BEYNƏLXALQ AVRASİYA TƏHSİL İŞÇİLƏRİ HƏMKARLAR İTTİFAQLARI BİRLİYİNİN I FORUMU
Ankarada dörd ölkənin iştirakı ilə təsis olunmuş Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin I Forumu iyunun 4-də Qırğızıstan Respublikasında keçirilmişdir. Forumda dörd ölkənin nümayəndələri iştirak etmiş və razılaşma sənədi olaraq saziş imzalamışlar. Sazişin şərtlərinə uyğun olaraq yeni yaradılmış təşkilatın vəzifələri və perspektivləri müəyyənləşdirilmişdir. Sazişdə qeyd olunur ki, Birliyi yaratmaqda məqsəd üzv dövlətlərdə təhsil işçilərinin əmək, sosial və mədəni hüquqlarının müdafiəsini, əmək şəraitinin yaxşılaşdırılmasını təmin etmək, demokratiyanın inkişafına töhfə vermək, beynəlxalq tədbirlərdə bir-birinə dəstək olmaqdır. Bu təşkilatda ölkəmizi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov və Azərbaycan Dövlət Neft Akademiyası Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəfər Qurbanov təmsil etmişlər. Respublika Komitəsi adından sazişi Ş. Əsgərov imzalamış və çıxış etmişdir. O demişdir ki, belə forumun keçirilməsi, türkdilli dövlətlərin bir araya gələrək problemlərin həllini birlikdə aramaları, vahid qərarlar qəbul etmələri müsbət bir haldır. Hamımıza məlum olan səbəblərə görə, Sovet dönəmində belə tərkibdə forum keçirmək mümkün deyildi. Artıq biz bir yerdəyik. Və bir-birimizin təcrübəsini öyrənməyə, öz işimizdə tətbiq etməyə, qarşılıqlı faydalanmağa imkanımız var. Ümid edirik ki, burada aparılan müzakirələr, irəli sürülən təkliflər çox əhəmiyyətli, çox faydalı olacaqdır. II Forumun gələn ilin iyununda Bakı şəhərində keçirilməsi nəzərdə tutulub. Bakı Forumuna daha bir neçə türk dövlətinin - Cənubi Kipr Respublikasının, Türkmənistanın, Özbəkistanın təhsil işçiləri həmkarlar ittifaqı təşkilatının qoşulması gözlənilir.
|