, vətəndaşlardan daxil olmuş 2905 ərizə və şikayət, müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 1061 ədəd müxtəlif xarakterli müraciət və sorğular araşdırılaraq cavablandırılmışdır. Həyata keçirilən dövlət nəzarəti və vətəndaşların müraciətlərinin araşdırılması zamanı 9124 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilmişdir. Həmin hüquq pozuntularının aradan qaldırılması üçün işəgötürənlərə icrası məcburi olan rəsmi göstərişlər verilmiş və icrası nəzarətə götürülmüşdür. Yol verilmiş hüquq pozuntularının təhlili göstərmişdir ki, bütün pozuntuların 22%-ni əmək müqavilələrinin bağlanmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, 13,3% əməkhaqqının hesablanması və ödənilməsindəki nöqsanlar, 12,3% texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi, 9,3% əməyin mühafizəsinin tibbi-sosial məsələləri, 6% sosial müavinətlərin hesablanması və ödənilməsi məsələləri və s. təşkil etmişdir. İqtisadiyyatın sahələri üzrə bu pozuntulara daha çox sənayedə, ticarət və ictimai iaşədə, tikintidə, mənzil-kommunal xidmətində, səhiyyə sahəsində, elm, təhsil və mədəniyyət müəssisələrində rast gəlinmişdir. İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin 58%-i qeyri-dövlət müəssisələrində pozulması müəyyən olunmuşdur. 2009-cu il ərzində işlərin və xidmətlərin yerinə yetirilməsinə qeyri-qanuni cəlb olunmuş 7048 fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin olunmuşdur ki, onlardan 6769 nəfəri (və ya 96%) özəl qurumların payına düşür. Araşdırma zamanı qanunvericiliyin tələbləri pozularaq işdən azad edilməsi müəyyən edilmiş 55 nəfər öz əvvəlki iş yerinə qaytarılmışdır. Ötən ildə törədilmiş inzibati xətaya görə 162 vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edilərək 553870 manat məbləğində cərimə tətbiq olunmuşdur. Cərimələrin böyük əksəriyyəti (474200 manat və ya 81,5%) qeyri-dövlət müəssisələrin vəzifəli şəxslərinə tətbiq olunmuşdur. Dövlət Əmək Müfətişliyinin vəzifəli şəxsləri tərəfindən görülmüş tədbirlər nəticəsində hesabat ili ərzində vətəndaşlara ödənilməsi təmin edilmiş gecikən ödəmələrin ümumi məbləği 1 045 564 manat olmuşdur. Bu məbləğin təxminən 65 faizini əməkhaqqı, 19 faizini sosial müavinətlər və kompensasiyalar və 15 faizini isə zərərə görə ödənclər təşkil etmişdir. Dövlət Əmək Müfəttişliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatının aparılmasından ibarətdir. Hesabat dövrü ərzində Dövlət Əmək Müfəttişliyi tərəfindən istehsalatla əlaqəli 250 hadisənin təhqiqatı aparılmışdır. Bu hadisələr nəticəsində 69 nəfər ölmüş və 218 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Tikinti sektorunda 65 hadisə baş vermiş və bu hadisələr zamanı xəsarət alanların sayı 48 nəfər, ölənlərin sayı isə 32 nəfər olmuşdur (2008-ci ildə tikintidə 30 nəfər ölmüşdü). İstehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasında işçilərin, xüsusən də ağır və zərərli sahələrdə çalışanların ilkin və vaxtaşırı tibbi müayinədən keçmələrinin təmin olunmasının da böyük əhəmiyyəti vardır. Vaxtında və obyektiv keçirilən tibbi müayinələrin istehsalat zədələri və peşə xəstəliklərinin qarşısının alınmasında müstəsna rolu vardır və bu istiqamətdə işin təşkil olunmasına və nəzarətin gücləndirilməsinə də ehtiyac böyükdür. Çünki sağlam işçilərin təhlükəsiz iş yerlərində çalışması həqiqətən də hər kəsin layiq olduğu əməyin real əsasını təşkil edir. İstehsalat qəzalarının qarşısının alınmasında dövlət nəzarətinin aparılması zamanı aşkar olunmuş qanun pozuntularının aradan qaldırılmasına nail olunması ilə bərabər maarifləndirmə tədbirlərinin həyata keçirilməsini də vacib saymaq olar. Ötən illərdə olduğu kimi, 2009-cu ildə də istehsalatın müxtəlif sahələrində çalışan mütəxəssisləri əhatə etməklə DƏM tərəfindən nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində "Əməyin mühafizəsi və texniki təhlükəsizlik" mövzusunda tədris kursları təşkil olunmuşdur. Dövlət Əmək Müfəttişliyi tərəfindən keçirilən maarifləndirmə tədbirləri çərçivəsində 2009-cu ilin 28 aprel tarixində Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş Ümumdünya Əməyin Mühafizəsi Günü "Təhlükəsiz əmək-hər bir insanın hüququdur" mövzusunda keçirilmiş geniş seminar-müşavirənin də rolunu xüsusilə qeyd etmək lazımdır. Müfəttişliyin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir çox transmilli və özəl təşkilatların nümayəndələrinin iştirakı ilə artıq ənənəvi hal almış növbəti ümumrespublika seminar-müşavirə keçirilmişdir. Dövlət Əmək Müfəttişliyi "BƏT ilə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün layiqli əməyin təminatı üzrə ölkə proqramı"nın icrası olaraq işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına nəzarət işini gücləndirmiş, respublikanın regionlarında, eləcə də şəhərlərdə uşaq əməyindən əmək qanunvericiliyinə uyğun olaraq istifadə edilməsinə, əmək qanunvericiliyinin tələbləri pozularaq uşaq əməyinin tətbiqinə yol verilməməsinə, eləcə də uşaq əməyinin ən pis formalarının qarşısının alınmasına nəzarəti artırmışdır. "2009-cu ilin "Uşaq ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi tərəfindən yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətlərinin nəzərə alınmasına diqqət artırılmışdır və bunun nəticəsidir ki, 62 halda işəgötürənlər tərəfindən yaşı 18-dək olan işçilərin əmək hüquqlarının pozulması faktı aşkar edilmişdir. Uşaq yaşında olan işçilərin əmək hüquqlarının pozulması əsasən iqtisadiyyatın ticarət, ictimai iaşə, təchizat sahəsinə aid qeyri-dövlət müəssisələrdə baş verməsi müəyyən olunmuşdur. 2009-cu il ərzində DƏM-in beynəlxalq əlaqələri də genişlənmiş və müfəttişliyin əməkdaşları Beynəlxalq Əmək Təşkilatı, Əmək Müfəttişlərinin Beynəlxalq Assosiasiyası, "Cənubi-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişlərinin Regional Alyansı" tərəfindən Almaniya, Portuqaliya, Bolqarıstan, Serbiya, Rusiya, Türkiyə kimi ölkələrdə təşkil olunmuş bir sıra tədbirlərdə iştirak etmiş və təlimlərdə olmuşlar. Son illər DƏM-in fəaliyyətinin təkmilləşməsi, həyata keçirilən nəzarət işinin operativliyinin təmin edilməsi, müfəttişliyin kadr potensialının və maddi-texniki bazasının gücləndirilməsi, əmək müfəttişlərinin peşəkarlıq səviyyəsinin artırılması üçün görülən tədbirlər 2009-cu ildə də davam etdirilmişdir.
|