Qazın bahalaşması əhalidə çaşqınlıq yaradıb

"Azəriqaz" QSC-nin iqtisadiyyat və proqnozlaşdırma şöbəsinin rəisi Tofiq Allahverdiyevin sözlərinə görə, xərclər gəlirləri üstələdiyinə görə cəmiyyət Tarif Şurasına qiymətlərin artırılması təklifini verib. Onun söylədiklərindən məlum oldu ki, Dövlət Neft Şirkəti 1000 kubmetr təbii qazı "Azəriqaz"a 42 manata satır. 15-20 manat isə onun istismar xərcləridir: "Bunları hesablayanda təbii qazın maya dəyəri 57 manat təşkil edir. Onu 42 manata satmaq iqtisadiyyat üçün anormaldır.Bundan başqa, yetərincə inkişaf etmək, Azərbaycanın qazlaşdırılması ilə bağlı dövlət proqramını yerinə yetirmək mümkün deyildi".
T.Allahverdiyev qeyd edib ki, qazın satış qiyməti bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılmalı, iqtisadi cəhətdən səmərəli həddə gətirilməlidir: "Qiymət həm maya dəyərini ödəməli, həm də o sahəyə ayrılan xərcləri geri qaytarmalıdır. Hər bir xidmət göstərən qurum kimi "Azəriqaz" da fəaliyyətinin normal inkişafı üçün mənfəətli olmasını istəyir. Qiymət artımında əsas amil budur. Əvvəllər cəmiyyətin əldə elədiyi gəlir xərcləri nisbətən ödəyirdi. Lakin son vaxtlar yanacaq-sürtkü materiallarının qiymətinin artması "Azəriqaz"ın xərclərini artırdı. Təbii qaz istehlakçılarının 55 faizinin əhali olduğunu nəzərə alsaq görərik ki, qiymət artımı zəruri idi".
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov kütləvi informasiya vasitələrinə açıqlamasında deyib ki, əhaliyə satılan mavi yanacağın pulunun yığılmasında problemlər var: "Azəriqaz" pulu yığa bilmir.Bəzi insanlar məsuliyyətsizlik edirlər, bir hissəsinin isə qaz pulunu ödəməyə imkanı yoxdur. Hazırda dünyada Azərbaycan qazına tələbat artıb. Ola bilər ki, qazın bahalaşması bu amillərlə bağlıdır. Amma birdən-birə qiyməti iki dəfədən artıq qaldırmaq olduqca çoxdur. Çünki sosial müdafiəyə ehtiyacı olanlar, təqaüdçülər, ünvanlı sosial yardım alanlar, minimum əməkhaqqı ilə yaşayanlar var və onlar üçün çətin olacaq. Məncə, Tarif Şurasının son qərarı müəyyən problemlər yarada bilər".
V.Əhmədovun sözlərinə görə, Azərbaycanda, xüsusən Bakı kəndlərində istixanalarda tərəvəz yetişdirilməsi geniş yayılıb və bu işlə məşğul olanlar mavi yanacaqdan istifadə edirlər. Eyni zamanda bəzi müəssisələr də qazdan istifadə edir: "Qazın bahalaşması onlar üçün də çətinliklər yaradacaq. Ona görə son addımı əsaslandırmaq lazımdır".
İqtisadçı Rövşən Ağayev isə məsələyə münasibət bildirərkən 2007-ci ildə də Tarif Şurasının enerjidaşıyıcılarının qiymətinin artırılması ilə bağlı qərarını da qəflətən verdiyini xatırlatdı. Təbii qazın bahalaşdırılmasını şərh edən iqtisadçı bildirdi ki, onun da əks-arqumentləri var: "Azərbaycanda qazın bugünkü satış qiymətinin onun xərclərini ödəmədiyi bildirilir. Bunu əsas tutan müvafiq strukturlar isə problemdən çıxış yolunu tariflərin yüksəldilməsində görürlər".
R.Ağayev deyir ki, "İnformasiya əldə etmək haqqında" Qanuna görə, ictimai əhəmiyyətli qurumların bütün gəlirləri, xərcləri, abonentləri haqqında məlumatları ictimaiyyətə açıq olmalıdır.
Ekspertin dediklərindən məlum oldu ki, ictimai əhəmiyyətli qurum olan "Azəriqaz" isə abonentləri, gəlir və xərcləri barədə informasiyaları gizlədir: "Əgər gəlirlər xərcləri ödəmirsə, onda sözügedən qanunun tələblərini nəzərə alaraq ictimaiyyəti ətraflı məlumatlandırmalıdır. Yəni onların xərcləri əsasən hansı istiqamətə gedir, gəlirləri necə formalaşır. Bu halda cəmiyyət inana bilər ki, bu gün əldə olunan gəlirlər xərcləri nə dərəcədə qarşılayır".
Əhalinin israfçılıq etməsi məsələsinə də münasibət bildirən iqtisadçı bununla razılaşmadığını qeyd etdi: "Abonentlərin 96-97 faizi artıq sayğaclaşdırılıb.Əgər sayğaclaşdırılıbsa, əhali bu şəraitdə nə qədər qaz istifadə edirsə onun da pulunu ödəyəcək. Təbii qazın qiymətinin artması ailə büdcələrinin xərclərini çoxaldacaq. Elektrik enerjisi baha olduğuna görə daha çox təbii qazdan istifadəyə üstünlük verilirdi. Bundan sonra ailələrin xərcləri daha da artacaq".
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, mavi qazın qiymətinin iki dəfədən də artıq qaldırılmasını birmənalı şəkildə qiymətləndirmək mümkün deyil. Çünki Azərbaycanda mavi qazın bahalaşmasına iqtisadi zəmin olsa da, bir sıra başqa faktorlar bu qiymət artımının indiki halda məqsədəuyğun olmadığını göstərir. Onun bildirdiyinə görə, Azərbaycanda əhaliyə satılan qazın qiyməti qonşu ölkələrlə -Rusiya ilə müqayisədə 3,5, Qazaxıstanla müqayisədə 2 dəfəyə yaxın aşağı idi: "Hazırda qiymət artımındakı fərq aradan qalxıb. Bu baxımdan Azərbaycanda mavi qazın bahalaşdırılmasına iqtisadi zəmin yaranmışdı. Ancaq o biri yandan da bu artım vətəndaşların həyatına mənfi təsir göstərir. İqtisadi baxımdan qiymətlər yalnız 50 faiz artırılanda əsaslandırıla bilər. Çox təəssüf ki, Tarif Şurası əhaliyə satılan qazı iki dəfədən çox qaldırıb".
İqtisadçı-ekspertin dediklərinə görə, qlobal maliyyə böhranı başlanandan heç bir ölkədə enerjidaşıyıcılarının, mavi qazın və ya kommunal xidmətlərin qiyməti qalxmayıb: "Azərbaycan isə böhran zamanı belə bir qərar qəbul edir. Əhalinin gəlirlərinin azaldığı vaxtda Tarif Şurasının mavi qazın qiymətini artırması yerinə düşən qərar deyil".
Mərkəz rəhbəri qiymət artmının əhalinin qazı az işlətdiyi dövrdə - yayda qəbul edilməsini təsadüf saymır: "Bu, əhalinin qazdan az istifadə etdiyi dövrdür. Qərarı ona görə belə vaxtda veriblər ki, əhali bahalaşmanı o qədər də hiss etməsin".
Bahalaşmanın qazın istehlakındakı israfçılığı aradan qaldıracağına dair rəsmilərin gətirdiyi arqumentlə bağlı V.Bayramov vurğulayıb ki, israfçılıq qiymətin aşağı olması ilə əlaqədar deyildi: "Azərbaycan təcrübəsi göstərir ki, hansı xidmətin qiyməti artırsa, orda qeyri-rəsmi ödənişlərin həcmi artır".
V.Bayramovun fikrincə, qazın bahalaşması indiki halda inflyasiyaya təsir göstərməyəcək. Ona görə ki, əhaliyə satılan qazın qiyməti artıb, sənaye obyektlərinə, hüquqi şəxslərə satılan qazın qiyməti isə dəyişməyib: "Adətən mavi qazın qiyməti kənd təsərrüfatı məhsullarının və sənaye müəssisələrinin istehsal etdiyi malların qiymətinə təsir göstərir. İstixana mövsümü başa çatdığından qazın qiymət artmını kənd təsərrüfatı mallarını hələlik bahalaşdırmayacaq. Bu təsir yalnız növbəti mövsümdə özünü göstərəcək".

Gülər KƏRİMLİ.



«Qazın bahalaşması əhalidə çaşqınlıq yaradıb»   -
«Ülfət Qazeti»   -