Ünvanlı yardımlar təkmilləşəcək

Hazırda Azərbaycanda 152 min 500 ailə, təxminən 700 min nəfərə yaxın ailə üzvü ünvanlı dövlət sosial yardımı alır. Yardım təyin olunan ailələrin 90 faizi bir neçə nəfərdən ibarətdir. Onların da təxminən 50 faizi uşaqlardır. Ünvanlı sosial yardım ödənilən ailələrin 45 faizi üç və daha çox uşağı olan ailələrdir. Bu gün ölkədə hər bir ailəyə düşən ünvanlı yardımın məbləği 107 manatdır.

Ünvanlı sosial yardım alan ailələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini narahat etməyə başlayıb. Qurumun yoxsulluq problemləri və əhaliyə sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımovun sözlərinə görə, dövlət tərəfindən aztəminatlı ailələrə verilən pul yardımının həm mənfi, həm də müsbət tərəfləri var. Müsbət cəhəti odur ki, həmin ailələrə dövlət tərəfindən dəstək verilir. Mənfi cəhəti isə odur ki, bu ailələr "yoxsulluq tələsi"nə düşə bilər. Bu o deməkdir ki, onlar dolanmaq üçün oturub dövlətin ayırdığı yardımı gözləməməlidirlər".
N.Qasımov hesab edir ki, dövlətlə birgə həmin ailələr də aktiv olmalı, hər bir ailə başçısı öz ailəsi qarşısında məsuliyyət daşımalıdır: "O da ailəsinin "yoxsulluq tələsi"ndən çıxması üçün hansısa bir addım atmalıdır. Yəni əlli əlliyə olmalıdır. Həm hökumət, həm də ailə üzvləri bu işə dəstək verməlidir".
Araşdırmalardan məlum olub ki, ünvanlı sosial yardım alanların 20 faizi 4-5-ci dəfə yardım alanlardır. Təbii ki, bu da narahatlıq yaradan amildir. Yaranmış vəziyyətin qarşısını almaq üçün nazirlik yeni layihələr üzərində işləyir. Qurum bu layihələrin tətbiq olunacağı kontingenti müəyyənləşdirməyə çalışır: "Hazırda bazada ən aztəminatlı ailələrlə bağlı xeyli məlumat toplanıb. Biz tez-tez bu bazanı təhlil edirik. Hazırladığımız Dövlət Proqramı çərçivəsində həmin ailələr üçün aktiv tədbirlər keçirməyi düşünürük. İstəyirik ki, hər ailə ilə fərdi şəkildə layihələr həyata keçirək və onların yoxsulluq vəziyyətindən çıxıb normal yaşaması üçün şərait yaradaq".
Maraqlıdır ki, ünvanlı sosial yardım alanların əksəriyyəti ona təklif edilən işlə məşğul olmaq istəmir. Bu məsələ xüsusən də cənub bölgəsində özünü göstərir. Belə ki, əmək qabiliyyətli insan yardım istəyir. Bu halda ona məşğulluq orqanına müraciət etmək tövsiyə edilir. Əgər həmin şəxs üzrlü səbəbdən işə qəbul oluna bilmirsə, məşğulluq statusu alırsa bu zaman ona yardım vermək olar. Ancaq məşğulluq orqanı tərəfindən təklif olunan işdən bilərəkdən imtina edilərsə, bu halda yardım verilmir: "Təəssüf ki, qəbullar zamanı buna çox rast gəldik. Nə işləmək istəyən, nə də işləməyə cəhd edən adam var.Ancaq yardım istəyirlər".
Onu da qeyd edək ki, gələn il üçün ehtiyac meyarı artırılacaq. Və bu məbləğ 65 manata çatdırılacaq. Qanunvericilikdə nəzərdə tutulub ki, ehtiyac meyarı həddi tədricən yaşayış minimumuna çatdırılmalıdır. Əvvəl bu məbləğ 30 manat idi. Bu da nisbətdə 51 faiz təşkil edirdi. Bu gün isə 71,4 faiz təşkil edir. Yəni ehtiyac meyarının məbləği hazırda 60 manata çatdırılıb. Büdcə paketində də nəzərdə tutulub ki, gələn il bu hədd 65 manata çatdırılsın.
Gülər KƏRİMLİ.



«Ünvanlı yardımlar təkmilləşəcək»   -
«Ülfət Qazeti»   -