Sosial sığorta haqları üzrə daxilolmalar artıb

"Dövlət Sosial Müdafiə Fondunun ötənilki gəlirləri 1 milyard 600 milyon manat olub. Bu göstərici 2008-ci illə müqayisədə 205 milyon manat artıb. Sosial sığorta haqları üzrə daxilolmalar isə 8,3 faiz artaraq 1 milyard 37 milyon manata çatıb. Bunun da 56 faizi qeyri-büdcə təşkilatlarının payına düşür. Hesabat dövrü ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi də gücləndirilib. Nəticədə fiziki şəxslərdən sosial sığorta haqları üzrə daxilolmalar 25 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 23 faiz artıb". Bunu fond sədri Səlim Müslümov prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.
Qurum səlahiyyətlisi qeyd edib ki, ötən il üzrə maliyyələşmə proseslərinə bütünlüklə yekun vurulub: "Ötən ilin əvvəlinə fondun hesabında olan 91 milyon manat sərbəst qalıq, həmçinin büdcə təşkilatlarından ilin son günlərində daxil olacaq sosial sığorta haqlarının qarşılıqlı əvəzləşdirilməsi hesabına dövlət büdcəsindən əlavə ayrılan 40 milyon manat vəsait pensiyaların ödənişinə yönəldilib. Fondun xərclərinə gəlincə, ötən il bu rəqəm 1 milyard 675 milyon manat təşkil edib. Bu vəsaitin 96,6 faizi və ya 1 milyard 618 milyon manatı əhaliyə ödənişlərə yönəldilib. Bu da 2008-ci ilə nisbətən 20,8 faiz və ya 278 milyon manat çoxdur. Bütün xərclərin 94 faizini pensiya ödəmələri təşkil edib. Bundan əlavə, 2009-cu ildə əhaliyə 46,4 milyon manat və ya əvvəlki ilə nisbətən 24,6 faiz çox müavinət verilib. Xərclərin bu artımları inflyasiyanın yalnız 1,5 faiz olduğu şəraitdə baş verib və əhalinin bilavasitə real gəlirlərini artırıb. Əgər 2008-ci ildə əhalinin pul gəlirlərində fondun ödəmələri 6,7 faiz olubsa, 2009-cu ildə bu göstərici 7,2 faizədək yüksəlib. Başqa sözlə, pensiya ödənişlərinin artım sürəti əhalinin pul gəlirlərinin ümumi artımını 9,1 bənd üstələyib".
Fond rəhbəri 2009-cu ilin islahatların yeni mərhələsinin başlanğıc ili olduğunu da vurğulayıb. Bu mərhələ "2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə müəyyən edilib: "Xüsusilə insanların 2006-cı ildən əvvəlki dövrdə qazanmış olduqları pensiya hüquqlarının yeni sistemə vahid prinsip əsasında transformasiyası bütövlükdə sığorta-pensiya sisteminin inkişafında yeni bir mərhələnin başlanğıcını qoyub. Artıq biz pensiya təyinatının avtomatlaşdırılması, bu sahədəki daxili nəzarətin ictimai nəzarətlə əvəz olunması və insan amilinin rolunun minimuma endirilməsi proseslərinin reallaşdırılması mərhələsindəyik. Fikrimcə, 2010-cu il ərzində bu məsələ gerçəkləşdiriləcək".
S.Müslümov qeyd edib ki, bu mərhələ nəticəsində sığorta-pensiya sisteminin ümumi iqtisadiyyatla əlaqəli inkişafının tam təmin olunması mexanizmi ortaya qoyulub: "Yəni hər bir şəxsin əmək fəaliyyətinə başladığı dövrdən etibarən öz fərdi hesabında gələcək pensiyası üçün nə qədər vəsait topladığı onun daimi nəzarətinə verilir. Başqa sözlə, fondda qeydiyyatda olan hər bir şəxs fondun internetdəki veb-saytında sosial sığorta nömrəsini daxil edərək, fərdi hesabında toplanmış məbləği və bu məbləğin hansı mənbələrdən formalaşdığını görə biləcək. Həmin məbləğin 144-ə bölünməsi və alınan nəticəyə ölkə üzrə baza pensiyasının əlavə edilməsi şəxsin pensiyasının məbləğini göstərəcək".
S.Müslümov pensiya xərclərinin tərkibində sığorta hissəsinin xüsusi çəkisinin ilbəil artmasını da vurğulayıb. Onun sözlərinə görə, bu göstərici yeni sistemə keçildiyi 2006-cı ildəki 20,8 faizdən 2009-cu ildə 28,7 faizədək yüksəlib. 2010-cu ildə isə onun 30,3 faizədək artacağı nəzərdə tutulur: "Sığorta-pensiya sisteminin mühüm göstəricilərindən olan əmək pensiyaçılarının sayı il ərzində ilkin məlumatlara görə, 27 min nəfər artıb. Bu rəqəm ilin sonuna 1 milyon 302 min nəfər təşkil edib. Bu artımın 59 faizi yaşa görə, 35 faizi əlilliyə görə, 6 faizi isə ailə başçısını itirməyə görə pensiyaya çıxanların payına düşür".
Sədr qeyd edib ki, əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncama əsasən, pensiyaçıların 60 faizinin, yəni 765 min nəfərin pensiyasının sığorta hissəsinə 20,8 faizlik artım tətbiq olunub: "Digər bir mühüm göstəricinin - əvəzetmə əmsalının, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbətinin də 2009-cu ildə sabit saxlanması təmin edilib. İlin sonuna ölkə üzrə orta aylıq pensiyanın məbləği 100,4 manat olub və əvəzetmə əmsalı 34 faiz təşkil edib".
Fond rəhbəri sığorta olunanların fərdi uçotu sisteminin qurulması istiqamətində davam etdirilən tədbirlər barədə də məlumat verib. Bildirib ki, fond ilə Vergilər Nazirliyinin birgə fəaliyyəti, inzibati tədbirlər, təbliğat və maarifləndirmə işləri nəticəsində hesabat dövründə fərdi uçota alınanların sayı 154 min nəfər artaraq 1 milyon 640 min nəfərə çatıb. Hazırda fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni 1 milyon 302 min nəfər pensiyaçı və 1 milyon 640 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb: "Lakin bununla belə, özəl sektorda çalışanların tam qeydiyyatı və əməkhaqlarının leqallaşdırılması bu prosesə birbaşa təsir edən əsas vəzifələr kimi qalmaqda davam edir. 2010-cu ildə bu vəzifələrin yerinə yetirilməsi xüsusi diqqət mərkəzində saxlanacaq".
S.Müslümovun sözlərinə görə, 2010-cu ildə kənd yerlərində bankomatların sayının artırılması, eləcə də plastik kartların pensiyaçılara bilavasitə bank filialları tərəfindən verilməsi barədə müvafiq banklar qarşısında məsələ qaldırılıb.
DSMF sədri bildirib ki, hesabat dövründə pensiyaların bankomatlarla ödənişi sferası da genişləndirilib. Belə ki, kənddə yaşayan və plastik kartlarla pensiya alanların xüsusi çəkisi 94,4 faizə çatdırılıb. Hazırda ölkə üzrə bütün ödəniş aparılan pensiyaçıların 97,3 faizi pensiyasını plastik kartla alır. Bu məqsədlə 465 bankomat quraşdırılıb ki, bunun da 85-i kənd yerlərinin payına düşür.

Gülər KƏRİMLİ.



«Sosial sığorta haqları üzrə daxilolmalar artıb»   -
«Ülfət Qazeti»   -