Ayın sonunda əmək yarmarkalarına start veriləcək

Nazirliyin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəylinin sözlərinə görə, bəzi müəssisələrə böhranın təsir etməsi faktları da danılmazdır: "Amma bu o demək deyil ki, Azərbaycanda bütün obyektlər qlobal maliyyə böhranından əziyyət çəkir. Hökumətin böhrana qarşı həyata keçirdiyi tədbirlər müsbət təsirini artıq göstərməkdədir. Məsələn, əgər bəzi müəssisələr böhran nəticəsində fəaliyyətini dayandırırsa, onun əvəzində ölkənin başqa yerlərində digər müəssisələr fəaliyyətə başlayır".
A.Bədəlbəylinin fikrincə, dünyada qlobal maliyyə böhranının olmasına baxmayaraq, Baş Məşğulluq İdarəsinə işlə bağlı müraciət edənlərin sayında artım qeydə alınmayıb. Əksinə, idarəyə müraciət edən işsizlərin sayı azalmaqdadır. 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 3 ayı ərzində idarəyə muraciət edənlərin sayı 3-7 faiz azalıb. Müraciət edənlərə müavinətlərin təyin olunması prosesində isə nə azalma, nə də çoxalma yoxdur.
Baş Məşğulluq İdarəsindən həmçinin bildirildi ki, may ayının sonlarından etibarən Azərbaycanda əmək yarmarkalarının keçirilməsinə start veriləcək: "Əmək yarmarkaları ölkə vətəndaşlarının işədüzəlməsində böyük rol oynayır. Yarmarkalar vasitəsilə məşğulluq tapanların sayı nəzərəçarpacaq dərəcədədir. İl ərzində ölkə üzrə işədüzəlmələrin təxminən 30 faizi əmək yarmarkalarının payına düşür. Əmək yarmarkalarında işəgötürənləri ixtisas üzrə dəvət edirik və işsiz adamın məşğulluğuna şərait yaradırıq. Bu prosesdə gənclərə və tələbələrə üstünlük verilir".
Qurum rəsmisi onu da əlavə etdi ki, ölkəmizdə artıq iki təlim-tədris mərkəzi yaradılıb: "2007-ci ilin may ayında Bakıda, 2008-ci ilin may ayında isə Göyçayda təlim-tədris mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzlərdə peşə hazırlığı, ixtisasartırma kursları açılıb. Kursların proqramları Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. 2008-ci ildə isə tədris mərkəzləri üçün yeni avadanlıqlar da alınıb. Bu ilin sonuna kimi Dünya Bankının dəstəyi ilə daha 3 mərkəz yaratmağı planlaşdırırıq. Həmin mərkəzlərdən biri Naxçıvan şəhərində olacaq. Gələn ilin sonuna kimi daha 5 tədris mərkəzinin yaradılması nəzərdə tutulub".
Məlumat üçün bildirək ki, Baş Məşğulluq İdarəsi rəsmi olaraq qeydiyyatdan keçən 52 min müəssisənin 38 minini qeydiyyata alıb. İdarə hazırda fəaliyyətdə olan müəssisələrdən illik hesabat alır və daimi olaraq həmin qurumlarda vakant yerlərin siyahısını aparır. Mart ayının sonuna olan məlumata görə, həmin müəssisələr üzrə 10 min 700-dən artıq vakant yer var. Bunun 3000-dən çoxu isə Bakıdadır.
İdarə rəisinin sözlərinə görə, son vaxtlar ölkədə bəzi müəssisələrdə baş verən ixtisarlar yalnız qlobal maliyyə böhranı ilə əlaqədar deyil: "Həmin müəssisələrdə baş verən proseslər əsasən qurumun fəaliyyətində yaranan problemlərlə bağlıdır. Həmin müəssisələrdə baş verən ixtisarlar təkcə bu il qeydə alınmayıb. Məsələn, "Azərikimya" şirkətində ixtisarların olması ilə bağlı məlumatlar yayılıb. Bu proses həmin müəssisədə ötən il də baş vermişdi. "Azərikimya" 2008-ci ildə də bir müddət fəaliyyətini dayandırdı, sonra yenidən işə başladı. Bu, dünyada gedən proseslərlə əlaqədardır. Yalnız Azərbaycanda deyil, dünya ölkələrində də qlobal maliyyə böhranı olduğu üçün müvafiq strukturlar bu cür ixtisarlara və digər hallara ciddi diqqət yetirir".
Onu da öyrəndik ki, müəssisələrin işçiləri ödənişsiz məzuniyyətə göndərməsi məsələsi işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsinin şərtlərilə tənzimlənir. Müsahibimin sözlərinə görə, məzuniyyətə göndərilmə prosesində ödənişin olub-olmaması əmək müqaviləsindən asılıdır. İşəgötürən əmək müqaviləsinin şərtlərinə müvafiq olaraq işçini məzuniyyətə göndərir. Əmək müqaviləsində məzuniyyət zamanı işçiyə ödəniş nəzərdə tutulmadığı halda. işəgötürən həmin şəxsə ödəniş edə bilməz.



«Ayın sonunda əmək yarmarkalarına start veriləcək»   -
«Ülfət Qazeti»   -