Vergilərdən yayındığına görə 45 nəfər həbs edilib

Natiq Əmirov: “Vergi sistemində ciddi struktur islahatları aparılacaq”

2010-cu ildə vergi sistemində ciddi struktur islahatlarının aparılması nəzərdə tutulur. Vergilər nazirinin müavini Natiq Əmirov bildirib ki, artıq Bakı Şəhər Vergilər Departamentinin strukturunda dəyişikliklər edilib. Belə ki, departamentin strukturuna daxil olan 1, 2 və 3 saylı filiallar ləğv edilib. Bu filialların bazasında isə elektron bəyannamələrin kameral yoxlanması, vergi borclarının məcburi alınması və vergi ödəyicilərinə xidmət idarələri yaradılıb. Yeni struktur daha çevik və operativ şəkildə bu sahələr üzrə vahid əməliyyatları həyata keçirəcək. Nazir müavini qeyd edib ki, Bakı şəhərinin 11 rayonu üzrə xidmət terminallarının yaradılması üzərində iş aparılır.

N.Əmirov vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi orqanlarının fəaliyyətinin gücləndirilməsi və vergidən yayınma ilə mübarizə tədbirlərinin həyata keçiriləcəyini də söyləyib. 2009-cu ildə Vergilər Nazirliyi tərəfindən vergi cinayətlərinə qarşı mübarizə tədbirlərinin davam etdirildiyini qeyd edən N.Əmirov ötən il vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 228 cinayət işinin başlandığını xatırladıb.
Bu, 2008-ci ildə başlanmış cinayət işlərinin sayından 37 iş və ya 19,4 faiz çoxdur. Ümumilikdə 102 nəfər barəsində 76 cinayət işi baxılmaq üçün məhkəmələrə göndərilib. Vergiləri ödəməkdən yayınmış və digər cinayətlər törətmiş 45 nəfər təqsirləndirilən şəxs barəsində məhkəmələr tərəfindən həbs-qətimkan tədbiri seçilib.



«Vergilərdən yayındığına görə 45 nəfər həbs edilib»   -
«Ülfət Qazeti»   -