Gender bərabərliyi müzakirə edildi

"Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının Gender Bərabərliyi və Qadın Problemləri üzrə Komissiyasının növbəti iclası olmuşdur.
İclası giriş sözü ilə açan Federasiyanın vitse-prezidenti Sadət Tahirova əvvəlcə Avropa Şurasının "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda Bakıda keçirdiyi konfrans barədə qısa məlumat vermişdir. Sonra bu sahədə dövlətimizin yeritdiyi siyasətdən, cəmiyyətimizdə müsbətə doğru baş verən dəyişikliklərdən danışdı. Qeyd etdi ki, Azərbaycanda ölkə başçısı tərəfindən qadın hüquqları və gender bərabərliyi ilə bağlı 142 sənəd imzalanmışdır. Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasına dair konvensiya ratifikasiya edilmiş, "Gender bərabərliyinin təmin edilməsi haqqında" qanun qəbul olunmuşdur.
Sadət xanım bildirmişdir ki, dünya ictimaiyyətini ən çox narahat edən problemlərdən biri məişət zorakılığıdır. Hətta inkişaf etmiş ölkələrdə qadınlar müxtəlif növ zorakılığa məruz qalırlar. Azərbaycan da bu məsələdə istisna deyil. Sevindirici haldır ki, məişət zorakılığı haqqında qanun layihəsinə Milli Məclisdə baxılıb. Yaxın vaxtlarda qanun layihəsinin təsdiq olunacağı gözlənilir.
O, daha sonra dedi: Bizim sahə təşkilatlarında 49.215 Hİ üzvünün 22.192 nəfəri- 45,1 faizi qadındır. Onlardan 227 nəfəri rəhbər vəzifələrdə çalışır.
S.Tahirova çıxışının sonunda tövsiyə etdi ki, gündəliyə çıxarılan məsələ kollektiv müqavilələr bağlanarkən mütləq nəzərə alınmalıdır.
Onlarla təşkilat məsullarının dəvət olunduğu tədbirdə gender bərabərliyi mövzusunda digər çıxışlar da dinlənildi. Qadınların, xüsusilə gənc xanımların iş şəraitinin yaxşılaşdırılması, onların rəhbər vəzifərələ irəli çəkilməsi üçün yollar arandı.
Qərara alındı ki, bu istiqamətdə yerlərdə aparılan işin səmərəliliyi daha da yüksəldilsin.



«Gender bərabərliyi müzakirə edildi»   -
«Ülfət Qazeti»   -