İpoteka kreditlərinin şərtləri ağırlaşa bilər

2008-ci ilin dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsinə 35 milyon manat ayrılması nəzərdə tutulsa da, İpoteka Fondu prosesə başlamağa tələsmir. Dövlət büdcəsindən ayırmaların martadək fondun hesabına köçəcəyi gözlənilsə də, hələlik kreditlərin verilməsi ilə bağlı rəsmi razılıq yoxdur. Son məlumatlarda isə prosesin yubanmasının səbəbləri heç də vəsaitin ödənilməməsi ilə deyil, ipoteka kreditlərinin verilməsi şərtlərinin müəyyənləşdirilməməsi ilə əlaqələndirilir.
Mütəxəssislərin fikrincə, sosial ipoteka kreditlərinin şərtlərinə yenidən baxılması anlaşılan deyil. Sosial ipotekalar dövlət başçısının 23 yanvar 2007-ci il tarixli "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi qaydaları" haqqında fərmanına əsasən tətbiq edilir. Bu kreditlər 3 ildən 30 ilədək maksimum məbləği 35 min manat olmaqla 4 faizlə verilir. Sənəddə qeyd edilirdi ki, sosial ipotekaların tətbiqində məqsəd gənc ailələrin və Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının mənzil şəraitini yaxşılaşdırmaqdır. Bu kreditlərdən həmçinin məcburi köçkünlər, şəhid ailələri, elmi dərəcəsi olanlar da yararlana bilərlər.
Sosial ipotekaların verilməsi şərtləri Prezident tərəfindən cəmi 1 il əvvəl təsdiq edilib və qısa müddətdə onun dəyişdirilməsi ilə bağlı müzakirələrin aparılması təbii qarşılanmır. Maraqlıdır ki, artıq 8 aydan artıqdır həm Maliyyə Nazirliyi, həm Milli Bank ipoteka kreditlərinin şərtlərinin müzakirə edilməsi ilə bağlı açıqlama yayır. İpoteka kreditlərinin verilməsinin ötən il iyunun 14-dən dayandırıldığını nəzərə alsaq, bu müddətdə şərtlərin müzakirə edilməsi ilə bağlı kifayət qədər vaxtın olduğu aydınlaşır.
Başqa tərəfdən, İpoteka Fondu sosial ipoteka kreditləri üçün faiz dərəcəsinin 4 faizdən 7 faizə yüksəldilməsi təklifi ilə çıxış edib. Prosesin yubanması da məhz bununla əlaqələndirilir. Hökumətdə faiz dərəcəsinin yüksəldilməsi təklifi heç də birmənalı qarşılanmır: "Sosial ipoteka kreditlərinin sosial layihə olduğunu nəzərə alsaq, onların faiz dərəcəsinin 7 faizədək yüksəldilməsi müsbət qarşılanmır. İpoteka kreditləşməsinin fəlsəfəsi daha çox evə tələbatı olan aztəminatlı vətəndaşların mənzil problemini həll etməkdir. Bu baxımdan sosial ipoteka kreditlərinin faiz dərəcəsinin artırılması onun sosial yönümlüyünü tamamilə sıradan çıxarır. Belə ki, sosial ipoteka kreditlərinin faiz dərəcəsinin 7-yə yüksəldilməsi aztəminatlı əhalinin ondan istifadəsini əngəlləyəcək.
Ekspertlərin fikrincə, İpoteka Fondunun əlavə maliyyə ehtiyatları cəlb etmək üçün kifayət qədər çoxlu metodları olsa da, sosial ipoteka kreditlərinin faiz dərəcələrinin yüksəldilməsinə daha çox önəm verilir. Fond ipoteka səhmləri buraxmaqla, institusional maliyyə mənbələrini, o cümlədən sığorta şirkətlərini fəal şəkildə prosesə cəlb etməklə, beynəlxalq maliyyə qurumlarının ucuz kreditlərindən yararlanmaqla maliyyə imkanlarını genişləndirə bilər. Fond isə ən asan yola əl atmaq niyyətindədir.



«İpoteka kreditlərinin şərtləri ağırlaşa bilər»   -
«Ülfət Qazeti»   -