Mədəniyyət İşçiləri Müstəqil HİRK-in VI plenumu keçirildi

Fevralın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfedersiyasında Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublka Komitəsinin VI plenumu keçirildi. Plenumda AHİK-in II Məclisinin üzv təşkilatlarda hesabat-seçki kampaniyalarının vahid müddətdə keçirilməsi qərarı əsas götürülərək sahə Hİ təşkilatlarında seçkili orqanların səlahiyyətinin 2012-ci ilə qədər uzadılması barədə təklif yekdilliklə qəbul olundu. RK sədri Cəmilə Səttarova "Vətəndaş cəmiyyətində Mədəniyyət İşçiləri Müstəqil HİRK-in inkişaf meyilləri, problemləri və vəzifələri" haqqında məruzə ilə çıxış etdi. Dedi ki, təşkilatımız ölkədə baş verən sosial-iqtisadi proseslərdən heç vaxt kənarda qalmayıb.
Məruzəçi 2005-2010-cu illər üzrə əsas istiqamətlər proqram sənədinin ümumən yerinə yetirildiyini qeyd etdi: "Ötən dövr ərzində şəhər, rayon və ilk həmkarlar ittifaqı komitələrində mühüm struktur dəyişiklikləri aparılmışdır. Respublika Komitəsində sosial-iqtisadi və hüquq şöbələri yaradılmışdır. İttifaq üzvlərinin sayı xeyli artıb. İşləyən qadınların bərabərhüquqluluğunun təmin edilməsi, əmək qanunvericiliyində nəzərdə tutulmuş sosial təminatlara riayət edilməsi istiqamətində iş gücləndirilmişdir. Mədəniyyət sahəsində çalışanların əməkhaqqı 4 dəfə artırılmışdır. Üzvlük haqlarının əməkhaqqının 2 faizi miqdarında tutulmasına nail olunmuşdur".
C.Səttarova növbəti 2 il üçün respublikada vətəndaş cəmiyyətinin formalaşmasında Mədəniyyət İşçiləri Müstəqil HİRK-in üzərinə də böyük məsuliyyət düşdüyünü dedi: "Həmkarlar ittifaqı orqanlarının işəgötürənlərlə münasibəti, ittifaq üzvlərinin konstitusiya ilə tənzimlənən sosial-iqtisadi hüquqlarının müdafiəsi sahəsində də bir çox işlər görüləcək. Həmkarlar ittifaqlarının müasirləşdirilməsi prioritet istiqamətlərdən biri olacaq. Bundan ötrü təşkilati işlərin aparılması, həmkarlar ittifaqının kadr təminatı, fəalların təhsili, məlumat işi və beynəlxalq həmkarlar ittifaqları hərəkatına inteqrasiyanın təkmilləşdirilməsi nəzərdə tutulub".
RK sədri həmçinin bildirdi ki, işçilərin sosial müdafiəsini yalnız güclü həmkarlar ittifaqı təmin edə bilər.
Plenumda Sona Həziyeva (Zaqatala) , Sahib Axundov (Gəncə), Əbil Cəfərov (Quba), Telman Əzimov (Sabirabad), Hacıbala Ramazanov (Astara) və s. rayon komitələrinin sədrləri də çıxış etdilər. Komitə sədrləri işçiləri üçün normal şəraiti yarada bilmədiklərini, əmək kitabçalarının olmadığını və özlərinin aldıqları məvacibdən narazı olduqlarını dedilər.
Plenumun sonunda 18 şəhər və rayon komitəsi (Naftalan, Ucar, İmişli, Masallı, Xaçmaz, Quba, Salyan, Abşeron, Zərdab, Göygöl, Göyçay, Qobustan, Siyəzən, Qusar, Biləsuvar, Neftçala, Xocavənd və Qubadlı) kompyuter dəsti ilə təmin edildi.
Gülər KƏRİMLİ.



«Mədəniyyət İşçiləri Müstəqil HİRK-in VI plenumu keçirildi»   -
«Ülfət Qazeti»   -