AHİK-in təqdimatı böyük maraq doğurdu
Fevralın 10-11-də Macarıstanın paytaxtı Budapeşt şəhərində "Qeyri-formal əmək münasibətlərində olan işçilərin təmsil edilməsi və onların hüquqlarının inkişafı" 2008-2010-cu illərə dair layihənin MDB ölkələrində icrası ilə bağlı yekun seminar keçirilmişdir. Panavropa Regional Həmkarlar İttifaqları Təşkilatının təşəbbüsü və Fridrix Ebert Fondunun maliyyə dəstəyi ilə baş tutmuş tədbirə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərləri, ekspertləri, Beynəlxalq Əmək Təşkilatının mütəxəssisləri, Azərbaycan, Xorvatiya, Serbiya, Belçika, Macarıstan, Rusiya, Ukrayna, Gürcüstan, Qırğızıstan, Moldova və Ermənistan həmkarlar ittifaqı təşkilatlarının məsul işçiləri dəvət olunmuşdular.
Azərbaycanı seminarda ölkə üzrə layihənin rəhbəri, AHİK sədrinin müavini A.Dadaşov, layihənin milli koordinatoru, AHİK-in baş mütəxəssisi A.İbrahimov, "Miqrantlar Mərkəzi" qeyri-hökumət təşkilatının rəhbəri Ə.Əliyev təmsil edirdilər. Seminarda bildirilmişdir ki, Panavropa Həmkarlar İttifaqları Təşkilatı gizli iqtisadiyyat probleminə heç də birmənalı yanaşmır. Onun əhalinin məşğulluğu baxımından müsbət rolunu da qiymətləndirir. Çıxışlarda həmkarlar ittifaqlarının bu sahədə müvəffəqiyyətləri ilə yanaşı, uğursuzluqları da təhlil obyektinə çevrilmişdir. Tədbirdə qeyri-formal iqtisadiyyatın azaldılması üzrə dövlətlərin siyasəti, sosial dialoq və həmkarlar ittifaqlarının strategiyaları, işçilərin ayrı-ayrı kateqoriyalarının maraqları və s. bu kimi məsələlər də müzakirə olunmuşdur. Sonda gələcək fəaliyyət planı müzakirə edilmiş, layihənin davam etdirilməsi tövsiyə olunmuşdur. Seminar iştirakçılarına AHİK-in layihə çərçivəsində həyata keçirdiyi tədbirlərin prezentasiyası təqdim olunmuşdur. İngilis və rus dillərində hazırlanmış təqdimat xüsusi maraq doğurmuşdur. Təqdimatdan bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq. Təqdimatda qeyd olunur ki, AHİK-in III Qurultayının qonaqlarının ölkə Prezidenti ilə görüşü zamanı BAHİK-in rəhbərləri Azərbaycanda qeyri-formal iqtisadiyyata dair layihənin həyata keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Sonrakı ayda həmkarlar ittifaqları fəalları üçün sosial tərəfdaşların iştirakı ilə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası) ilk seminar keçirilmişdir. 2008-ci ilin may-dekabr aylarında layihənin reallaşmasını təmin edən işçi qrupu yaradılmış, fəaliyyət planı işlənilmiş, qeyri-formal iqtisadiyyatla bağlı məlumatlandırıcı kitabça hazırlanmış, təhliledici arayış tərtib edilmişdir.
1) Ölkədə qeyri-formal iqtisadiyyatın mahiyyəti, miqyası, tendensiyaları
Qeyri-formal iqtisadiyyatın həcmləri: dəyər ifadəsi ilə rəsmi statistika - 16-18% beynəlxalq təşkilatlar və ekspertlər - 60% məşğul olanların sayı üzrə rəsmi statistika - 8-10% beynəlxalq təşkilatlar və ekspertlər - 60% sosial sığorta ilə əhatə olunan işçilərin xüsusi çəkisi - 41,4% Tendensiya - azalma (müxtəlif yanaşmalarda yekdil rəy)
2) Respublika həmkarlar ittifaqı fəallarının məlumatlandırılmasının artırılması
l məlumatlandırıcı materialların nəşr olunması. 2008-ci ildə qeyri-formal iqtisadiyyatla bağlı BHİK-in kitabçası Azərbaycan dilinə tərcümə edilmiş, bizim əlavələrimizlə nəşr edilmişdir. 2009-cu ildə "Solidarnost" Polşa Həmkarlar İttifaqları Təşkilatının materialları əsasında "İşçilərin təşkilatlandırılması" kitabçası çap olunmuşdur. l Seminarlar, treninqlər, dəyirmi masalar. l kütləvi-informasiya vasitələri. Bütün tədbirlər AHİK-in "Ülfət" qəzetində geniş işıqlandırılmışdır. Bu işdə "RİA-novosti", "Trend", həmçinin AzərTAc informasiya agentlikləri də fəal iştirak etmişlər. Bəzi tədbirlərin gedişi TV kanalları vasitəsilə əhaliyə çatdırılmışdır. Müxbirlər və mütəxəssislər üçün müvafiq müsabiqənin şərtləri hazırlanmışdır.
3) Sosial tərəfdaşların cəlb edilməsi
l layihə üzrə tədbirlərin böyük əksəriyyəti sosial tərəfdaşların iştirakı ilə keçirilmişdir; l qeyri-formal iqtisadiyyatla bağlı problemlər Baş Kollektiv Saziş üzrə aparılan danışıqların mövzusuna daxil edilmişdir; l sahə kollektiv müqavilələr çərçivəsində yerlərdə birgə fəaliyyət haqqında tövsiyələr verilmişdir; l mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanmışdır; l üçtərəfli qurumun yaradılmasının zəruriliyi haqqında razılıq əldə olunmuşdur.
4) İşçilərin təşkilatlandırılması
l mehmanxana komplekslərin Assosiasiyasında həmkarlar ittifaqının ilkin təşkilatı yaradılmışdır. Genişmiqyaslı konfrans və kollektiv müqavilənin layihəsi hazırlanır; l 7 nəfər zərgərdən ibarət həmkarlar ittifaqı ilkin təşkilat təsis edilmişdir. Hazırda üzvlük 77 nəfərə çatdırılmışdır; l Xırdalan şəhərində tikiş müəssisəsinin 60 işçisi və Bakı şəhərində döşəklərin istehsalı ilə məşğul olan sexin 15 işçisi təşkilatlandırılmışdır; l "Akkord" tikinti şirkətində həmkarlar ittifaqının ilkin təşkilatı yaradılmışdır (3500 üzv), kollektiv müqavilə ətrafında danışıqlar aparılır. Miqrantlarla iş barədə Rusiya və Qazaxıstan həmkarlar ittifaqları ilə razılaşma əldə olunmuşdur; l aqrosənaye kompleksində 2008-2009-cu illər ərzində 19 ilkin təşkilat yaradılmış, onların 15-i özəl müəssisədir (üzvlük, müvafiq olaraq 3500 və 2870 nəfərdir); l Gəncə şəhərində 300 nəfər avtobus sürücüsü təşkilatlandırılmışdır, hazırda Bakı şəhərində yeni inşa olunmuş avtovağzalda həmkarlar ittifaqı təşkilatının təsis edilməsi ətrafında danışıqlar aparılır.
I. Bəzi uğurlar
l məlumatlılıq kəskin şəkildə artmışdır, xüsusilə həmkarlar ittifaqlarının üzvləri arasında; l sosial tərəfdaşların diqqətini problemə cəlb etmək mümkün olmuşdur; l bir sıra tədbirlər Baş Kollektiv Sazişə daxil edilmişdir; l sahə kollektiv sazişlər üzrə müvafiq tövsiyələr verilmişdir; l qanunvericiliyin təkmilləşdirilməsi üzrə fəaliyyət aktivləşmişdir; l əmək miqrantları ilə işdə fəallıq müşahidə olunur; l gələcəkdə yaradılacaq üçtərəfli qurum çərçivəsində qeyri-formal iqtisadiyyatla bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.
II. Bəzi çətinliklər
l qlobal böhran; l hökumət və onun qurumları bizimlə çətinliklə əməkdaşlıq edirlər, bəzi hallarda isə maneələr yaradırlar; l işəgötürənlərdə həmkarlar ittifaqlarına əsl maraq hiss olunmur; l statistika - xüsusi və çox böyük problemdir; l əmək miqrantlarda iş.
III. Yekunlar. Nəticələr. Tövsiyələr.
1. Azərbaycanda qeyri-formal iqtisadiyyat, digər ölkələrdə olduğu kimi, reallıqdır və geniş yayılmışdır. 2. Problem eyniliklə hər bir sosial tərəfdaş üçün vacibdir. Səylərin birləşdirilməsi labüddür. 3. Statistika: kəmiyyət göstəriciləri mühüm dərəcədə fərqlənir. Birgə monitorinqi biz apara bilərik və aparmalıyıq. (Sponsor?) 4. Təkcə inzibati tədbirlər kifayət etmir. 5. İnformasiya-təbliğat kampaniyası müstəsna əhəmiyyət kəsb edir. Bu fəaliyyət gənc insanlara istiqamət vurğulanmaqla davam etdirilməlidir. 6. BHİK və BƏT-in səylərinin birləşdirilməsi mümkündür. Hər halda BƏT bu məsələni layiqli əmək üzrə ölkə proqramlarında nəzərdə tuta bilər və tutmalıdır. 7. Statistik orqanlar üçün daha dəqiq tövsiyələr işlənilməlidir. 8. Toplanılmış təcrübə mütəmadi tamamlanmalı və bizə çatdırılmalıdır. Bu işdə də BƏT-in iştirakı vacibdir. 9. Layihə üzrə fəaliyyət davam edərsə prioritetlərə yenidən baxılmalıdır. Orqanayzinq vacibdir, lakin qeyri-formal iqtisadiyyatın azaldılmasına və leqallaşdırılmasına daha çox diqqət yetirilməlidir. 10. Əmək miqrantları üzrə, bu fenomenin miqyaslarını nəzərə alsaq, çox guman ki, ayrıca layihə hazırlanmalıdır.
|