Gender bərabərliyinə xüsusi önəm verilir

Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil HİRK-in İcraiyyə Komitəsinin iclası keçirilmişdir. İclasda "Sahə müəssisələrində gender bərabərliyi vəziyyətinin təhlili", "28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Gününü sahə müəssisəsi olan "BOT" MMC-də keçirilməsi haqqında" və "Üzv təşkilatlarda ittifaq üzvlərinin qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə" məsələlər müzakirə edilmişdir.

RK-nın sədri Nərgizxanım Məmmədova çıxış edərək qeyd etdi ki, 2010-cu il yanvarın 1-nə olan statistik məlumata əsasən, sahə üzrə 8014 nəfər işçi var. Onlardan 77,4 %-ni, yəni 6201 nəfərini qadınlar təşkil edir.
RK-nın təşkilatçılığı ilə sahə müəssisələrində gender bərabərliyinin vəziyyəti yoxlanılmış, anonim sorğular aparılmış, kadrlar şöbəsində işə qəbul olunan və işdən çıxarılan kişi və qadınlar haqqında göstəricilər nəzərdən keçirilmişdir. İşləyən sahə müəssisələrində qeyri-qanuni işdən azad olunma halları aşkarlanmamışdır. Əsas işçi qüvvəsi olan qadınlarımıza təhlükəsiz iş şəraiti yaradılmışdır. Son bir ildə "Bakı-Əyirici-Trikotaj" ASC-yə, sifarişlərin artması ilə əlaqədar, əlavə olaraq 21 nəfər işə qəbul olunmuşdur. Onlardan 16-sı qadındır. "BOT" MMC-nin rəhbərliyi ötən il ərzində işçiləri fasiləsiz işlə təmin etmişdir. İstehsalatın həcminin artması ilə əlaqədar 40 nəfər işlə təmin olunmuşdur. Onlardan 32 nəfəri qadındır.
Bundan başqa, "Şəki-İpək" ASC-nin sex və istehsalat sahələrində Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Mərkəzi mütəxəssislərinin iştirakı ilə seminar təşkil olunmuşdur.
N.Məmmədova nəzərə çatdırdı ki, sahə üzrə 2010-cu il üçün 17 kollektiv müqavilə bağlanmış və bu müqavilələrə gender bərabərliyi bölməsi salınmışdır.
Gündəlikdə duran ikinci məsələ barədə RK-nın baş texniki əmək müfəttişi Sürayyə Məmmədova məlumat verərək bildirdi ki, 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günü ənənə olaraq hər il sahə müəssisələrinin birində qeyd olunur. Bu il RK-nın tədbirlər planına uyğun olaraq, həmin gün "BOT" MMC-də keçiriləcək.
Daha sonra RK-nın mütəxəssisi Zərqələm Bəşirova üçüncü məsələ barədə məlumat verdi. O dedi ki, RK-ya 2009-cu hesabat ilində sosial-iqtisadi təminatla əlaqədar 11, əmək hüquqlarının müdafiəsi ilə bağlı 64, maddi yardım göstərilməsi ilə əlaqədar 119 ərizə daxil olmuşdur. İlk təşkilatlara isə 81 nəfər şifahi müraciət etmiş, 55 nəfər RK-nın rəhbərliyi tərəfindən qəbul edilmişdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq RK-nın İcraiyyə Komitəsi qərara almışdır ki, ərizə, şikayət və şifahi müraciətlər dərindən öyrənilsin, analiz edilərək əməli işdə istifadəsi təmin edilsin.



«Gender bərabərliyinə xüsusi önəm verilir»   -
«Ülfət Qazeti»   -