Pensiya sistemi əhalinin bütün təbəqəsinin hüquqlarını qorumalıdır
Əli Məsimli: "Konsepsiya real nəticələrini 10-15 il sonra verməyə başlayacaq"
"Hökumət çalışmalıdır ki, əhalinin aztəminatlı təbəqəsinin təmsilçiləri pensiyaya çıxdıqdan sonra yoxsulluq girdabına düşməsin". Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Əli Məsimli bu fikirdədir. Onun sözlərinə görə, pensiya sistemi əhalinin bütün təbəqələrinin hüquqlarını qorumalıdır. Vətəndaş pensiyaya çıxanda əməkhaqqının 40-60 faizi həcmində pensiya almalıdır. Belə olarsa, vətəndaşlar pensiyaya çıxdıqdan sonra da işləməkdə maraqlı olmazlar. Ə.Məsimli dedi ki, 20 il bundan əvvəl Azərbaycanda orta aylıq pensiya yaşayış minimumundan 2 dəfə çox olub. Hazırda isə orta aylıq pensiya yaşayış minimumundan azdır. Pensiyaçıların 60 faizindən çoxu cəmi 75 manat təqaüd alır. Bunun nəticəsində ölkədəki hər üç pensiyaçıdan ikisi yoxsulluq səviyyəsində yaşayır. Bu baxımdan hazırda ölkədə həyata keçirilən pensiya islahatları dəstəklənməlidir. Ə.Məsimli hesab edir ki, ölkə başçısı tərəfindən təsdiqlənən pensiya islahatları konsepsiyası bu sahədəki problemlərin həllinə yönəlib. Onun sözlərinə görə, bu konsepsiya real nəticələrini 10-15 il sonra verməyə başlayacaq. Ona görə də hazırda hökumət əsasən növbəti 10 il ərzində pensiya sahəsində meydana çıxacaq problemlərin həlli üçün çalışmalıdır. Dövlət Sosial Müdafiə Fondu sovet dövründə işləmiş və 2006-cı ilə qədər pensiyaya çıxmış, amma həmin müddətdən sonra pensiyaya çıxanlardan xeyli az pensiya alan vətəndaşların problemlərini həll etməlidir. Bu sahədə atılan addımlar bir-birini tamamlamalıdır: "Bu yol çox enişli-yoxuşludur. Müəyyən mərhələlərdə problemlərin olması mümkündür. Amma istənilən halda geri çəkilmək olmaz. Eyni zamanda biz həqiqəti əhaliyə deməkdən çəkinməməliyik". Ə.Məsimli dedi ki, hökumət sığorta-pensiya sisteminin inkişafına çalışmalıdır. Elə edilməlidir ki, Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsindən asılılığı azaldılsın. Millət vəkilinin sözlərinə görə, hazırda fondun büdcəsinin 30 faizi dövlət büdcəsindən transfer olunur. Bunun aradan qaldırılması üçün fond əlavə mənbələr tapmalı, özəl pensiya fondları yaratmalıdır. Pensiya təminatı sistemi tamamilə bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılmalıdır. Ə.Məsimlinin fikrincə, pensiya ödənişi üçün nəzərdə tutulan vəsait tam yığılmalı və məqsədyönlü istifadə olunmalıdır. Onun sözlərinə görə, hazırda Azərbaycanda 1 pensiyaçıya 3,2 işləyən şəxs düşməlidir. Əgər kənd təsərrüfatında çalışanlar çıxılarsa, 2 işləyənə 1 pensiyaçı düşməlidir. Amma mövcud reallıqda 1 pensiyaçıya 1 işləyən düşür. Millət vəkili hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu ilk növbədə bu problemi həll etməlidir. Çünki bu problem digər problemlər də yaradır. Millət vəkilinin fikrincə, pensiya təminatı sisteminin idarə olunması da təkmilləşdirilməlidir. Onun sözlərinə görə, indiyədək bu istiqamətdə heç bir addım atılmayıb. Buna görə də Dövlət Sosial Müdafiə Fondu bu sahədə təcrübəsizdir: "Bu vəsaitlərin idarə olunması üçün çox böyük təcrübə tələb olunur. Məlum olduğu kimi, Azərbaycanın Dövlət Neft Fondu bu sahədə böyük təcrübə toplayıb. Hesab edirəm ki, 3-5 ildən sonra Dövlət Sosial Müdafiə Fondu Neft Fondu ilə birləşdirilməli və vəsaitlər idarə olunmalıdır". Ə.Məsimli hesab edir ki, hökumət pensiya islahatlarının dəstəklənməsi məqsədi ilə "kölgə iqtisadiyyatı"nın leqallaşdırılması istiqamətində ciddi addımlar atmalıdır. Onun sözlərinə görə, bu istiqamətdə müəyyən işlər görülür, amma bunlar yetərli deyil.
Gülər KƏRİMLİ.
|