Tədbir sərgidən başladı
"Həyati əhəmiyyətli qərarlar" layihəsi çərçivəsində seminarlar silsiləsi davam etməkdədir. Rabitəçilər üçün nəzərdə tutulmuş növbəti seminar ənənədən kənar formada başladı. "Aztelekom" İB-dən, "Azərpoçt" MMC-dən, "Bakı Telefon və Rabitəçi" YYB-dən, "Azərmətbuatyayım", "Teleradio" İB-lərdən, "Azərfon" MMC-dən və "Azyevrotel" BM-dən dəvət edilmiş 24 xanım iştirakçı əvvəlcə gənc rəssamların sərgisində oldular. Sərgiyə tamaşa etdikdən sonra tədbir başlandı. Seminarda iştirakçılara layihənin məqsədi, ilkin nəticələri və respublikamızda gender bərabərliyinə dair mövcud qanunlar, digər hüquqi sənədlər barədə geniş məlumat verildi. Görüşün əsas hissəsi sual-cavaba həsr edildi. Məlum oldu ki, gənc xanımları ən çox narahat edən əmək, hamiləliyə, doğuşa görə məzuniyyətlərdir. Çünki mütəxəssislərə verilən sualların əksəriyyəti bu mövzularda olurdu. Seminarın qonağı da iştirakçıların zövqünə uyğun seçilmişdi. İncəsənət Universitetinin müəllimi, milli geyimlər üzrə alim Səbirə xanım Dünyamalıyevanın seminarda iştirakı, çıxışı gənc xanımlar tərəfindən böyük sevinc və maraqla qarşılandı.
|