Bəzi iş adamları maliyyə əməliyyatlarını gizli saxlamağa çalışır
Nazim Məmmədov: "Şirkətlər sosial yüklərdən azad edilməli, tam beynəlxalq mühasibatlığa keçməlidirlər"
Böhran şəraitində müəssisələrin düzgün idarəedilməsi və şəffaflığın artırılması məsələsi yenidən aktuallaşıb. Auditorlar Palatasından hesab edirlər ki, bəzi sahibkarlar hələ də əməliyyatları gizli saxlamağa çalışır. Məcburi auditdən ən çox yayınanlar isə səhmdar cəmiyyətlər və məhdud məsuliyyətli cəmiyyətlərdədir. Şirkətin bütün maliyyə işlərini qaydaya salmağa imkan verən auditor yoxlamasının xidmət haqqı isə təxminən 1500 manatdır. Palatadan hesab edirlər ki, auditə marağı artırmaq və auditdən yayınmanın qarşısını almaq üçün qanunvericiliyin təkmilləşdirilməsi və cərimələrin artırılması vacibdir. Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədovun qənaətinə görə, beynəlxalq təcrübədə auditor rəyinə böyük önəm verilir: "Bütün səhmdar cəmiyyətləri, banklar, sığorta şirkətləri, ümumiyyətlə, korporativ idarəetməyə cəlb olunan bütün şirkətlər illik balansı, vergi hesabatlarını təqdim etməmişdən öncə məcburi auditdən keçməli, müstəqil audit rəyini açıqlamalıdırlar. Bir il bundan öncə dövlət başçısı "Regionların sosial-iqtisadi inkişafı haqqında" növbəti dövlət proqramının icra vəziyyəti ilə bağlı təşkil olunan toplantıda sahibkarlığın fəaliyyətinə qiymət verərkən bildirdi ki, artıq bizim milli şirkətlər özləri yerli beynəlxalq auditoru cəlb etməklə maliyyə fəaliyyətlərinin yoxlanılmasında maraqlı olmalıdırlar. Bu, yaxşı tərəfdaş tapmaq üçün də ən əlverişli yoldur. Şirkətin hansı səviyyədə olmasını auditor rəyi əsasında qiymətləndirmək mümkündür. Bu yolla hər bir şirkət öz maliyyə fəaliyyətinin sözdə yox, əməldə şəffaf, hesabatlı olduğunu təsdiq etmiş olur. Belə olan halda həmin şirkətlə xarici tərəfdaşlar etibarlı əməkdaşlığa maraq göstərəcəklər. Öz fəaliyyətini gizlətsə, əlbəttə, bu cür əməkdaşlıqdan söhbət gedə bilməz". Müsahibimizin qənaətinə görə, hazırda audit prosesini həyata keçirənlərin bir çoxunun peşəkarlıq səviyyəsi aşağıdır: "Onların əksəriyyəti audit keçirmək iqtidarında deyil. Şəxsi təcrübəmizdə gördüyüm bir faktla fikirlərimə aydınlıq gətirmək istəyirəm. Neçə illərdir ki, "Avtoqarant" SC-nin 30 faizlik səhm payına malik səhmdarıyam. Məndən başqa həmin cəmiyyətin 110 nəfər səhmdarı da var. Onların hüquqlarının qorunmasında nə qədər əziyyət çəkmişəm. Ötən müddətdə çətinliklə də olsa, müəssisədə müstəqil audit aparmağa nail olduq. Səhmdarlara 1 milyon manata yaxın ziyan vurulduğu aşkarlanıb. Məhkəmə rəhbərlik qarşısında tələb qoysa da, həmin zərərin ödətdirilməsinə nail ola bilmirik. Açıq-aşkar müstəqil auditor rəyi olduğu halda, qarşı tərəfin seçdiyi sifarişli auditor başqa rəy ortaya çıxarır. Bu da nəticə etibarilə müstəqil, şəffaf fəaliyyət göstərən auditorları belə nüfuzdan salır. Onlar bu problemlə üzləşməmək üçün düzgün işləməli, obyektiv rəylərini verməlidirlər. Audit institutunun düzgün işləməsinə əngəl yaradılmamalıdır". Müstəqil auditə maraq oyatmaq üçün şirkətlərin beynəlxalq mühasibatlığa keçməsi də əsas şərt hesab edilir. Standartlar qəbul edilsə də, onların həyata keçirilməsi lazımdır. N.Məmmədov ilk növbədə dövlət müəssisələrinin bu standartlara keçməsini məqsədəuyğun sayır: "Hər halda ölkəmizdə maliyyə intizamını yaratmaq üçün dövlət müəssisələrindən başlamalıyıq. Dövlət müəssisələrinin büdcəyə ilbəil ödədiyi vəsaitlərin azalmasını müşahidə edirik. Bu, auditin düzgün aparılmaması ilə bağlıdır. Onlar deyə bilər ki, hər il auditdən keçirik. Ancaq fikir versək, hansı auditə cəlb olunublar, hansı rəyləri yazdırıblar, hər şeyin göz qabağında olduğu məlum olacaq". İri vergi ödəyiciləri ilə bağlı məsələnin ilbəil Milli Məclisdə qaldırıldığını qeyd edən N.Məmmədov bu sahədə islahatların dərinləşməsini təklif etdi: "Şirkətlər sosial yüklərdən azad edilməli, tam beynəlxalq mühasibatlığa keçməlidirlər. Çünki bəzi şirkətlər təbii inhisarçılıqla, dövlətin yaratdığı imkandan milyonlar qazanmaqla, guya zərərlə işləyən bir sahəyə maliyyə köməkliyi edib, əməllərini ört-basdır etməyə çalışırlar. Daxili audit bu problemi heç vaxt ortaya çıxara bilməz. Çünki burada bütün məsələlərdə müəssisəni idarəedənin mövqeyi əsas götürülür. Bu baxımdan daxili auditorun şəffaf fəaliyyətinə inanmaq çətindir". A.Xalid.
|