Gəncədə işsizlərin sayı azalıb
Ötən il maliyyə böhranı dünyanın ən inkişaf etmiş ölkələrində belə, iş yerlərində kütləvi ixtisarlarla müşayiət olundu. Dövlətimizin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində təkcə paytaxtımızda deyil, regionlarda da insanların normal əmək fəaliyyəti və yaşayışı təmin olundu, ölkə iqtisadiyyatı əvvəlki ahəngdarlığı ilə işlədi. Yeni iş yerləri açıldı, minlərlə insan işlə təmin olundu, peşə hazırlığı kurslarına cəlb edildi.
Bunu Gəncə şəhərinin timsalında da görmək mümkündür. Şəhər Məşğulluq Mərkəzindən verilən məlumata görə, 2009-cu ildə bu quruma 909 nəfər müraciət edib. Müraciət edənlərin 502-si kişi, 407-si qadındır. Ötən il ərzində mərkəzin köməkliyi ilə 388 kişi, 337 qadın işə düzəlib. 84 kişiyə və 30 qadına işsiz statusu verilib. 2009-cu ildə 73 kişi, 105 qadın peşə hazırlığına cəlb edilib. Ötən ilin oktyabrında Məşğulluq Mərkəzi şəhərdə əmək yarmarkası keçirib. Yarmarkada 327 nəfər işlə təmin edilib. Onlardan 182 nəfəri qadındır. 32 kişi, 15 qadın isə müvəqqəti xarakterli ictimai işlərə cəlb olunub. Cari ildə daha yüzlərlə şəhər əhalisinin işlə təmin edilməsi gözlənilir. F. ATAKİŞİYEV.
|