Veteranlar diqqətdən kənarda qalmır

Faşizm üzərində qələbənin 65 illiyi münasibətilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Gəncə Şəhər Komitəsi tərəfindən məktəblərdə görüşlər keçirildi, vətənpərvərlik ruhunda söhbətlər aparıldı.

Qeyd edək ki, indi məktəblərdə bir neçə Böyük Vətən müharibəsi veteranı çalışır. Belələrindən biri və 24 saylı orta məktəbin müəllimi Əsgər Zeynalabdinovdur. Bu günlərdə həmin məktəbdə Qələbə günü ilə bərabər Əsgər müəllimin də 85 illiyi təntənəli şəraitdə qeyd olundu. Veteran keşməkeşli döyüş yolundan danışdı. Sahə Hİ Gəncə Şəhər Komitəsi ona pul mükafatı və “Bilgəh” sanatoriyasına yollayış hədiyyə etdi.
Böyük qələbənin ildönümü ilə əlaqədar tədbirlər şəhər veteranlar təşkilatında yekunlaşdı. Həmkarlar ittifaqı komitəsi hesabına keçmiş döyüşçülər üçün çay-şirniyyat süfrəsi açdı. Komitə veteranlara bayram sovqatı gətirmişdi. Görüşdə şəhər veteranlar təşkilatının sədri Rza Hacıyev dünya insanlarının faşizm təhlükəsindən xilasında azərbaycanlıların da rəşadətindən, ümummilli lider Heydər Əliyevin "Qızıl Fond" adlandırdığı veteranlara göstərilən qayğıdan söz açdı.
TİAHİ Gəncə Şəhər Komitəsinin sədri Bayram Hacıyev veteranların hər cür qayğı və ehtirama layiq olduğunu vurğuladı. Komitə bir qrup 2-ci Dünya müharibəsi veteranına böyük Qələbənin 65 illiyi münasibətilə pul mükafatı verdi.

F.ATAKİŞİYEV.



«Veteranlar diqqətdən kənarda qalmır»   -
«Ülfət Qazeti»   -