ÇEVİKLİK BAŞLICA MEYAR OLMALIDIR

Bu günlərdə Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində bir qrup həmkarlar ittifaqı liderinin iştirakı ilə keçirilən "Dəyirmi masa"da AHİK-in növbəti III qurultayına çıxarılacaq təkliflər müzakirə olunmuşdur. Tədbiri giriş sözü ilə Respublika Komitəsinin sədri Cahangir Əliyev açmışdır. O, ötən qurultaydan sonra neft sənayesi işçilərinin əmək və sosial qayğılarının həyata keçirilməsi istiqamətində aparılan işlərdən danışmışdır. Həmçinin AHİK-in ötən 5 ildə hökumət, Milli Məclis səviyyəsində qaldırdığı, həllinə nail olduğu təşəbbüslər barədə məlumatlandırmışdır. Sonra digər tədbir iştirakçılarına söz verilmişdir.


İmanqulu BAYRAMOV, Neft Kəmərləri İdarəsinin HİK sədri:

- Həmkarlar ittifaqının kifayət qədər hüquqi bazası var. Bu da bizə imkan verir ki, biz yerlərdə işimizi hüquqi əsaslarla görək. Üstəlik texniki və maliyyə bazamız da kifayət qədərdir. Üzvlük haqları köçürülür, kollektiv müqavilələr bağlanılır. Lakin subyektiv və obyektiv səbəblər ucbatından elə məsələlər var ki, həyata kecirə bilmirik. Söhbət nədən gedir? İstəsək də, istəməsək də bütün qurumlar kimi həmkarlar ittifaqı da zaman-zaman yeniləşməlidir. Başqa sözlə, dövrə uyğunlaşmalıdır, modernləşməlidir. Etiraf edək ki, modernləşmə bizdə ləng gedir. Eyni zamanda maarifləndirmə, mən ilk təşkilatları nəzərdə tuturam, lazımi səviyyədə aparılır. Düzdür, AHİK-in nəzdində Əmək və Sosial Münasibətlər Akademiyası var. Orada müntəzəm kurslar kecirilir. Amma təşkilatımızın üzvləri o qədər çoxdur ki, onların hamısının həmin kurslara cəlb edilməsi fiziki baxımdan mümkün deyil. Əgər bu mümkün olsa belə, istənilən səmərəni verməyəcək. Çünki kursların özünün təkmilləşməyə ehtiyacı var. Sözsüz ki, Əmək və Sosial Münasibətlər Akademiyanın rəhbərliyi böyük zəhmət çəkir. Lakin hesab edirəm ki, təhsilin səmərəsini daha da artırmaq olar. Əsasən kurslarda iştirak edən həmkarlar ittifaqı işçilərinə dünyada gedən prosesləri, yenilikləri daha da artıq işıqlandırmaq mümkündür. Bu sahədə həmkarlar ittifaqının rolunu göstərmək lazımdır. Müvafiq sahələrdə informasiya dəqiq çatdırılmalıdır. Eyni zamanda bu informasiyaları idarə edə bilməliyik. Həmin informasiyalar əsasında, təbii ki, ardıcıl proqramlar hazırlamalıyıq. İnformasiyalar bizə xüsusilə sıralarımıza sonradan qoşulmuş insanların həmkarlar ittifaqları haqqında biliklərini müasir tələblər səviyyəsində formalaşdırmaqdan ötrü lazımdır. Ötən illə müqayisədə təşkilatımız təxminən 40 faiz gənclənib. Gənclər üzvü olduğu təşkilata yollayış, yardım verən qurum kimi baxırlar. Bir qədər əvvəl dediyim proqram məhz həmkarlar ittifaqının mahiyyətini yeni nəslə çatdıran silsilə tədbirlər toplusu olmalıdır.
Mən yenə əvvəlki fikrimə qayıdaraq deyim ki, indiki struktur çərçivəsində çeviklik göstərmək mümkün deyil. Çevikliyin məhdudluğu xüsusilə xarici, müştərək müəssisə sahibkarlarında belə təsəvvür yaradır ki, həmkarlar ittifaqları yalnız sosial, iqtisadi məsələlərə ictimai nəzarəti həyata keçirən təşkilatdır. "Bir halda ki, biz işçilərə yüksək əməkhaqqı veririk, onlar üçün rahat, layiqli əmək şəraiti yaradırıq, onda həmkarlar ittifaqı nəyimizə lazımdır?" - deyə düşünürlər. Belə yanaşma sözügedən müəssisələrdə HİK-lərin yaradılmasını çətinləşdirir. Komitəmizi narahat edən vacib, mühüm problemlərdən biri də işçilərin həyatlarının sığortalanmasıdır. Bu problem üzərində çox işləmişik. Güman edirəm ki, həmin məsələ qurultayda qaldırıldıqdan sonra sahə həmkarlar ittifaqı Respublika Komitəsinin köməyi ilə onun da həllinə nail olacağıq. Mən yekun olaraq demək istəyirəm ki, həmkarlar ittifaqları çevik olmalı, strukturca modernləşdirilməlidir. Buna nail olmaq üçün isə maarifləndirmə işləri təkmilləşdirilməli və gücləndirilməlidir. Qurultayın bu məsələyə ciddi diqqət yetirməsini təklif edirəm.

Ağahəsən HÜSEYNOV, Bayıl limanı Dəniz Kəşfiyyatı Qazma İşləri HİK-in sədri:

- Bu yaxınlarda ilk təşkilatlarda hesabat-seçki konfransları, sahə həmkarlar ittifaqı Respublika Komitəsinin qurultayı başa çatdı. Arzu edirəm ki, AHİK-in növbəti ali məclisi də yüksək səviyyədə keçirilsin. Yenə də Konfederasiyanın rəhbər orqanlarına güclü, bacarıqlı həmkarımız seçilsin. Hamıya məlumdur ki, təşkilatımızın əsas vəzifəsi qanunların işəgötürənlər tərəfindən düzgün yerinə yetirilməsinə nəzarət etməkdir. Bu şəraitin normativləri hökumət və AHİK-in hazırladığı qərarlarda öz əksini tapır. Yaxşı olardı ki, həmin qərarlar, Milli Məclisdə birbaşa bizim fəaliyyətimizə aid qanunlara olunan dəyişikliklər, normativlər və sair barədə AHİK-in şöbə müdirlərinin ən azı ayda bir dəfə yazıları dərc edilsin. Həmin yazılarda qərarlara, dəyişikliklərə, yeni qəbul edilmiş qanunlara aydınlıq gətirilsin, şərhlər verilsin. Çünki "Ülfət" qəzetini təkcə mütəxəssislər deyil, sıravi işçilər də oxuyurlar. Belə yazılar işçilərin hüquqlarını bilməsinə böyük köməklik göstərərdi. Bir təklifim də var. Məncə artıq "Ülfət"ə ya jurnal, ya da bülleten formasında ancaq maarifləndirməyə xidmət edən əlavənin buraxılmasına böyük ehtiyac yaranıb. Həmin əlavədə, bayaq dediyim kimi, yeni qanunlar, qərarlar, normativlər, bütün bunlara əlavə və dəyişikliklər, həmçinin AHİK sədri cənab Səttar Mehbalıyevin millət vəkili kimi, Milli Məclisdə əmək və sosial sahədə mövcud problemlər barədə qaldırdığı məsələlər, irəli sürdüyü təkliflər, təşəbbüslər toplansın. Bu, bir tərəfdən hüquqi maariflənməyə xidmət göstərəcəksə, digər tərəfdən isə həmkarlar ittifaqı təşkilatlarının yerlərdə imicini artıracaq. Yeni işçilər biləcəklər ki, onların əməyini, istirahətini yaxşılaşdıran, əməkhaqlarını artıran qanunların, qərarların təşəbbüsü haradan, hansı təşkilatdan gəlir. Başqa sözlə, həmkarlar ittifaqı daim onların qayğıları ilə nəfəs alır.

Səməd ALLAHVERDİYEV, "Xəzərdənizneftdonanması" HİK-in sədri:

- Əvvəla onu deyim ki, şükürlər olsun, Dövlət Neft Şirkətinin müəssisələri, o cümlədən bizim idarə hər sahədə inkişaf yolundadır. İdarəmizin Şirkətin digər müəssisələrindən fərqi ondadır ki, işçilərin əmək şəraitinə, sosial problemlərinə, qurğuların sazlığına, təmirinə... həmkarlar ittifaqı ilə bərabər nəzarət edən digər təşkilatlar da var. Əgər dediyim sahələrdə nöqsan aşkarlanarsa, beynəlxalq təşkilatlardan da əvvəl beynəlxalq konvensiyalara uyğun olaraq idarənin işini dayandırırlar. Hərəkət funksiyasını üzərinə götürmüş beynəlxalq təşkilatlardan da əvvəl neft şirkətinin özünün sosial proqramı var ki, həmin sənəddə işçilərin əmək, sosial şəraitinin müntəzəm olaraq yaxşılaşdırılması nəzərdə tutulmuşdur. İşçilərə qayğı 2007-2010-cu illər üçün sahə Hİ Respublika Komitəsinin Dövlət Neft Şirkəti ilə bağladığı tarif sazişində də öz əksini tapmışdır. Problemlərimiz müəyyən sənədlərə ehtiyac duymağımızdadır. Məndən əvvəl çıxış edən həmkarlarımın maarifləndirmə baxımından qaldırdıqları məsələlər bizim idarə üçün də aktualdır. Xüsusilə mühasibat sahəsində dövlət və hökumətin həyata keçirdikləri islahatlar, tətbiq etdikləri yenilikləri dərhal, tam dolğunluğu ilə mənimsəmək mümkün olmur. Ona görə də sənədləşmə aparılarkən mühasibat işləri rəsmi sənədlə yox, bir-birindən soruşub öyrəndiklərini əsas götürürlər. Təklif edirəm ki, bu problemə son qoymaq üçün Konfederasiyanın müvafiq şöbələri bir qədər fəallıq göstərsinlər. Ya bülleten hazırlayıb yerinə göndərsinlər, ya "Ülfət" qəzetinin səhifələrində tez-tez bizi öz sahələrinə aid yeniliklərlə tanış etsinlər, ya da vaxtaşırı seminarlar keçirsinlər.

Cavanşir BAĞIYEV, "Binəqədi OYL" HİK-in sədri:

- Yerli müəssisələrlə müqayisədə transmilli şirkətlərdə fəaliyyət göstərən həmkarlar ittifaqının vəziyyəti ağır, vəzifəsi daha məsuliyyətlidir. Çünki transmilli şirkətlərin öz qanunları var. Bu qanunlar onların Azərbaycan hökuməti ilə bağladıqları kontraktlarda təsdiqlənib. Qeyd edim ki, kontraktlarda təsdiqini tapmış qanunlarda işçilərin sosial tələbləri nəzərə alınıb. Amma bir məsələdən başqa, o da mənzillə təminatdır. 20 ilə yaxın neft şirkətində çalışmış 100-dən çox Binəqədi neft işçisinin mənzil növbəsinin havadan asılı qalması da bununla əlaqədardır. Dəfələrlə bu problemi Şirkətin rəhbərliyi qarşısında qaldırmışıq. O, kontrakta mənzillə təminat barədə maddə salınmadığı üçün bu problemi həll etmək iqtidarında olmadığını söyləyib. Təbii ki, biz onları başa düşürük. Xarici şirkətlərin heç birində mənzil təminatına dair öhdəlik yoxdur. Bildiyimə görə, köhnə Suraxanı Neft Qazçıxarma İdarəsində də həmin problem var. Öz dairəmiz daxilində sahə həmkarlar ittifaqı Respublika Komitəsinin rəhbərlərinə məlumat vermişik. Şəxsən RK sədri işə qarışıb, bizə köməklik göstərmək cəhdində olub. Amma inanırıq ki, əgər bu problem AHİK-in qurultayında səslənsə, həllini tapar. Nə mənada öz həllini tapar? Biz demirik ki, sovet dövründə olduğu kimi, işçilər növbəyə durub mənzil alsınlar. İstəyimiz odur ki, əvvəldən mənzil növbəsinə durmuş işçilərimizin növbələri Dövlət Neft Şirkətinin tərkibinə köçürülsün.

Əkbər QAFAROV, Siyəzən NQÇİ-nin HİK sədri:

- Mən təklif edərdim ki, neftçilərin özlərinin istirahət ocağı olsun. Buna görə də Respublika Komitəsinin nəzdində ayrıca büdcə yaradılsın. İlk təşkilatlar ildə bir-iki dəfə bu büdcəyə pul köçürsünlər. Həmin pula münasib ərazilərdən normal sahə alınsın və sağlamlıq ocağı tikilsin. Bir də əməkhaqlarının artırılması barədə qurultayda məsələ qaldırılmasını təklif edirəm.

Nəbi XUDİYEV, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu Həmkarlar İttifaqı Komitəsinin sədr müavini:

- Böyük aqillər deyib ki, gələcəyi müəyyən eləmək üçün ilk növbədə keçmişə nəzər salmaq lazımdır. AHİK-in II qurultayından ötən dövrü təhlil etsək görərik ki, həmkarlar ittifaqı qarşıya qoyulmuş vəzifələrin çoxunun öhdəsindən gələ bilmişdir. İlk növbədə diqqətinizə çatdırım ki, əmək qanunvericiliyində dəyişiklik edilməsinə nail olmuşdur. Əmək Məcəlləsinin 80-ci, eyni zamanda məzuniyyətlər, işçilərin əmək, sosial müdafiəsi üzrə maddələrə edilən ciddi dəyişikliklər imkan verir ki, həmkarlar ittifaqları liderləri yerlərdə sərbəst fəaliyyət göstərə bilsinlər. Arzu edərdik ki, növbəti qurultay da müzakirəyə çıxardığı məsələlərin əhəmiyyəti baxımından seçilsin. Çıxaracağı qərarlar proqram xarakterli olsun. Proqram xarakterli sənədlərdə bütün həmkarlar ittifaqı əməkdaşlarını, üzvlərini düşündürən məsələlər öz əksini tapsın. Mən qurultay nümayəndələrindən, yeni seçiləcək rəhbərlərdən xahiş edərdim ki, mənzil məcəlləsinin yeniləşdirilməsini prioritet müzakirə obyektinə çevirsinlər. Mövcud mənzil məcəlləsi ilə işləmək mümkün deyil. Evləri Dövlət Neft Şirkəti tikir, paylanma köhnə sovet normativlərinə uyğun aparılır. Bu da xüsusilə həmkarlar ittifaqı komitələri üçün böyük çətinliklər yaradır.
Başqa bir iradım isə odur ki, həmkarların əməyin mühafizəsi üzrə fəaliyyətinə yanaşma qeyri-ciddidir. Sovet ittifaqı dağıldıqdan sonra bu sahədə boşluq yaranıb. Yaxşı olardı ki, əməyin mühafizəsinə ictimai nəzarət dövlət səviyyəsində yenidən işlənilsin və qanuniləşdirilsin. Yəni həmkarlar ittifaqının əvvəlki nəzarət sistemi bərpa olunsun.
İmanqulu müəllimin bir təklifinə mən də qoşuluram ki, həmkarlar ittifaqlarının strukturunda köklü dəyişikliklər həyata keçirilməlidir. Köhnə streotiplərdən uzaqlaşmalıyıq. İlk həmkarlar ittifaqı təşkilatları azad, müstəqil qurum kimi fəaliyyət göstərməlidir. Başqa sözlə, HİK-lərin işəgötürəndən asılılığı qanunlarla tədricən aradan götürülməlidir.
Həmkarlar ittifaqı işçilərinin maarifləndirilməsi barədə məndən əvvəlki yoldaşların irəli sürdükləri təkliflər mənim də ürəyimcədir. Maarifləndirmə işini gücləndirmək üçün təklif edərdim ki, Konfederasiya "Ülfət" qəzetinə əlavə kimi bir jurnalın da nəşrinə başlasın. Jurnalda hörmətli Prezidentimizin həmkarların birbaşa vəzifələrinə aid sərəncamları, Milli Məclisin sosialyönümlü qanunları, Nazirlər Kabinetinin, AHİK-in qərarları və sair toplansın. Tiraj da elə sayda olmalıdır ki, bütün ilk təşkilatlar onu ala bilsinlər.

Həsənağa RZAYEV, Neft və Qaz Sənayesi İşçiləri HİRK-in şöbə müdiri:

- Adətən yerlərdə kollektiv müqavilələr bağlanılarkən Baş Kollektiv Sazişdə, Tarif sazişlərində hökumətin, onun ayrı-ayrı strukturlarının, eləcə də həmkarlar ittifaqı mərkəzlərinin götürdükləri öhdəliklər nəzərə alınır. Buna görə də ilk təşkilatlar vaxtaşırı, heç olmasa rübdə bir dəfə Baş Kollektiv Sazişdə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinin gedişi barədə məlumatlandırılmalıdırlar. Belə məlumat olmur. Bilmirik ki, sazişdəki hansı problem necə, nə vaxt həllini tapıb. Və ya, ümumiyyətlə, tapmayıb. Ona görə də ildə bir dəfə yığılıb müzakirələr aparanda məlumatsızlıq ucbatından çox vaxt irəli sürdüyümüz təkliflər təkrarçılıqdan uzağa getmir.
Həqiqət naminə deyim ki, vəziyyət sahəmizdə hazırda çox yaxşıdır. Dövlət Neft Şirkətinin rəhbərliyi həm işçilərə, həm də onların təşkilatı olan həmkarlar ittifaqına isti münasibət göstərir. Minimum əməkhaqqı respublikada 50 manat olduğu halda, bizdə istehsalat üzrə 62 manatdır. Orta əməkhaqqı 500 manata yaxındır. Başqa-başqa sahələr üzrə hətta 700-900 manata çatdırılıb. Mənzil tikintisinin gedişi də qənaətbəxşdir. Hazırda şirkət üzrə 6 min neftçi mənzil növbəsindədir. Şirkət rəhbərliyi söz verib ki, yaxın zamanlarda onların hamısı mənzillə təmin olunacaqdır.
Həmkarların maarifləndirmə məsələsinə toxundular. Mən təklif edərdim ki, bu məsələyə qlobal şəkildə yanaşma göstərilsin. Alınan informasiyalar müasir texnika vasitəsilə yerlərə ötürülsün. Bu, operativlik baxımından çox faydalı olardı.
Maariflənmə silsilə formasında aparılmalıdır. Yəni tutalım seminarlarda iştirak etmiş adam qazandığı biliyi nəyə, necə yayır, işində tətbiq edir? Bu işlər proqram əsasında aparılmalıdır.

Mahir AŞUROV, Dövlət Neft Şirkəti Təhlükəsizlik İdarəsinin HİK sədri:

- Məndən qabaq çıxış edən həmkarlarımın qaldırdığı problemlər və irəli sürdükləri fikirlərlə həmrəyəm. Bizim müəssisə təzə yaranıb. Hələlik elə bir ciddi problemlərlə üzləşməmişik. Fəaliyyətimiz demokratik və şəffafdır. Təklifim yalnız ondan ibarətdir ki, bizə maliyyə sənədləri verilsin. Bizim mühasibatlıq da işini həmin maliyyə sənədləri əsasında qura bilsinlər.
Başqa bir giley-güzarım isə Dövlət Sosial Müdafiə Fondu ilə bağlıdır. Biz həmkarlar ittifaqı komitəsinin ştatlı işçilərinə maaş verərkən fonda 22 faiz keçirmək məcburiyyətində qalırıq. Mümkünsə qurultayda bu məsələ qaldırılsın. Ona nail olunsun ki, üzvlük haqlarından DSMF-yə tutulan vergilər dayandırılsın.

Ağahəsən HÜSEYNOV:

- Doğru iraddır. Dövlət Sosial Müdafiə Fonduna həmkarlar işçisinin maaşından ödənilən ayırmalar o deməkdir ki, Fond eyni puldan iki dəfə vergi tutur. Yəni fəhlə maaş alanda ona 22 faiz hesablanır. Bir də fəhlənin həmkarlar ittifaqına verdiyi həmin puldan 22 faiz Fondun büdcəsinə köçürülür.

Həmid MUSAYEV, Neft və Qaz Sənayesi İşçiləri HİRK-in şöbə müdiri:

- Oktyabr ayında transmilli şirkətlərdə həmkarlar ittifaqlarının yaradılması mövzusunda seminar keçirilmişdi. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin bu sahədə təcrübəsi əsasında təşkil olunmuş tədbirdə AHİK sədri, millət vəkili Səttar Mehbalıyev çıxış etmişdi. Səttar müəllim orada təklif etdi ki, Azərbaycandan qruplarla xarici ölkələrə seminarlara dinləyici göndərməkdənsə, özümüzdə bilavasitə AHİK-in şöbə müdirlərinin, Əmək və Sosial Münasibətlər Akademiyası müəllimlərinin, mütəxəssislərin iştirakı ilə belə dəyirmi masalar keçirmək daha səmərəlidir. Bu təklif əsasında tədbirlər planı hazırlandı. Həmin plan layihə şəklindədir. Yəqin ki, qurultayın təsdiqinə çıxarılacaq. Sahə Hİ-nin bir qrup lideri tərəfindən "Qloballaşma şəraitində həmkarların rolu" mövzusunda geniş təhsil proqramı hazırlanmışdı. Bu təşəbbüs Konfederasiya səviyyəsində də dəstəkləndi. Həmin proqram çərçivəsində nəzərdə tutulmuş tədbirlər bundan sonra da həyata keçiriləcəkdir. Bizim Əmək və Sosial Münasibətlər Akademiyasının sahə həmkarlar ittifaqı liderlərinin və fəallarının maarifləndirilməsinqə rolu danılmazdar.
Məncə, Akademiya özünün yaxşı işini bir az da yaxşılaşdırmaq iqtidarındadır. Bildiyiniz kimi Azərbaycan neft sənayesində 55-dən yuxarı xarici şirkət fəaliyyət göstərir. Bunların üçdən ikisində, həmkarlar ittifaqı komitəsi var. Amma bəzilərində həmkarlar ittifaqı komitəsi yaratmaq müşkül məsələyə çevrilmişdir. Baxmayaraq ki, Səttar müəllimin, Şirkətin prezidenti Rövnəq Abdullayevin imzası ilə həmin xarici şirkətlərin ünvanına məktub göndərilmişdir. Məktubda qeyd olunmuşdur ki, Dövlət Neft Şirkəti "Həmkarlar ittifaqları haqqında" Qanunu rəhbər tutaraq neft sahəsinin bütün müəssisələrində həmkarlar ittifaqı təşkilatı yaradılmasını məqsədəuyğun sayır.
Xarici şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasında fəallıq göstərən işçilərin çox zaman müddətli əmək müqaviləsi olduğundan onlarla işəgötürən əmək müqaviləsini davam etdirmir. Bununla da Hİ təşkilatının yaranmasına təzyiq göstərir. Təklif edərdim ki, qanunvericilikdə belə bir dəyişiklik edilsin: ictimai əsaslarla seçilmiş Hİ təşkilatının sədri ilə əmək müqaviləsi müddətsiz bağlansın. Və yaxud, bu mümkün olmadığı halda, əmək müqaviləsinə xitam verilməsi müvafiq sahə həmkarlar ittifaqı təşkilatının razılığı olmadan həyata keçirilməsin.

İlham QULİYEV, "Azərneftyağ" Neft Emalı Zavodunun HİK sədri:

Mən belə hesab edirəm ki, bu gün həmkarlar ittifaqı təşkilatrının fəaliyyət göstərməsi üçün münbit şərait və potensial var. Sadəcə bu potensialdan səmərəli istifadə etmək lazımdır. Bizim müəssisədə 33 sex var. Bu yaxınlarda hər bir sexdə işçilərlə görüşdük. Problemlərini dinlədik. Qeydə aldığımız problemləri müəssisə rəhbərliyi ilə birlikdə həll etdik. Bu faktı gətirməkdə məqsədim odur ki, biz sadəcə vəzifəmiz istiqamətində gördüyümüz işləri intensivləşdirməliyik.
Axırda Neft və Qaz Sənayesi İşçiləri HİRK-in sədr müavini Fətulla Mustafayev çıxış etdi, qurultayqabağı keçirilən bu dəyirmi masanın əhəmiyyətini vurğuladı. Qaldırılan təklifləri ürəkdən dəstəklədiyini bildirdi.
Sonda Dəyirmi masa iştirakçıları AHİK-in növbəti - III qurultayına uğurlar arzuladılar.

"Dəyirmi masan"ı hazırladılar: Bəyalı RZAYEV, Qardaşəli TEYYUBOV.



«ÇEVİKLİK BAŞLICA MEYAR OLMALIDIR»   -
«Ülfət Qazeti»   -