Maarifləndirmə diqqət mərkəzində
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə "Azərbaycanda gender siyasətinin həyata keçirilməsinin əsas fəaliyyət istiqamətləri" adı altında həmkarlar ittifaqı fəalları, şəhər, birlik, müəssisə həmkarlar ittifaqı komitəsi sədrləri üçün seminar keçirildi. Seminar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasında baş tutdu. İlk öncə Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov seminarı giriş nitqi ilə açaraq sözü təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri Xəyalə Məmmədovaya verdi.
Xəyalə xanım Azərbaycanda gender siyasətinin bugünkü vəziyyəti, eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bu sahədə gördüyü işlər barədə seminar iştirakçılarını məlumatlandırdı. Məruzəçi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsini əsas tutaraq, kişi ilə qadının eyni hüquqları və azadlıqlarının olmasını, lakin bir çox hallarda, xüsusilə də qadınların onlara verilən qanunlar və hüquqlar barədə lazımi dərəcədə məlumatları olmadıqları üçün cəmiyyətdə öz mənafelərini müdafiə edə bilmədiklərini vurğuladı. Məhz buna görə də həmkarlar ittifaqları komitələri işçilərin gender məsələləri üzrə maarifləndirilməsinə öz fəaliyyətlərində xüsusi yer ayırmalıdır. AHİK-in şöbələri, sahə həmkarlar ittifaqları əhaliyə pulsuz hüquq məsləhəti verilməsi təcrübəsini davam etdirməli, birbaşa əmək kollektivlərində hüquqşünas məsləhəti saatlarını təşkil etməli, şəhər və rayonlarda müxtəlif mövzulara həsr olunmuş seminar, treninq, dəyirmi masa ətrafında müzakirələr təşkil etməlidirlər. Bu işlərin həyata keçirilməsində "ÜLFƏT" qəzetinin "Hüquq məsləhətxanası" rubrikası altında vətəndaşların çoxsaylı suallarının peşəkar hüquqşünaslar tərəfindən cavablandırılmasının, eyni zamanda həmkarlar ittifaqları strukturlarında yaradılan gender bərabərliyi və qadın problemləri ilə məşğul olan komissiyaların fəaliyyətinin xüsusi əhəmiyyəti qeyd edildi. Seminarda Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova və AHİK-in şöbə müdiri Namiq Hüseynov da iştirak edirdilər. Sonda Namiq Hüseynov seminarla bağlı xoş təəssüratlarını bölüşərək, ilk öncə bu cür yüksək səviyyədə görüş təşkil etdikləri üçün Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin minnətdarlığını bildirərək, birgə layihələr çərçivəsində belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin nə qədər vacib olduğunu bildirdi.
|