Bəlanın qarşısı necə alınmalı?
Mayın 31-də AHİK-in kiçik iclas zalında "HİV QİÇS ilə mübarizədə həmkarlar ittifaqlarının rolu" mövzusunda seminar keçirilmişdir. Seminarı giriş sözü ilə AHİK sədrinin müavini Aqil Dadaşov açmışdır. O, toplantının məqsədi və əhəmiyyəti barədə məlumat vermişdir. Demişdir ki, bu gün müzakirəyə çıxardığımız məsələ təcili, uzunmüddətli tədbirlər görməyi tələb edir. QİÇS bəşəriyyətin bəlasına çevrilməkdədir. Milyonlarla insan bu infeksion xəstəlikdən əziyyət çəkir. Bəla burasındadır ki, hər il QİÇS-ə yoluxanların sayı təxminən 2 dəfə artır. Onların arasında gənclər-şagird və tələbələr üstünlük təşkil edir. Təəssüf ki, bu xəstəliyin radikal müalicəsi hələ də tapılmayıb. Bizi ən çox kədərləndirən QİÇS-in Azərbaycanda da get-gedə geniş miqyas alması və hər il onlarla insanın dünyasını dəyişməsinə səbəb olmasıdır. Belə təhlükəli vəziyyətə təbii ki, həmkarlar ittifaqları biganə qala bilməz. Biz bu gün burada uzun illərdən bəri QİÇS-lə AHİK, rayon, şəhər, ilk təşkilatlar, eləcə də beynəlxalq səviyyədə aparılmış profilaktik işləri təhlil etmək, qabaqcıl təcrübəni öyrənib gələcəkdə ondan bəhrələnmək üçün toplaşmışıq. Problemlə bağlı təşkilatımız qarşısında duran vəzifələri və əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirməliyik. Seminarda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Moskva Ofisinin direktoru Andrey Mrostun və Beynəlxalq Əmək Təşkilatının Moskva Ofisinin nümayəndəsi Yelena Kudryavtsevanın, Azərbaycan QİÇS Mərkəzinin direktoru Həqiqət Qədirovanın geniş məruzələri dinlənildi. Tədbir mövzu ətrafında müzakirələrlə başa çatdı.
|