"20 YANVAR" ƏRAZİSİNDƏ ƏLAVƏ YERALTI KEÇİD TİKİLƏCƏK

YERALTI KEÇİDİN TİKİNTİSİNİN İLİN SONUNADƏK BAŞA ÇATDIRILMASI NƏZƏRDƏ TUTULUR

Bakı şəhərində tıxacların aradan qaldırılması üçün bir neçə yeni körpü və yolötürücü tikildi. Lakin yeni körpülərin tikilməsi də tıxac problemini aradan qaldıra bilmədi. Xüsusən şəhərin şimal girişində tıxaclar qalmaqdadır. Hazırda ən çox tıxac əmələ gələn həmin ərazidə 200 metr məsafəni bəzən 30-35 dəqiqəyə qət etmək olmur. 3-cü mikrorayon dairəsində tikilən körpünün istifadəyə verilməsindən sonra problemin aradan qaldırılacağı bildirilsə də, gözləntilər özünü doğrultmadı.
Məsələyə münasibət bildirən Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov problemlə tanış olduqlarını dedi: "Hazırda "Nəqliyyat sisteminin optimallaşdırılması" layihəsi həyata keçirilir.
Nəqliyyatın hərəkətinin sıx olduğu ərazilərdə marşrut avtobuslarının saxlamaması və taksi parklarının yaradılması istiqamətində iş aparılır. İndiyədək şəhərin müxtəlif ərazilərində 430 dayanacaq quraşdırılıb. Eyni zamanda avtobusların dayanacaqlarda saxlanılmasına Nəqliyyat Müfəttişliyi əməkdaşları nəzarət edir.
Amma vətəndaşlar özləri də dayanacaqlardan istifadə etmək istəmirlər. Bir çox hallarda vətəndaşlar özləri məcbur edir ki, sürücü harada gəldi avtobusu saxlasın. Konkret olaraq metronun "20 Yanvar" stansiyasının yaxınlığında dayanacaq quraşdırılıb. Həmin ərazidə dayanan taksilərin yığışdırılması istiqamətində də iş aparılır".
N.Həsənovun sözlərinə görə, "20 Yanvar" ərazisində tıxacların aradan qaldırılması üçün körpünün tikilməsi yetərli deyil: "Həmin layihənin ikinci hissəsinin icrasına yanvarın sonunadək başlanılacaq.
Burada əlavə olaraq yeraltı keçidin tikilməsi nəzərdə tutulur. Bununla da, "20 Yanvar" dairəsindən Zərdabi prospektinə gediş-gəliş asanlaşacaq.
Həmin yeraltı keçidin tikintisi həm də Sumqayıt avtobuslarının hərəkəti üçün əlverişli olacaq. Yeraltı keçidin tikintisinin isə bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur".
Bu problemlərin "Nəqliyyatın İntellektual İdarəetmə Sistemi"nin yaradılmasından sonra tamamilə aradan qaldırılacağını bildirən Namiq Həsənov bu istiqamətdə aparılan araşdırmaların başa çatdığını vurğuladı: "Bir ilə yaxındır ki, Koreya şirkəti ilə aparılan danışıqlar yekunlaşıb və artıq layihə hazırdır.
Bu ayın sonunadək bu sistemin qurulması üçün tender keçiriləcək. Layihə iki mərhələdə həyata keçiriləcək. Avtobuslarda quraşdırılan xüsusi qurğular avtomatik idarəetməyə nəzarət edəcək. İlkin olaraq şəhərin mərkəzində bu işlərə başlanılacaq.
Avtobuslar arasında yaranan intervala, onların dayanacaqlarda dayanmasına nəzarət ediləcək. Bu sistem həmçinin avtobuslarda sərnişinlərin sayına və biletlərin tətbiqinə nəzarət edilməsinə imkan verəcək".



«"20 YANVAR" ƏRAZİSİNDƏ ƏLAVƏ YERALTI KEÇİD TİKİLƏCƏK»   -
«Ülfət Qazeti»   -