Sıralarımızı necə genişləndirə bilərik?
"Xidmət-İş" Hİ Federasiyası keçirdiyi növbəti seminarda bu suala cavab tapmağa çalışdı
Bu günlərdə "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası "Həmkarlar ittifaqları üzvlüyünə cəlbetmə prosesində motivasiyanın təsiri və bu istiqamətdə sahə həmkarlar ittifaqının rolu" mövzusunda seminar keçirdi. 30 nəfər həmkarlar ittifaqı fəalının qatıldığı tədbirdə Federasiyanın prezidenti İlyas Əliyev geniş məruzə ilə çıxış etdi. O bildirdi ki, AHİK-in II Məclisində həmkarlar ittifaqlarının sıralarını genişləndirmək istiqamətində fəaliyyətlərini artırmaq məsələsi çox ciddi qoyulmuşdur.
Məclisin bu tapşırığını həyata keçirmək üçün kifayət qədər imkanlarımız var. Təşkilatlanma sahəsində böyük təcrübə toplamışıq. İnsanlarla ünsiyyət qurmağı bacaran kifayət qədər kadr potensialına malikik. Məhz bütün bunların hesabına biz hər il təşkilatlarımızın, üzvlərimizin sayını artıra bilirik. İlyas müəllim onu da diqqətə çatdırdı ki, biz daha yaxşı nəticələr əldə etməyə qadirik. Çünki xidmətimizdə olan sahədə çoxlu sayda insan işləyən müəssisələr var ki, orada həmkarlar ittifaqı təşkilatı yoxdur. İ. Əliyev sözügedən mövzu çərçivəsində iştirakçılara, onların timsalında komitə sədrlərinə bəzi tövsiyələrini verdi, iradlarını, təkliflərini çatdırdı. Tədbirdə Federasiyanın vitse-prezidentləri S. Tahirovanın, S. İsmayılovun, təşkilat şöbəsinin müdiri R. Eyubovanın, baş texniki əmək müfəttişi R. Məmmədovun çıxışları dinlənildi. Sonra fikir mübadiləsinə başlanıldı. Gəncə şəhər, Binəqədi, İmişli, Qəbələ, Salyan rayon komitələrinin HİK sədrləri yeni üzvlərin cəlb olunması sahəsində qazandıqları uğurlardan, üzləşdikləri çətinliklərdən və gələcək planlarından söhbət açdılar. Qeyd olundu ki, seminarda deyilənlər yerlərdə geniş müzakirə mövzusu olsun, hər bir komitə təşkilatın boy artımına, üzvlük haqlarının toplanmasına işinin prioritet cəhəti kimi yanaşsın.
|