“Donuz qripi" 200-ə qədər insanın həyatına son qoydu
Yer kürəsi sakinləri "quş qripi" virusundan canını yenicə qurtarmışdı ki, indi də "donuz qripi" təhlükəsi ilə üzbəüz qalıb. Sürətlə yayılaraq dünyanın 26 ölkəsini əhatə edən virus artıq 200-ə qədər insanın həyatına son qoyub. Yalnız Meksika ərazisində virus “qurbanları”nın sayı 176-ya çatıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri mənbəyi Meksika olan virusun Şimali Amerikadan sonra Cənubi Amerika, Avropa və Okeaniyada da qeydə alındığını bildirirlər. Təşkilat rəsmiləri "donuz qripi"nin pandemiyaya çevrildiyi təqdirdə mümkün “qurbanlar”ın sayının 7 milyona çatacağını istisna etmirlər. Epidemioloqlar güman edirlər ki, pandemiya 1,5-2 il davam edə bilər. Bundan əvvəlki pandemiyalar zamanı əldə olunan nəticələrə əsaslanan mütəxəssislər deyirlər ki, Yer kürəsi əhalisinin üçdə biri bu xəstəliyə yoluxacaq. Təxminən 30 milyon adamın ağır vəziyyətdə xəstəxanaya yerləşdiriləcəyi gözlənilir. Ümumdünya Səhiyyə Təşkilatının üzləşdiyi əsas problem isə "donuz qripi" virusunun hələ də kifayət qədər öyrənilməməsidir. Məhz bu səbəbdən də mütəxəssislər onun qarşısını almaqda çətinlik çəkirlər. Bəs görəsən, Azərbaycanda mövcud epizotik durum necədir? Müvafiq strukturlar ölkə əhalisini virusdan qorunmaq məqsədi ilə hansı qabaqlayıcı tədbirləri həyata keçirirlər? Fermerlər donuz əti satışının dayandırılmasının əleyhinədir Azərbaycanda durumun stabil olduğu bildirilsə də, hər an təhlükənin yaranması ehtimalları böyükdür. Yaranan təhlükəyə baxmayaraq, fermerlərin əksəriyyəti donuz ətinin satışının dayandırılımasının əleyhinədir. Onlar müflisləşmək istəmədiklərini bildirirlər. 8-ci kilometr bazarında söhbətləşdiyimiz Afiq adlı satıcı heç bir narahatçılığa əsas olmadığını dedi: "Biz alıcılara yalnız respublikamızın rayonlarından gətirilən donuz əti satırıq. Ona görə də bu, təhlükəli deyil. Həm də təhlükə olardısa, bunu biz bilərdik. Çünki Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin əməkdaşları hər gün səhər saatlarında bütün məhsulları yoxlamadan keçirirlər". Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov həyata keçirilən tədbirlərə baxmayaraq, bu gün də ölkəyə qaçaqmalçılıq yolu ilə ət və ət məhsulları gətirildiyini qeyd etdi: "Qaçaqmalçılıq yolu ilə gətirilən kolbasa məhsulları isə daha ciddi təhlükə mənbəyidir. Azərbaycan müsəlman ölkəsi olsa da, çox təəssüf ki, bizdə haram buyurulan bir çox qidalara meyil qalmaqdadır. Azərbaycanlıların müəyyən hissəsi hələ də donuz ətindən imtina edə bilmir. Demək olar ki, əksər kafe-restoranlarda donuz ətindən müxtəlif qida məhsulları hazırlanır. Azərbaycanda virusun yayılmaması üçün bütün tədbirlərin görüldyünü deyirlər. Amma bu gün də qaçaqmalçılıq yolu ilə ölkəyə donuz əti və donuz piyi gətirilirsə, virusun yayılma ehtimalı böyükdür. Digər problem isə Azərbaycanda müstəqil ekspertiza orqanlarının və müstəqil ekspertlərin olmamasıdır".
Mütəxəssislər hələ də qripə qarşı vaksin tapmaqda acizdirlər
Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bildirir ki, bütün laboratoriyalar hazır vəziyyətdədir. Ən müasir avadanlıqlarla təmin olunub: "Amerikadan, Avropadan 4 stasionar aparat gətirilib. Mütəxəssislərimiz Amerikada, Tailandda, Rusiyada təlimlər keçərək yüksək səviyyədə təcrübə qazanıblar". Xəstəliyin simptomlarına gəlincə, Ş,Qurbanov qeyd edir ki, "donuz qripi" donuzlarda müşahidə olunan nəfəs yolu ilə keçən infeksiyadır ki, onu da doğuran qrip virusudur. Bu virus insanlarda qrip yaradan virusdan fərqlənir: "Donuzlarda olan bu virusa donuzla yaxın kontaktda olan insanlar da yoluxa bilər, amma bu, çox az hallarda baş verir. Bu virusun insandan insana yoluxma xüsusiyyəti mövcuddur. Lakin bu prosesin nə dərəcədə yüngül baş verməsini və buna görə də epidemiya təhlükəsinin nə qədər böyük olması hələ tam öyrənilməyib. Xəstəliyin əlamətləri adi qripin simptomlarını xatırladır. Bədən hərarətinin qalxması, öskürək, boğaz ağrısı, üşütmə və zəifliklə müşahidə olunan xəstəlik zamanı qusma halları da müşahidə edilir.Meksikada yoluxan xəstələrdə virus ağır formalı sətəlcəmi xatırladır. Mövsümi qriplər kimi "donuz qripi"nin də müxtəlif xroniki xəstəliklərə qədər inkişaf edən fəsadları ola bilir. Xəstəlik ilk növbədə artıq "donuz qripi"nə tutulan xəstə adamla yaxın ünsiyyət vaxtı, öskürək və asqırma zamanı ağız seliyi zərrəciklərinin havadan digərinin nəfəs yoluna düşməsi nəticəsində yayılır. Xəstə donuzların olduğu fermalardakı insanlar da xəstəliyə yoluxmaq təhlükəsi ilə üzləşirlər". Mütəxəssis bu qripə qarşı peyvəndin olmadığını bildirir: "Belə bir peyvənd hələ yoxdur. Xəstə adamlar 7 gün gizli də ola bilər. Bu müddətdə başqalarını da yoluxdura bilər". Ş.Qurbanov qeyd edir ki, Respublika Taun Əleyhinə Stansiyada yalnız insanlarda virusun olub-olmaması yoxlanıla bilər: "Biz iaşə obyektlərinin məhsullarını yoxlamırıq. Buna digər qurumlar nəzarət edir. Hətta kənddə, meşədə bu xəstəliyin diaqnozu barədə məlumat vermək olar. Hələ ki, Azərbaycanda bu qripin nə virusu var, nə də xəstəliyi. Bununla belə, fermalar bağlı şəkildə saxlanmalıdır. Tapşırıq verilməlidir ki, Azərbaycana digər yerlərdən gətirilən kolbasa məhsulları satılmasın".
Heyvan mənşəli məhsulların gətirilməsinə embarqo qoyuldu
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi İsmayıl Həsənov isə bildirir ki, xəstəliyin Meksikada qeydə alınması ilə əlaqədar DBX aprelin 27-dən Amerika qitəsindən Azərbaycana heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə qadağa qoyub. İ. Həsənov deyib ki, aprelin 27-dək ölkəyə gətirilən məhsullar sertifikat alıb, bu məhsulların tam təhlükəsiz olduğu təsdiqlənib. Buna görə də insanlar həmin müddətədək gətirilmiş məhsulları narahatlıq keçirmədən istifadə edə bilərlər. Rusiyada "donuz qripi"nin aşkarlanması ilə bağlı onlara hələlik təsdiqedici məlumatın daxil olmadığını deyən İ. Həsənov əlavə edib ki, Baş nazirin müavini Yaqub Eyyubovun yanında aidiyyəti nazirlik və komitələrin iştirakı ilə iclas keçirilib və "donuz qripi"nin qarşısının alınması üçün lazımi tapşırıqlar verilib. Xidmət rəisi "donuz qripi" ilə mübarizə aparmaq üçün ilkin testlərə və dezinfeksiya avadanlıqlarına malik olduqlarını da söylədi. İ. Həsənovun sözlərinə görə, "donuz qripi" ilə əlaqədar aprelin 27-dən Azərbaycandakı donuzçuluq təsərrüfatlarında monitorinq keçirilməsinə başlanılıb. Monitorinqin təxminən 10 günə başa çatması nəzərdə tutulur. Hələlik donuzlar arasında heç bir tələfat qeydə alınmayıb. DBX rəisi hazırda Azərbaycanın, Gədəbəy, Ağstafa, Xaçmaz, Abşeron daxil olmaqla, 7-8 rayonunda donuzçuluq təsərrüfatı ilə məşğul olunduğunu, ölkədəki donuzların sayının isə 20-25 mindən çox olmadığını söyləyib. İ.Həsənov bildirib ki, insanlar arasında müşahidə olunan yeni xəstəlik özündə həm "quş qripi", həm "donuz qripi", həm də insan qripinin əlamətlərini cəmləşdirir. Buna görə də "donuz qripi" xəstəliyinin adının dəyişdirilməsi təklifi ilə çıxış edilib. Hər üç qripin virusu eyni antigenlik xüsusiyyətinə malik olaraq A qrupuna daxildir. İ. Həsənov deyib ki, bütün qrip virusları 70-80, o cümlədən "donuz qripi" 71 dərəcədə 5-10 dəqiqə ərzində məhv olur. Xidmət rəisi onu da əlavə edib ki, "donuz qripi"nin insandan insana keçmə təhlükəsi daha çoxdur. Xəstəliyin donuzdan insanlara keçməsinin mümkünlüyü isə hələ tam təsdiqlənməyib. Gülər KƏRİMLİ.
|