Yeni il şənliklərinin təşkili mütəxəssislərə tapşırılmalıdır
AHİK-in mütəxəssisləri Yeni il şənliklərinin təşkili ilə əlaqədar təhlillər aparmışdır. Təhlildən əldə olunan nəticəni oxucularımızın diqqətinə çatdırırıq.
H.Əliyev adına Respublika Sarayında uşaqlar üçün təntənəli konsert proqramı hazırlanmışdı. Səhnə çox gözəl tərtib edilmişdi. İşıq effektləri sayəsində sanki qar yağır, qış mənzərəsi canlanırdı. Uşaqlar elə bil nağıllar aləminə düşmüşdülər. Bu proqramda hansı personajlar yox idi?... pələng, dovşan, bazilio, itlər, keçilər (şəngülüm, şüngülüm, məngülüm), çəkməli pişik, şimal ayıları, pinqvinlər, Şrek, Cırtdan, şən klounlar və s. Milli rəqslər, xoreoqrafiya və bal rəqsləri, jonqlyorlar bir-birini əvəz edirdi. Təqdirəlayiqdir ki, bu təntənəli Yeni il şənliyinə həmkarlar ittifaqlarının özfəaliyyət kollektivlərindən neftçilərin Suraxanıdakı S.Bəhlulzadə adına Mədəniyyət Sarayının "Şənlik" rəqs kollektivi və "Xidmət-İş" Hİ Federasiyası Mədəniyyət Sarayının "Çiçəyim" Uşaq Teatrı da öz maraqlı proqramları ilə qoşulmuşdular. Elə nağıl qəhrəmanlarının əksəriyyəti "Çiçəyim" uşaq teatrının gənc aktyorları idi. Sevindirici haldır ki, respublikanın ən böyük konsert salonunda təşkil edilmiş bu maraqlı proqramın ssenaristi və quruluşçu -rejissoru "Çiçəyim" Uşaq Teatrının bədii rəhbəri Rəna Kərimova, rəqslərin əksəriyyətinin quruluşçusu isə "Şənlik" rəqs kollektivinin rəhbəri Lalə İbrahimova olmuşdur. Həmkarlar ittifaqlarının belə bacarıqlı və təcrübəli mədəniyyət işçilərini qiymətləndirmək və gələjəkdə əlamətdar tədbirlərdə onlardan istifadə etmək lazımdır. Neftçilərin A.İsgəndərov və Q.Abbasov adına mədəniyyət saraylarında keçirilən yolka şənlikləri də çox maraqlı idi. Hər iki sarayın bədii tərtibatı yaxşı idi. Bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə keçirilən şənliklər həm uşaqlar, həm də valideynlər tərəfindən maraqla qarşılanırdı. Kütləvi işçilərin geyimləri, ifa etdikləri mahnılar, rəqslər Yeni il proqramına uyğun idi. Neft Şirkəti Departamentinin Sosial İnkişaf İdarəsi tərəfindən şənliklərə nəzarət olunmuş, bütün mədəniyyət saraylarına tibb işçiləri təhkim etmişdi. Bütün bunlarla yanaşı, şənliklərin keçirilməsində bir çox nöqsanlar aşkara çıxarıldı. Bədii tərtibat, xüsusən Əl Oyunları İdman Sarayında qənaətbəxş deyildi. Özəl təşkilatlar hiss olunurdu ki, uşaq tədbirlərinin xüsusiyyətlərini bilmirlər. Bu, ssenarilərin tərtibatında da hiss olunurdu. Məsələn, İdman Sarayında Yeni il, Şaxta baba mövzusunda deyil, daha çox toy havaları, "Araxçının məndədir, qara xal yar" kimi xalq mahnıları ifa olunurdu. Yolkanın işıqlarını yandıranda isə "Sevgilimsən maral kimi, süzməyi kimdən öyrəndin" mahnısı səsləndi. Mədəni-kütləvi tədbirlər uşaqları əyləndirməklə yanaşı, həm də tərbiyə etməlidir. Əl Oyunları İdman Sarayında isə klounlar uşaqlara belə tapmacalar söyləyirdilər: "Aləmi bəzər, özü lüt gəzər. Bu hansı müğənnidir?-Röya!" və yaxud "Saqqalı uzun uzanar, oxuya-oxuya pullanar.-Faiq!". Bu cür tapmacalar nəinki uşaqların intellektual səviyyəsini artırar, əksinə, daha da korlayır. Texniki Universitetin idman zalında keçirilən şənliklərdə aktyorlar özləri daha çox əylənir, uşaqlar isə passiv seyrçiyə çevrilirdilər. Özəl təşkilatların keçirdikləri şənliklərdə heç bir tibbi xidmət, səhiyyə nəzarəti yox idi. Kütləvi işçilərin geyimləri də uşaq tədbirinə uyğun deyildi. Səsgücləndirici aparaturalardan qeyri-peşəkar istifadə ona gətirib çıxarırdı ki, çıxış edənlərin istifadə etmək bacarığı da böyük sözlərini başa düşmək olmurdu. Yeni il şənliklərinə qazanc mənbəyi kimi baxan özəl təşkilatlar seanslara həddindən artıq çox bilet satdıqlarına görə nə kütləvi işçilər işləyə bilir, nə də uşaqlar əylənə bilirdilər. Valideynlər isə uşaqlarını itirməkdən qorxurdular. Ona görə də körpələri qucaqlarına götürərək yolka ətrafına toplaşırdılar. Bu da xaos yaranmasına səbəb olurdu. Qarşıda uşaqları yaz tətili günlərində Novruz şənlikləri gözləyir. Artıq Novruz şənliklərinə hazırlıq işləri gedir. Tövsiyə edərdik ki, sahə həmkarlar ittifaqı təşkilatları öz üzvlərinin uşaqları üçün şənliklərə bilet alarkən həmin tədbirlərin ssenarisinin məzmunu ilə əvvəlcədən tanış olsun. Hər bir işin öz mütəxəssisi olduğu kimi, kütləvi şənliklərin keçirilməsi ilə də mədəniyyət işçiləri məşğul olmalıdır. Yaxşı olardı ki, sahə həmkarlar ittifaqları gələcəkdə uşaq şənlikləri ilə əlaqədar özəl təşkilatlara deyil, mədəni-maarif müəssisələrinə müraciət etsinlər.
AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsi.
|