ŞADLIQ EVLƏRİNİN LİSENZİYALAŞDIRILMASINA EHTİYAC VAR

BU, İLK NÖVBƏDƏ İNSANLARI ƏSƏB XƏSTƏLİYİ TƏHLÜKƏSİNDƏN XİLAS EDƏ BİLƏR

Son illər paytaxtda şadlıq evləri və restoranların sayı yağışdan sonra çıxan göbələk kimi artır. Şadlıq evlərinin sayı ilə bərabər yaranan problemlər də çoxalır. Bu obyektlərdə istifadə olunan musiqi alətlərinin ətrafa yaydığı səs effektləri insanların istirahətini və dincliyini pozmağı bir yana qalsın, böyük əksəriyyətini əsəb-sinir xəstəliklərilə üz-üzə qoyub. Belə neqativ hallara son qoymaq üçün şadlıq evlərində musiqi avadanlıqlarının səs temprlərinin hədlərinin müəyyən edilməsi ilə əlaqədar aidiyyəti qurumlara müəyyən göstərişlər verilib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, vaxtaşırı aparılan araşdırmalar zamanı insanların sağlamlığına təsir göstərən səs titrəyişlərinin normadan artıq olması faktı təsdiqlənib. Başqa sözlə, şadlıq evlərindəki musiqi alətlərinin səsi insanın sinir sisteminə mənfi təsir göstərən faktorlardan biridir. Müəyyən edilmiş normativlərə görə, bu cür obyektlərdə istifadə olunan səsyaradıcı vasitələrin səs effekti qulaq pərdəsinin qəbul edə biləcəyi həddən artıq olmamalıdır. Amma aparılan monitorinqlər göstərir ki, ətrafa yayılan səs titrəyişləri həmin normalardan 7-8 dəfə çoxdur. Məsələn, GEM əməkdaşları Bakının bir neçə şadlıq evini yaxınlıqda yerləşən mənzilin sakinlərinin sağlamlığı üçün ciddi fəsadlar yaratmaq təhlükəsini nəzərə alaraq, cərimə ediblər.
Qeyd edək ki, 2008-ci ildən şadlıq evləri və restoranlarda musiqi alətlərinin səs effektlərinə və titrəyiş normalarına konkret hədlərin qoyulması nəzərdə tutulur. Həmin ölçülərdən kənara çıxan restoranlara qarşı cəza tədbirləri görüləcək. Toy məclislərində və şənliklərdə musiqi avadanlıqlarının çıxardığı səs effektlərinin normadan artıq olmasını əsas götürərək bu sahədə vəziyyətin tənzimlənməsi üçün qanuna ehtiyac var. Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadi Rəcəblinin qənaətinə görə, Milli Məclisin payız sesiyasının gündəliyinə salınan "Toy və mərasimlər haqqında" qanun layihəsində yuxarıda sadalanan bütün elementlər nəzərə alınıb: "Həmin layihədə normaları pozan iaşə obyektlərinin, eləcə də digər xidmət müəssisələrinin səs akustikasının sərhədlərinin müəyyən edilməsi əks olunub".
Standartlaşma, Metrologiya və Patent Agentliyindən isə bildirilir ki, belə neqativ hallara son qoyulması şadlıq evləri və restoranların fəaliyyətinin lisenziyalaşdırılmasından asılıdır. Agentliyin direktoru Ramiz Həsənov hesab edir ki, qanunvericiliyə uyğun olaraq, səs tembri də əvvəlcədən müəyyənləşdirilmiş standartlara cavab verməyən obyektlərə lisenziya vermək olmaz. Belə olan halda hər bir restoran sahibi kəmiyyətə yox, keyfiyyət prosedurlarına əməl etməyə çalışacaq.



«ŞADLIQ EVLƏRİNİN LİSENZİYALAŞDIRILMASINA EHTİYAC VAR»   -
«Ülfət Qazeti»   -