Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası
Qərar № 28 Bakı şəhəri, 4 fevral 2010-cu il
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2010-2011-ci illər üçün Baş Kollektiv Sazişin bağlanması haqqında
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası qərara alırlar: 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2010-2011-ci illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Mehbalıyev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti M.Musayev
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2010-2011-ci illər üçün BAŞ KOLLEKTİV SAZİŞ
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası (bundan sonra-Tərəflər) ölkənin sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə 2010-2011-ci illər üçün razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayırlar. Tərəflər hesab edirlər ki, yaxın gələcəkdə dünya maliyyə böhranının ölkə iqtisadiyyatına mənfi təsirlərinin yumşaldılması, işçilərin layiqli əməyini, yaşayışını və sərbəst inkişafını təmin edən şəraitin yaradılması, ölkənin maliyyə, enerji, ərzaq, ekoloji təhlükəsizliyi, sosial bərabərsizliyin aradan qaldırılması, işsizliyin və yoxsulluğun azaldılması Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin prioritet məqsədlərini təşkil etməlidir. Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını və Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər.
1. İqtisadi siyasət sahəsində
1.1. Tərəflər hesab edirlər ki, Saziş bağlanılan müddətdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadiyyatın strukturunun innovasiyalı yeniləşməsinə, onun rəqabət qabiliyyətinin artırılmasına və dinamik inkişafını təmin edən şəraitin yaradılmasına yönəldilməlidir. Bu məqsədlə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 1.1.1. azad rəqabət üçün şərait yaradılmasına, istehsalın həcminin artırılmasına, işçilərin sosial təminatının yaxşılaşdırılmasına istiqamətləndirilən sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi üzrə birgə iş aparmaq; 1.1.2. iqtisadiyyatın real sektorunun inkişafına yerli və xarici investisiyaları cəlb etmək üçün müəyyən olunmuş təminatlara riayət etmək, o cümlədən investorların hüquqlarının müdafiəsi sistemini təkmilləşdirmək və əhalinin investisiya fəallığının artırılması üzrə tədbirləri həyata keçirmək; 1.1.3. manat və xarici valyuta arasında optimal nisbəti qorumaq; 1.1.4. ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün səyləri gücləndirmək, müsbət və mənfi nəticələr barədə üçtərəfli məsləhətləşmələr aparmaq; 1.1.5. regionların inkişafı, yeni iş yerlərinin yaradılması məqsədi ilə hər bir şəhər (rayon) üzrə əmək və təbii resursları, iqtisadi potensialı və infrastrukturu əks etdirən məlumat banklarını yaratmaq; 1.1.6. yüksək innovasiyalı və informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş dəstək vermək; 1.1.7. sosial məqsədlərə sərf olunan vəsaitin dövlət büdcəsində xüsusi çəkisinin artırılması siyasətini davam etdirmək; 1.1.8. regionların, qeyri-neft sektorunun inkişafına yönəldilən tədbirləri həyata keçirməklə, ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq; 1.1.9. yerli məhsulun istehsal həcmini, əməyin səmərəliliyini, malların keyfiyyətini və rəqabət qabiliyyətini yüksəltmək məqsədi ilə yerli istehsalçılara hərtərəfli yardımı artırmaq, qanunverici və beynəlxalq hüquq normaları əsasında daxili və xarici bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə etmək, istehsal olunmuş hazır məhsulun dünya bazarına ixracını stimullaşdıran tədbirlər sistemini gücləndirmək; 1.1.10. müəssisələrin, təşkilatların texniki cəhətdən yenidən qurulmasına dəstək vermək; 1.1.11. əməyin məhsuldarlığının artırılmasına yönəldilən tədbirləri stimullaşdırmaq; 1.1.12. bazar iqtisadiyyatı şəraitində istehsal həcminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas amil olan kiçik və orta sahibkarlıq subyektləri üçün dövlət yardımını daha da gücləndirmək; 1.1.13. qeyri-formal iqtisadiyyatın həcminin azaldılması və real sektora yönəldilməsi istiqamətində tədbirlər həyata keçirməklə, korrupsiya əleyhinə fəaliyyəti gücləndirməklə, dövlət büdcəsinin gəlir və xərclərinin Ümumi Daxili Məhsulda xüsusi çəkisinin artırılmasına nail olmaq; 1.1.14. ölkənin ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatı istehsalının inkişafı, onun səmərəliliyinin artırılması və bu sahədə qeyri-formal əmək münasibətlərinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirmək; 1.1.15. fermerlərin idarəetmə və texniki biliklərinin artırılması, kreditlərin verilməsi zamanı biznes-planın hazırlanması və sair ilə əlaqədar regionlarda yeni informasiya-məlumat mərkəzlərinin yaradılmasını davam etdirmək; 1.1.16. şoranlaşmış torpaqların təmizlənməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı fəaliyyəti gücləndirmək; 1.1.17. bilavasitə istehsalçıların vergi yükünün yüngülləşdirilməsini, sahibkarlığın inkişafını, investisiya fəaliyyətinin yüksəlməsini nəzərə alan vergi qanunvericiliyinin təkmilləşdirilməsini davam etdirmək; 1.1.18. ölkə gənclərinin və qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün yardımı artırmaq; 1.1.19. təbii inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə etmək; 1.1.20. istehlak bazarında qiymətlərin artmasına təsir göstərən inhisarlaşma, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üçün birgə monitorinqlər aparmaq və onların nəticələrini geniş ictimaiyyətə çatdırmaq; 1.1.21. ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsinə və kredit məbləğinin əmlak bazarında mövcud olan qiymətlərə uyğunlaşdırılmasına nail olmaq, ipoteka krediti sisteminin fəaliyyətini genişləndirmək, onun üzərində birgə nəzarəti təşkil etmək; 1.1.22. transmilli şirkətlərdə, xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin hüquqlarının qorunması ilə bağlı birgə iş aparmaq; 1.1.23. ölkəyə gətirilən ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində nəzarət mexanizmini gücləndirmək; 1.1.24. strateji əhəmiyyətli müəssisələri dəstəkləmək; 1.1.25. institusional, idarəetmə v ə struktur islahatlarını davam etdirmək. 1.2. Tərəflər iqtisadiyyatın bütün sahələri üzrə Ümumi Daxili Məhsulun əldə olunmuş artım templərinin saxlanmasını və aşağıda qeyd olunan real artım göstəricilərini təmin etməyi zəruri hesab edirlər: Ümumi Daxili Məhsul 2010-cu ildə - 6,8 faiz, 2011-ci ildə - 5,1 faiz, o cümlədən sənaye istehsalında müvafiq olaraq - 7,8 faiz və 3,9 faiz, kənd təsərrüfatı istehsalında - 4 faiz və 4 faiz, pərakəndə əmtəə dövriyyəsi - 7,1 faiz və 7,5 faiz , əhalinin pul gəlirləri - 10,1 faiz və 9 faiz.
2. Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi
Tərəflər əhalinin həyat səviyyəsinin və gəlirlərinin artırılmasına, yoxsulluğun azaldılmasına istiqamətləndirilən kompleks tədbirlərin hazırlanmasını və həyata keçirilməsini zəruri hesab edir və aşağıdakı öhdəlikləri götürürlər: 2.1. əhalinin gəlirlərinin artmasını təmin edən siyasəti davam etdirmək; 2.2. minimum əməkhaqqı, yaşayış minimumu göstəricilərinin Beynəlxalq Əmək Təşkilatının 131 nömrəli Konvensiyasının tələblərinə və Yenidən Baxılmış Avropa Sosial Xartiyasının tövsiyələrinə uyğun müəyyən edilməsini mərhələlərlə təmin etmək; 2.3. "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq minimum əməkhaqqı məbləğinin və pensiyaların baza hissəsinin, ehtiyac meyarının həddinin mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilməsi işini davam etdirmək; 2.4. əməkhaqlarının, pensiyaların, müavinətlərin vaxtında ödənilməsini təmin etmək; 2.5. iqtisadiyyatın bütün sahələri üçün ümumi olan və ayrı-ayrı sahələr üzrə Vahid Tarif-İxtisas Sorğu kitabçalarının tərtib edilməsini başa çatdırmaq; 2.6. beynəlxalq təcrübəyə əsaslanaraq peşə ixtisasları üzrə standartların hazırlanması üçün tədbirlər həyata keçirmək; 2.7. əhalinin ümumi gəlirlərində əməyin ödənilməsi payının artırılması istiqamətində işləri davam etdirmək; 2.8. büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi sisteminin təkmilləşdirilməsini davam etdirmək; 2.9. əhalinin işıq, qaz, su və istiliklə tam və fasiləsiz təmin edilməsi üçün təsirli tədbirlər həyata keçirmək; 2.10. kişi və qadın işçilər tərəfindən həyata keçirilən eyni işlər üçün bərabər həcmdə əməyin ödənilməsini təmin etmək; 2.11. dövlət sosial sığorta şəhadətnaməsi olmayan şəxslərlə (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) əmək müqaviləsi bağlayan işəgötürənlərə qarşı sosial tərəfdaşların birgə nəzarətini gücləndirmək; 2.12. sahibkarlar (işəgötürənlər) tərəfindən rəsmi uçotdan gizlədilməklə, işçilərə verilən qeyri-rəsmi ödənişlərin leqallaşdırılması istiqamətində həyata keçirilən tədbirləri davam etdirmək.
3.Əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları
Tərəflər həm kişi, həm də qadınlar üçün azad, bərabərhüquqlu, təhlükəsiz və insan ləyaqətinə hörmət etmə tələblərinə cavab verən layiqli və məhsuldar işlə təminat imkanlarının təkmilləşdirilməsini milli iqtisadiyyatın və sosial siyasətin ən əsas istiqamətlərindən biri kimi qiymətləndirirlər. Bununla əlaqədar Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 3.1. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məşğulluq sahəsində razılaşdırılmış siyasəti həyata keçirmək məqsədi ilə regionlarda sosial tərəfdaşların və müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət ictimai əsaslarla fəaliyyət göstərən komitələrin yaradılmasını başa çatdırmaq, ictimai əsaslarla fəaliyyət göstərəcək analoji qurumun respublika səviyyəsində təsis edilməsini təmin etmək; 3.2. mövcud iş yerlərinin saxlanmasını və layiqli yeni iş yerlərinin yaradılmasını təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirləri həyata keçirmək; 3.3. Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramında, eləcə də gənclərin məşğulluğuna yönəldilmiş Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək; 3.4. gənclərin məşğulluğunun təmin edilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənc fəhlələrin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndirilən tədbirləri dəstəkləmək; 3.5. respublika və regionlar üzrə məşğulluq proqramlarının tam həcmdə maliyyələşdirilməsini təmin etmək və bu məqsəd üçün ayrılmış vəsaitin səmərəli istifadə olunmasına nəzarəti gücləndirmək; 3.6. fasiləsiz təhsilin təşkil edilməsi, kadrların peşə hazırlığının yaxşılaşdırılması ilə bağlı işləri davam etdirmək; 3.7. əmək, məşğulluq, əmək miqrasiyası sahələrində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə və razılaşdırılmış fəaliyyəti davam etdirmək; 3.8. əmək bazarının mövcud vəziyyətinin, məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin düzgün qiymətləndirilməsi məqsədi ilə iqtisadi zonalar üzrə müvafiq monitorinqlər keçirmək; 3.9. qeyri-formal məşğulluğun real vəziyyətinin öyrənilməsinə, onu yaradan səbəblərin aradan qaldırılmasına, eyni zamanda yaratdığı risklərlə bağlı ictimaiyyətin məlumatlandırılmasına dair tədbirlər görmək; 3.10. əməkçi miqrantların hüquqlarının müdafiəsi üzrə dövlətlərarası əməkdaşlığı həyata keçirmək; 3.11. ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrinin tələbə və şagirdlərinə əmək qanunvericiliyinin əsasları üzrə mühazirələr oxunmasını təşkil etmək; 3.12. işçilərin əmək hüquqlarını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müddətli əmək müqavilələrinin bağlanmasına yol verməmək; 3.13. əmək qanunvericiliyinin əməl olunmasına dövlət nəzarətini gücləndirmək; 3.14. Beynəlxalq Əmək Təşkilatının 1988-ci ildə qəbul etdiyi "Məşğulluğa köməklik və işsizlikdən müdafiə haqqında" 168 nömrəli Konvensiyasının ratifikasiya imkanlarını araşdırmaq; 3.15. biznes sahəsində risklərin sığortalanması istiqamətində tədbirlər həyata keçirmək; 3.16. ordudan tərxis olunmuş, cəzaçəkmə müəssisələrində cəza çəkmiş, qaçqın və məcburi köçkün gənclər, uşaq evlərindən buraxılan şagirdlər, əhalinin sosial adaptasiyaya ehtiyacı olan digər təbəqələri arasında müvafiq proqramların tədrisini davam etdirmək; 3.17. ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək, yeni məktəblərin istifadəyə verilməsinə diqqəti artırmaq: 3.18. investisiya layihələrinin müsabiqəsi keçirilərkən, yeni iş yerlərinin yaradılmasını və mövcud iş yerlərinin saxlanmasını nəzərə almaq; 3.19. əmək bazarının tələbatı əsasında işaxtaran və işsiz vətəndaşlar üçün peşəyönümü, peşə hazırlığı və yenidən hazırlığı istiqamətində işini davam etdirmək; 3.20. ilk peşə-ixtisas təhsili müəssisələrində şagirdlərin və gənclərin peşəyönümü, peşə hazırlığı sistemini təkmilləşdirmək; 3.21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 241-ci maddəsinin Yenidən Baxılmış Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması üçün zəruri tədbirlər həyata keçirmək.
4. Sosial müdafiənin gücləndirilməsi istiqamətləri
Tərəflər Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün aşağıda göstərilən tədbirlərin həyata keçirilməsini zəruri hesab edirlər: 4.1. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş "ehtiyac meyarı" göstəricisinin yaşayış minimumunun məbləğinə yaxınlaşdırılması, ünvanlı dövlət sosial yardımının təyinatında ünvanlılığın artırılması üçün zəruri tədbirlərin görülməsi; 4.2. əhalinin sağlamlığının mühafizəsi üzərində ictimai nəzarətin gücləndirilməsi; 4.3. İİV/QİÇS-ə, şəkərli diabet xəstəliyinə və digər xroniki xəstəliklərə tutulanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi; 4.4. məktəbəqədər təhsil müəssisələrində uşaq qidasının tərkibinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi; 4.5. məktəb tətilləri zamanı uşaqların istirahətinin təşkili işinin davam etdirilməsi, sağlamlıq düşərgələrinin sayının artırılması istiqamətində lazımi tədbirlərin görülməsi; 4.6. müəssisə və təşkilatların mənzilə ehtiyacı olan işçilərinin mənzillə təmin edilməsinin təşkili və Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinə uyğun olaraq (maddə 28) qəza vəziyyətində olan yaşayış sahələrinin (mənzillərin, binaların) mülkiyyətçi orqanlar (nazirlik, komitə, birlik və s.) tərəfindən tədricən yararlı vəziyyətə gətirilməsi və burada yaşayanların təhlükəsizliyinin təmin edilməsi; 4.7. sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan vəsait daxilində maliyyələşdirilməsinin təmin edilməsi, ayrılan vəsaitin səmərəliliyinin artırılmasına nail olunması; 4.8. səhiyyənin dövlət sektorunun prioritet rolunun saxlanılması və özəl tibb sektoruna təcrübəli həkim personalı axınının qarşısının alınması məqsədi ilə səhiyyə işçilərinin maddi təminatının yaxşılaşdırılması, aztəminatlı vətəndaşlara tibbi xidmətin dövlət təminatları əsasda ödənişsiz göstərilməsinin davam etdirilməsi; 4.9. iş yerlərində qadınların təbii və reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla, müasir tələblərə cavab verə biləcək sanitar-gigiyenik normaların işlənib hazırlanması; 4.10. idarə, müəssisə və təşkilatlar tərəfindən sığortaolunanlar barədə fərdi uçot haqqında qanunvericiliklə müəyyən olunmuş məlumatların vaxtında verilməsinin təmin edilməsi; 4.11. müəssisə, təşkilat və idarələrdə işçilərin məzuniyyət hüququndan istifadə edə bilməsinə nəzarətin gücləndirilməsi; 4.12. təhlükə mənbəli müəssisələrin işəgötürənləri tərəfindən işlərin görülməsi ilə əlaqədar sığorta risklərinin sığortalanmasının müəyyən olunmuş qaydada aparılmasına nəzarətin gücləndirilməsi; 4.13. əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsi, tikinti materiallarının qiymət və keyfiyyəti üzərində nəzarətin gücləndirilməsi; 4.14. müəssisə və təşkilatların vəsaiti hesabına tikilmiş mənzil sahəsinin işçilər arasında bölüşdürülməsi (paylanması) haqqında nümunəvi qaydaların hazırlanıb qəbul olunması; 4.15. uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi; 4.16. sosial infrastruktur yönümlü işlərin inkişaf etdirilməsi, xalq tətbiqi sənətinin dirçəldilməsi və inkişafı, turizm istirahət zonalarının yaradılması və bu sahələrə investisiyaların gücləndirilməsi hesabına qadınların məşğulluğunun artırılması; 4.17. qadınlara, xüsusilə də 20-30 yaşlı qadınlara, yeni peşələrin öyrədilməsinə və ixtisaslarının artırılmasına dair işin gücləndirilməsi; 4.18. ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyaların yaradılması; 4.19. ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrinin proqramlarına "Gender siyasətinin əsasları" tədrisinin daxil edilməsinə nail olunması; 4.20. ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan tələbə və şagirdlərin yataqxana ilə təmin olunması məqsədi ilə təkliflərin hazırlanması; 4.21. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işəgötürən tərəfindən işçilərin əlavə sığortalanması üçün əməli tədbirlərin görülməsi; 4.22. işçilərə verilən ödənişli əsas məzuniyyətin aşağı həddini 28 təqvim günü müəyyən edən Yenidən Baxılmış Avropa Sosial Xartiyasının 2-ci maddəsinə qoşulmaq üçün səy göstərilməsi; 4.23. uşağa bilavasitə qulluq edən şəxsin qismən ödənişli sosial məzuniyyətdən istifadə etdiyi müddətin əmək stajına görə əlavə məzuniyyət hüququ verən dövrə daxil edilməsi üçün birgə müzakirələrin aparılması; 4.24. sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması məqsədi ilə islahatların davam etdirilməsi; 4.25. işəgötürənlər tərəfindən sosial sığorta haqlarının vaxtında və tam həcmdə köçürülməsi üzərində nəzarətin gücləndirilməsi; 4.26. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanları tərəfindən sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim olunması.
5. Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik
Əmək hüquqlarının müdafiəsini, əməyin mühafizəsini, texniki və ekoloji təhlükəsizliyi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirərək, Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 5.1. "Təbii və texnogen fövqəladə hallar baş verdikdə əhalinin və ərazinin müdafiəsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsini hazırlamaq; 5.2. dövlət proqramlarını hazırlayıb qəbul etmək: 5.2.1. əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması barədə; 5.2.2. torpaqların və su hövzəsinin neft məhsullarından təmizlənməsi və rekultivasiyası, çirklənməyə qarşı xəbərdarlıq haqqında; 5.3. normativ sənədləri işləyib hazırlamaq və təsdiq etmək: 5.3.1. tikintidə texniki təhlükəsizlik qaydaları; 5.3.2. peşə xəstəliklərinin təhqiqi və uçota alınması qaydaları; 5.3.3. yeni və yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin əməyin mühafizəsi üzrə sertifikat-pasportunun verilməsi qaydaları; 5.3.4. İİV/QİÇS-lə bağlı sosial partnyorların fəaliyyətini tənzimləyən mexanizm və qaydalar; 5.4. əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması, təcrübə mübadiləsinin aparılması üçün şərait yaratmaq; 5.5. əməyin mühafizəsi tələblərinin gücləndirilməsi məqsədi ilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; 5.6. qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti gücləndirmək; 5.7. əmək şəraitindən asılı olaraq işçilərin müalicəvi-profilaktik yeməklərlə təmin olunmasına nəzarəti gücləndirmək; 5.8. əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda çalışanlar üçün kollektiv və fərdi mühafizə vasitələrinin istehsalını təşkil etmək; 5.9. iş yerlərində, o cümlədən sənaye müəssisələrində insanların sağlamlığının qorunması məqsədi ilə ekoloji təhlükəsizliyi təmin etmək; 5.10. "Əməyin təhlükəsizliyi və gigiyenası haqqında" 1981-ci ilin 155 nömrəli, "Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası haqqında" 2001-ci ilin 184 nömrəli, "Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsi əsasları haqqında" 2001-ci ilin 187 nömrəli Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına Azərbaycan Respublikasının qoşulması üçün tədbirlər görmək; 5.11. alternativ enerji (su, külək və günəş enerjisi) mənbəyindən geniş istifadə etmək məqsədi ilə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması barədə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini davam etdirmək.
6. Sosial partnyorluq və Tərəflərin fəaliyyətinin əlaqələndirilməsi
6.1. Sosial partnyorluq sistemini inkişaf etdirmək məqsədi ilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 6.1.1. sosial-iqtisadi siyasətin işlənilməsi və həyata keçirilməsi məsələləri üzrə məsləhətləşmələr aparmaq, sosial-əmək münasibətləri, əhalinin məşğulluğu, miqrasiya və sosial təminat sahəsində milli proqram, qanun və digər normativ hüquqi aktların layihələrini müzakirə etmək; 6.1.2. sosial partnyorluq sisteminin mövcudluğunu və inkişafını təmin edən qanunverici bazanın təkmilləşdirilməsi üzrə fəaliyyəti davam etdirmək, ölkə üzrə Milli Sosial Şuranın yaradılmasına dair razılaşdırılmış təkliflər hazırlamaq; 6.1.3. işçilərin sosial-əmək maraqlarına aid olan normativ hüquqi aktları Nazirlər Kabineti tərəfindən hazırlanarkən respublika həmkarlar ittifaqları və işəgötürənlər birlikləri ilə qabaqcadan müzakirə edərək qəbul etmək; 6.1.4. Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış "Sosial partnyorluq haqqında", "İşəgötürənlər birlikləri haqqında" qanun layihələrinin qəbul olunmasına səy göstərmək; 6.1.5. dövlət əmlakının özəlləşdirilməsi zamanı əmək kollektivlərinin maraqlarını tam nəzərə almaq məqsədi ilə özəlləşdirmə komissiyalarının tərkibinə həmkarlar ittifaqları nümayəndələrinin daxil edilməsinə nail olmaq; 6.1.6. MDB ölkələrinin Parlamentlərarası Assambleyası tərəfindən qəbul olunmuş model qanunlardan və digər normalardan milli qanunvericiliyin təkmilləşdirilməsində istifadə olunmasına səy göstərmək; 6.1.7. tarifləri dövlət tərəfindən tənzimlənən malların (xidmətlərin, işlərin) qiymətlərinin bahalaşması, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar sosial tərəfdaşlarla məsləhətləşmələr aparmaq. 6.2. Tərəflər aşağıdakı məsələlərin həllinə kömək göstərməyi öhdəlik kimi qəbul edirlər: 6.2.1. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən müəssisələrdə sosial-əmək münasibətlərini sosial partnyorluq prinsipləri əsasında tənzimləmək; 6.2.2. iqtisadi imkanlar nəzərə alınmaqla, əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial-iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən sahə (tarif) və ərazi (rayon) kollektiv sazişləri və kollektiv müqavilələri bağlamaq və həyata keçirmək; 6.2.3. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına çalışmaq. 6.3. Tərəflər sahə (tarif), ərazi (rayon) kollektiv sazişlərdə və kollektiv müqavilələrdə müəyyən edilmiş məqsədlər üçün müəssisə və təşkilatlarda işləyənlərin əməkhaqqı fondunun ən azı 0,15 faizinin həmkarlar ittifaqına ayırmalar edilməsini tövsiyə edirlər. 6.4. Tərəflər həmkarlar ittifaqına üzvlük haqlarının idarə, təşkilat və müəssisələrin mühasibatlığı vasitəsilə köçürmə yolu ilə ödənilməsinə razılıq verirlər. Köçürmələr əməkhaqlarının ödənilməsi ilə eyni vaxtda aparılır. Həmkarlar ittifaqlarının fəaliyyəti üçün lazım olan şəraitin yaradılması mövcud qanunvericiliyə uyğun olaraq həll edilir. 6.5. Tərəflər nəzərə alırlar ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sosial tərəfdaşlar tərəfindən razılaşdırılmış göstəricilər üzrə əhalinin həyat səviyyəsinin statistik müşahidəsini daimi həyata keçirir və Baş Kollektiv Sazişə əlavədə əks olunan göstəricilər barədə yarım ildə bir dəfə (iyul və fevral aylarında) Tərəflərə məlumat verir. 6.6. Tərəflər sosial-əmək və iqtisadi münasibətlər sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrinin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirir, bu sahədə infrastrukturun təkmilləşdirilməsini və birgə əməkdaşlığı təşkil edirlər. 6.7. Hər bir Tərəf qəbul olunmuş öhdəliklərin icrasını təmin edən tədbirlər hazırlayır. 6.8. Tərəflər götürdükləri öhdəlikləri yerinə yetirmədikdə, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 6.9. Baş Kollektiv Sazişin icrasına nəzarəti Tərəflərin müvafiq komissiyaları həyata keçirir və nəticələr hər ilin yekunlarına görə müzakirə edilir. 6.10. Baş Kollektiv Sazişə əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı əsasında edilir. 6.11. Baş Kollektiv Saziş 2010-2011-ci il müddətinə bağlanılır və imzalandığı gündən qüvvəyə minir. Yeni danışıqlar qüvvədə olan Baş Kollektiv Sazişin müddəti başa çatanadək qurtarmayıbsa, bu Baş Kollektiv Sazişin qüvvəsi Tərəflərin razılığı ilə üç ayadək uzadıla bilər. 6.12. Baş Kollektiv Sazişin icrasını və sosial-əmək münasibətlərinin tənzimlənməsi üzrə Tərəflərin fəaliyyətini işıqlandırmaq məqsədi ilə Tərəflər sosial tərəfdaşlığın inkişafına aid olan materialları respublika kütləvi informasiya vasitələri ilə yayırlar. 6.13. Baş Kollektiv Sazişə daxil edilmiş müddəalar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.
Baş Kollektiv Sazişə Əlavə
Əsas sosial-iqtisadi göstəricilər
Ümumi Daxili Məhsul (mln. manatla). Əsas kapitala investisiyalar (Ümumi Daxili Məhsulda faizlə). Sosial-mədəni tədbirlərə ölkə büdcəsindən ayrılan xərclər (mln.manatla). Ümumi Daxili Məhsulda faizlə (hər il may ayının ikinci ongünlüyü). Daimi əhalinin sayı (hər il may ayının ikinci ongünlüyü). Orta ömür uzunluğu. Doğum əmsalı. Ölüm əmsalı. Əhalinin təbii artımı (min nəfər 10000 nəfər əhaliyə). Orta hesabla adambaşına düşən pul gəlirləri (manatla). Sərəncamda qalan real pul gəlirləri (manatla). Hesablanmış orta aylıq əməkhaqqı (manatla): nominal (manatla, faizlə artım); real (faizlə artım); iqtisadiyyat ın sahələri üzrə (manatla). ümumi Daxili Məhsulda əməkhaqqının xüsusi çəkisi. Təyin olunmuş pensiyalar (kompensasiyalar nəzərə alınmaqla): orta aylıq məbləğ (manatla); nominal (manatla, faizlə artım); real (faizlə artım). İstehlak mallarının qiymət indeksi. Ailə büdcəsindən qida üçün sərf olunan orta məbləğ (manatla). İqtisadiyyatda məşğul olanların sayı (min nəfərlə). İqtisadi fəal əhalinin sayı (min nəfərlə). Məşğul olan işçilərin bölünməsi (min nəfərlə): status üzrə (hər il may ayının ikinci ongünlüyü); sahələr üzrə. Qeydə alınmış işsizlərin sayı (min nəfərlə). İşsizlik statusu olanların sayı (min nəfərlə). Bir iş yeri vakansiyasına işsizlərin sayı. İstehsalat xəsarətləri (zədələri) o cümlədən: ölümlə nəticələnən; ağır və təhlükəli əmək şəraitində. İşləyənlərin xüsusi çəkisi (faizlə) (hər il may ayının ikinci ongünlüyü) o cümlədən: qadınların. Əsas növlər üzrə peşə xəstəlikləri.
|