“Beyləqan Avtonəqliyyat"da özbaşınalıq baş alıb gedir

"Beyləqan Avtonəqliyyat" Açıq Tipli Səhmdar Cəmiyyətin (ASC) bir qrup sürücüsü müəssisədə baş alıb gedən qanunsuzluq və özbaşınalıqdan şikayətlənir

“Biz uzun müddətdir sərnişindaşıma parkında sürücü işləyirik. Müəssisə 1998-ci ilin yanvarından açıq tipli səhmdar cəmiyyətə çevrilib. Özəlləşmə prosesində hərəmiz 4 çekdən ibarət 1 ədəd özəlləşmə payı vermişik. Amma bu günədək nə əməkhaqqı, nə də uşaq pulu ala bilmirik. 1998-ci ildə müəssisənin müdiri Nəcəf Nəcəfov, baş mühasib Kamal Quliyev bildirdilər ki, kim qalıb işləmək istəyirsə, o vaxtın pulu ilə, 400 min manat versin, özəlləşmə qurtarandan sonra qaytaracağıq. Verdik. İndiyədək qoyduğumuz çekə görə nə divident, nə də verdiyimiz pulu ala bilmirik. Bir dəfə də olsun səhmdarların iclası keçirilməyib.
İdarə Heyəti üzvlərinin kim olduğunu bilmirik. Əməkhaqqımızı verəcəyini əvvəlcə vəd edən cəmiyyətin idarə heyətinin sədri Nəcəf Nəcəfov indi "hara istəyirsiniz deyin" cavabını verir. Səhmdar cəmiyyətə çevrilən gündən bəri sürücülərə avtomobillərin ehtiyat hissələri, yanacaq verilməyib. Marşruta çıxanda hər gün müəssisəyə plan ödənilib. İşlədilən texnika da yararsızdır. Ehtiyat hissələrini də özümüz alırıq. Bizi əmək müqaviləsi bağlamadan işlədirlər. 1998-ci ildən bir dəfə də olsun əmək məzuniyyətinə çıxmamışıq. Müəssisənin balansında olan nə varsa, kənar şəxslərə satılıb”.

Bu şikayət ərizəsinə əsasən, "Beyləqan Avtonəqliyyat" ASC-də olduq. Müəssisənin həyətinə daxil olanda acınacaqlı mənzərə ilə rastlaşdıq. Avtomaşınların, onların hissələrinin saxlandığı və təmir olunduğu binalar xarabalığı xatırladırdı.
Cəmiyyətin sədri bildirdi ki, müəssisənin 97%-i onun tərəfindən auksionda satın alınmışdır və özəlləşməyə xeyli vəsait xərcləyib
Müəssisə 6 hektar ərazidə yerləşir. Bu sahənin xeyli hissəsi müxtəlif şəxslərin istifadəsindədir. Orada 50-yə qədər ev tikilib. ASC ərazisindəki torpağın özəlləşməsi barədə N.Nəcəfov heç bir sənəd təqdim edə bilmədi. Sonradan Əmlak Məsələləri Dövlət Komitəsindən öyrəndik ki, müəssisənin yerləşdiyi torpaq sahəsi özəlləşdirilməyib. Bu torpağı satmağa heç kimin ixtiyarı yoxdur. Sədr özünü sığortalamaq üçün qaçqınları suçladı ki, torpağı onlar zəbt edib, ev tikiblər. Hətta cəmiyyətin inzibati binasını da qaçqınlar tutub. O, özünü humanist adam kimi təqdim edərək qaçqınların hərəkətinə qaçqın olduqlarına görə göz yummasını söylədi.
Ərazidə ev tikən yerli sakinlər də az deyil. N.Nəcəfov belə evlərin sayının 30-40 olduğunu etiraf etdi.
Cəmiyyətin mühasibi K.Quliyevin dediklərindən bəlli oldu ki, 1998- 2001-ci illər ərzində 83 ədəd müxtəlif markalı yük maşını texniki vəziyyətinin bərpası rentabelli olmadığına görə yol polisi tərəfindən silinən əsas vəsaitin siyahısına salınıb. K.Quliyev bildirdi ki, özəlləşməyə qədər 98 ədəd yük avtomaşını və avtobus olub. Hazırda 50-si qalıb. Onlardan da 10-u işləkdir. Deyəsən bu rəqəmin özü də müəmmalıdır. Axı cəmiyyətin həyətində o sayda nə işlək, nə də sınıq-salxaq maşın görsənmirdi. Maşınların harada olması sualına, “qapılardadır” cavabı verildi.
ASC-nin əsas işi əhaliyə nəqliyyat xidməti göstərməkdən ibarətdir. Müəssisənin həyətində yerləşən çörək, maşınyuma, dəmirçi, yağdəyişmə və digər sexlər kənar adamlara icarəyə verilib. İcarədarların hər birisindən ayda 50 manat, çörək sexindən isə 60 manat icarə haqqı alındığını eşitdik.
Dövlət Əmək Müfəttişliyi 14 saylı regional bölgə şöbəsi tərəfindən 27 oktyabr 2009-cu il tarixli, №004851 saylı göstərişlə ASC-nin rəhbərliyinə təqdimat verilib ki, 3 ay müddətinə şikayətçilərin istifadə etmədikləri məzuniyyət hesablaşması və əməkhaqqının hissə-hissə ödənilməsi təmin edilməlidir. Rəhbərlik isə, necə deyərlər, daş atıb, başını tutur ki, mənfəət yoxdur. Şikayətçilər isə yazırlar ki, maşınların təmiri üçün sexlər, 10 ədəd yanacaq çəni, 3 ədəd benzinvuran aparat, çalaların üstünü örtən beton panellər, elektrik qaynağı aparatı, müəssisənin ərazisindəki və onun balansında olan özəlləşməmiş xeyli torpaq sahəsi, hətta müəssisənin hasarının daşları da sökülüb kənar şəxslərə satılıb. Sürücülər sərnişindaşınmadan yığılıb gündəlik mədaxil olunan gəliri, müəssisə ərazisində tikilib satılan obyektlərin pullarını, alınan icarə haqlarının haraya, hansı məqsədlə xərclənməsini soruşurlar. Həmin vəsaitdən işçilərə əməkhaqqı və divident verilməsini tələb edirlər.
Ümid etmək olar ki, cavabdeh təşkilatlar "Beyləqan Avtonəqliyyat" ASC-də işçilərin əmək hüquqlarının pozulması ilə nəticələnmiş acınacaqlı vəziyyətin normallaşdırılması üçün qanuni tədbirlər görəcəklər.
Fərman ATAKİŞİYEV.



«“Beyləqan Avtonəqliyyat"da özbaşınalıq baş alıb gedir»   -
«Ülfət Qazeti»   -