HƏMKARLAR İTTİFAQLARININ GƏLƏCƏYİ GƏNCLƏRƏ MƏXSUSDUR...

Bu fikir Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası (MİHİF) Mərkəzi Komitəsinin bu günlərdə keçirilmiş IV iclasının leytmotivini təşkil etmişdir
Geniş məruzə ilə çıxış edən Federasiyanın prezidenti Əli Hümbətov demişdir ki, MİHİF-in xidmətində olan müəssisə, idarə və təşkilatlarda çalışan gənc üzvlərin, peşə məktəbi şagirdlərinin əmək, sosial və iqtisadi problemlərinin həllini gündəlik fəaliyyətlərinin əsas istiqamətlərindən sayırlar. Gənclər təşkilatımızın MİHİF-in diqqət və qayğısına, dayağına ehtiyacı duyduğu kimi, Federasiyanın da öz sıralarına fəal və təşəbbüskar gənclərin cəlb olunmasına, onların biliyinin və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə böyük tələbatı vardır. Məhz bu səbəbdəndir ki, Federasiya gənclərlə işə, onların təhsilə cəlb olunmasına, istehsalat fəaliyyətinin və məişətinin təşkil olunmasına xüsusi diqqət yetirir.
MİHİF-in Gənclər Təşkilatı var və o, üç il öncə yaradılmışdır. Təşkilatın əsas vəzifəsi gənclərin problemlərini öyrənib həlli yollarını tapmaq, onların maraq və mənafelərini qorumaq, gənclərlə əlaqədar proqram hazırlayıb həyata keçirmək, mədəni-kütləvi tədbirlərə cəlb etmək, ictimai həyatda və iş yerlərində fəallıqlarını artırmaqdır. Qeyd edilmişdir ki, ötən bu müddət ərzində Suraxanı Maşınqayırma Zavodu Törəmə Açıq Səhmdar Cəmiyyətində "MİHİF-in nəzdində yaranmış Gənclər Təşkilatının fəaliyyəti və vəzifələri haqqında", "Bakı Fəhləsi" Maşınqayırma Zavodu Törəmə ASC və Gəncə "Gil-Torpaq" İstehsalat Sahəsində "MİHİF-in gənclər siyasəti və gənclərin həmkarlar ittifaqına cəlb edilməsi məsələləri", "Azəralüminium" ASC və "Zərgərsənaye" İstehsalat Birliyində "İşçi qadınların və gənclərin əməyinin xüsusiyyətləri, onlara verilən güzəştlər, imtiyazlar və kompensasiyalar" mövzularında seminarlar keçirilmişdir.
Federasiyanın texniki imkanlarından istifadə edilərək gənc Hİ fəalları üçün "Əmək münasibətlərində gənclərin hüquqları", "Əməyin və sağlamlığın mühafizəsi haqqında" və s. bu kimi kiçikformatlı metodik vasitələr hazırlanmışdır. MİHİF-in Gənclər Təşkilatının sədri Z.Muradov bir sıra ölkədə keçirilmiş beynəlxalq səviyyəli seminarlarda təlimçi və aparıcı - moderator kimi iştirak etmişdir. Yay mövsümlərində ilk Hİ təşkilatlarının gənc üzvləri üçün Nabrana səyahətlər təşkil olunmuşdur.
Dost ölkələrin həmkarlar ittifaqı təşkilatları ilə sıx əlaqələrin və qarşılıqlı həmrəyliyin davam etdirilməsi uşaq və gənclərin dünya görüşlərinin artmasına və mənəvi inkişafına zəmin yaratmışdır. Bu sözlər də iclasda səslənmişdir. Deyilmişdir ki, Azərbaycan həqiqətlərinin dünya gənclərinə çatdırılması üçün 2003-cü ildən üzü bəri sahə müəssisələri işçilərinin uşaqlarından ibarət qrupların Türkiyə Cümhuriyyətində keçirilən Beynəlxalq Uşaq Festivalına və türkiyəli uşaqların respublikamıza səfərləri təşkil olunmuşdur.
Nəzərə çatdırılmışdır ki, sahə müəssisələrinin nəzdində fəaliyyət göstərən mədəni-məişət müəssisələrində və idman obyektlərində uşaq və gənclər üçün təşkil olunmuş tədbirlərə xüsusi yer verilmişdir. Əsasən gənclərdən ibarət olan metalçı idmançılar "Zenit" İdman Cəmiyyətinin xətti ilə keçirilmiş respublika spartakiadasında öncül yerlərdən birini tutmuşlar.
Yığıncaqda Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Mərkəzi Komitəsi metal sənayesinin gənc işçilərinə müraciət qəbul etmişdir.
İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayına nümayəndələr və rəhbər seçkili orqanlarına üzvlər seçilmişdir.



«HƏMKARLAR İTTİFAQLARININ GƏLƏCƏYİ GƏNCLƏRƏ MƏXSUSDUR...»   -
«Ülfət Qazeti»   -