Problemlər yerində həll olunur

AHİK-in "Həyati əhəmiyyətli qərarlar " beynəlxalq layihə çərçivəsində növbəti seminarı Gəncə şəhərində keçirildi.
"Qızıl əllər" peşə məktəbində gənc tələbələrlə çox maraqlı görüş oldu. Seminarın tələbə gənc qızlar üçün faydası çox böyükdür. Çünki bu günün tələbələri sabah xidmət sahəsinin mütəxəssisləri olacaqlar.

"Xidmət-İş" Hİ Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov, Federasiyanın Gəncə Şəhər Komitəsinin sədri Zülfüqar Sultanov gənc qızlara gələcək iş prosesində işəgötürənlə qanunvericilikdə olan ilk münasibətlər haqqında maraqlı məlumatlar verdilər. Görüşdə məlum oldu ki, gənc qızlar gələcək peşələrinə daha yaxşı yiyələnmələri üçün informasiya texnologiyasından səmərəli istifadə etmirlər.
Bu problem seminar vaxtı həll olundu. Görüşə dəvət olunmuş Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva seminarda iştirak edən qızlara, onların istəyi ilə, iki ay ərzində kompyuter proqramlarına yiyələnmələrinə kömək edəcəyinə söz verdi. Tələbələrin əksəriyyəti yaşadıqları problemlərdən söhbət açdılar. Bu problemlərdən biri kənd yerlərində qızları gənc yaşlarında (15 yaşında) nikaha cəlb etməkdir. Şübhəsiz ki, bu, gənc qızların gələcək həyatlarında çox ciddi çətinliklər yaradır.
Digər seminar şəhərin rabitə sektorunda çalışan gənclərlə oldu. Gəncləri maraqlandıran sualları Rabitə İşçiləri HİRK-in sədr müavini Rəşad Səfərov, RK-nın Gəncə Şəhər Komitəsinin sədri Ayət Sadıxov, layihənin koordinatoru Cəmaləddin İsmayılov cavablandırdılar. Gənc qızları narahat edən məsələlərdən biri işəgötürənlərin özbaşınalığı və Əmək Məcəlləsinin tələblərinə riayət etməmələridir.
Hər iki tədbirdə qərara alındı ki, bu cür problemləri aradan qaldırmaq üçün regionlarda maarifləndirici seminarlar tez-tez keçirilsin.
Fərman ATAKİŞİYEV.



«Problemlər yerində həll olunur»   -
«Ülfət Qazeti»   -