Aztəminatlıların vəziyyəti yaxşılaşacaq
Nazim Məmmədov: "Sosial kirayə evsizləri mənzillə təmin etməklə yanaşı, vergi ödənişlərini də artıracaq"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin sonuna qədər 2010-2013-cü illər üçün nəzərdə tutulan "Aztəminatlı ailələrin Sosial Reabilitasiyası Dövlət Proqramı"nın layihəsi üzərində işi yekunlaşdıracaq. Adından da bəlli olduğu kimi proqram aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutub. Bu məqsədlə sənəddə müxtəlif istiqamətlər müəyyənləşdirilib. Hazırda kiçik ailə-kəndli təsərrüfatlarına dəstək göstərilməsi də planlaşdırılır. Həmin ailələr yardım formasında verilmiş pullar hesabına təsərrüfatlarda istehsal, emal və xidmət fəaliyyəti ilə məşğul olacaqlar. Onların qazandığı pullar hesabına həmin təsərrüfatların genişləndirilməsi nəzərdə tutulur. Hökumət bu təsərrüfatlara bir sıra güzəştlər də edəcək. Onlar vergilərdən də azad olunacaqlar.
Bu məsələ də proqramda öz əksini tapacaq. Qarşıya çıxacaq çətinliklərin aradan qaldırılması üçün bu işlər hələlik pilot rayonlarda kiçik layihələr formasında sınaqdan keçiriləcək. Proqramın sınaqdan keçirilməsi üçün 4 pilot bölgə - Bakıətrafı kəndlər, Quba, İsmayıllı və Masallı rayonları müəyyənləşdirilib. Xatırladaq ki, proqram layihəsinin hazırlanmasına 2007-ci ilin aprelindən başlanılıb. Nazirlik rəsmiləri deyirlər ki, iki ildən çoxdur ki, sözügedən proqram layihəsi çərçivəsində islahatlar həyata keçirilir. Layihələrin həyata keçirilməsində beynəlxalq təşkilatların, QHT-lərin də dəstəyi olacaq. Onu da qeyd edək ki, bu, aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görüləcək son tədbir olmayacaq. Belə ki, hökumət belə ailələrin evsizlik problemini də aradan qaldırmağa çalışır. Yeni qüvvəyə minmiş Mənzil Məcəlləsində də göstərilir ki, yerli icra orqanları və bələdiyyələr belə ailələri ucuz qiymətə kirayə evlə təmin etməlidirlər. Sosial kirayə müqaviləsi əsasında kasıblara yaşayış yeri ayıran bələdiyyələr bu mənbədən əlavə qazanc da götürə bilər. Mənzil Məcəlləsinə əsasən, bunun üçün aztəminatlı ailələr ərizə ilə aidiyyəti üzrə müraciət etməklə qeydiyyata alınmalıdır. Onlar mənzillə növbəlilik əsasında təmin ediləcək. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov hesab edir ki, sosial kirayə üçün mənzillər dövlət və bələdiyyələrin müvafiq tikinti şirkəti ilə imzaladıqları müqavilə əsasında tikilə bilər. İngiltərədə əhalinin 30 faizinin sosial kirayədə yaşadığını bildirən millət vəkili bu təcrübənin səmərəli olacağını deyir. Onun fikrincə, sosial kirayə ev ala bilməyən vətəndaşların mənzil probleminin həll olunmasına, həm də vergi ödənişlərinin artmasına gətirib çıxaracaq. Bundan ən çox qazanan isə bələdiyyələr olmalıdır: "Bələdiyyələrin maddi-texniki bazası o qədər aşağıdır ki, bu tez bir zamanda vüsət almayacaq. Amma elə bələdiyyələr mövcuddur ki, onların kifayət qədər torpaqları var. Torpaqların bir hissəsi tikinti şirkətlərinə verilə bilər. Bunun əvəzində bələdiyyələr sosial kirayə üçün nəzərdə tutulan mənzillərdən uzunmüddətli daimi qazanc əldə edə bilərlər". Qanunvericiliyə əsasən, mənzil haqqı və kommunal ödənişlər 6 aydan çox ödənilmədikdə və mənzildən təyinatı üzrə istifadə edilmədikdə sosial kirayə müqaviləsi ləğv edilə bilər. İpoteka kreditinin alınması, torpaq sahəsinin ayrılması və digər hallarda da vətəndaş siyahıdan çıxarılacaq. Qeyd edək ki, Mənzil Məcəlləsi ilə xidməti yaşayış sahələri, yataqxanalar, qaçqın və məcburi köçkünlərin müvəqqəti yerləşdirildikləri yaşayış sahələri xüsusi təyinatlı hesab edilir. Bu yaşayış sahələri satıla, icarəyə və kirayəyə verilə bilməz.
Gülər KƏRİMLİ.
|