Sosial işçilərlə bağlı qanun layihəsinin hazırlanmasına ehtiyac var
Onun sözlərinə görə, payız sessiyası üçün hazırlanan qanunları da bu məntiq əsasında seçəcəklər. Yəni qanunlarımız günün gerçəkliyindən, gündəlik həyatımızdan bəhrələnəcək: "Bundan əlavə, cəmiyyətə, millət vəkillərinə müraciət edirik ki, dünyada mövcud olan sosial müdafiə ilə bağlı qanunların qəbul olunmasında bizə yardımçı olsunlar. Yəni ideyalarını bizə təqdim etsinlər, biz də onların üzərində işləyək. Məsələn, bu gün Azərbaycanda yeni bir institut formalaşdırılır - sosial işçi. Sosial işçilər xəstəsi olan insanlara yardım etməli, ünvanlı sosial yardımların verilməsində rol oynamalıdırlar. Bir sözlə, onlar sosial durumu ağır olan insanlarla işləməlidirlər. Amma bizdə nə sosial işçi hazırlayan təhsil müəssisələri var, nə də sosial işçilərin fəaliyyətini tənzimləyən qanunlar. Fikirləşirəm ki, biz növbəti sessiyalarda sosial işçilərlə bağlı yeni qanun hazırlamalıyıq". Qeyd edək ki, bir müddət öncə Ailə Məcəlləsinə də dəyişikliklər hazırlanması müzakirə edilirdi . Məsələyə münasibət bildirən müsahib bildirdi ki, işçi qrupu Əmək Məcəlləsi ilə paralel olaraq Ailə Məcəlləsinin də monitorinqini aparıb. Monitorinqin nəticələrinə əsasən məcəlləyə əlavə və dəyişikliklərlə bağlı layihə hazırlanıb. Millət vəkili hesab edir ki, bu dəyişikliklər mütləq edilməlidir: "Məcəllədə 3 normanı mütləq dəyişməliyik. Birinci norma, nikah üçün yaş həddinin qaldırılması olmalıdır. İkincisi, cütlüklər arasında nikah müqaviləsinin bağlanması məcburiləşdirilməlidir. Üçüncüsü, nikaha daxil olanlardan mütləq sağlamlıq haqqında arayış tələb olunmalıdır. Biz bu üç normanı məcəlləyə daxil etmək istəyirik". Onu da qeyd edək ki, sosial siyasət komitəsi uzun müddətdir "Mərasimlər haqqında" Qanunu da müzakirəyə təqdim edə bilmir. Məsələyə aydınlıq gətirən müsahibim etiraf etdi ki, yas, toy mərasimlərini tənzimləməyin vahid yolunu müəyyənləşdirə bilmirlər: "Bəzi ölkələrdə mərasimlərlə bağlı qida məhsullarının çeşidi, kortejdəki maşınların sayına qədər hər şey norma çərçivəsində edilir. Amma bu, Azərbaycan gerçəkliklərinə cavab vermir. Fikrimcə, bu gün şadlıq evlərinin, restoranların bir dövlət qurumu tərəfindən idarə olunmasına ehtiyac var. Bu gün bu sahədə absurd bir vəziyyət yaranıb. Şadlıq evləri institutu dünyanın heç bir ölkəsində yoxdur. Dünyada ancaq restoran məfhumu var. Şadlıq evləri institutu dünyada olmadığından onların fəaliyyətinin tənzimlənməsi ilə bağlı normativ-hüquqi aktlar da yoxdur". H.Rəcəblinin dediyinə görə, bu gün şadlıq evlərinin verdikləri yeməklərin keyfiyyətinə heç kim nəzarət edə bilmir. Amma bütün mehmanxanaların fəaliyyət göstərməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası lazımdır. Mehmanxanaların göstərdiyi xidmətə, verdiyi yeməklərə görə, nazirlik məsuliyyət daşıyır: "Qənaətimcə, şadlıq evlərinin fəaliyyətinin tənzimlənməsi də Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilməlidir. Şadlıq evlərinin fəaliyyəti üçün mütləq lisenziya tələb olunmalıdır. Nazirlik lisenziya verməlidir, biz də ondan iş tələb etməliyik. Belə halda problemlərin həlli üçün müraciət etməyə vahid bir instansiya da olar. Bundan əlavə, qoy Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları şadlıq evlərindəki akustika və digər texniki avadanlıqları da araşdırsın. Bununla yanaşı, hüzn mərasimlərinin tənzimlənməsinə də ehtiyac var". Söhbət əsnasında komitə tərəfindən hazırlanan "Məişət zorakılığı haqqında" Qanunun taleyi ilə də maraqlandıq. H.Rəcəbli bildirdi ki, bəzi qanunlar var ki, onların qəbulu üçün cəmiyyətin buna hazır olması lazımdır: “Parlamentdə "Məişət zorakılığı haqqında” Qanunu müzakirə edəndə populizm elementləri ilə rastlaşdıq. Bəziləri milli mentalitet adı altında lazım olmayan məsələləri gündəmə gətirdilər. Amma zaman gələcək biz bu qanunu qəbul edəcəyik. Necə ki, ötən əsrin əvvəllərində qadın-kişi bərabərliyindən danışmaq mümkün deyildi. Amma hazırda Azərbaycanda da, dünyanın bir sıra qabaqcıl ölkələrində olduğu kimi, kişi və qadınlar bərabərhüquqludur".
|