Yardımların geçikdirilməsinin səbəbi yeni sistemə keçiddir
Hadı Rəcəbli: “Ünvanlı sosial yardımın verilməsilə bağlı ittihamlar əsassızdır”
Ötən ilin sonlarından etibarən ölkədə ünvanlı sosial yardımların verilməsində problemlərin yaranması ətrafında söz-söhbətlər hələ də səngimək bilmir. Bir neçə gün öncə açıqlamasında bu məsələyə aydınlıq gətirməyə çalışan Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin bu yöndəki məlum fikirləri isə müxalif dairələrdə heç də birmənalı qarşılanmayıb. Milli Məclisin komitə sədri və ünvanlı sosial yardımların verilməsinə birbaşa cavabdehlik daşıyan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanına bir sıra ittihamlar səsləndirilib. Məsələyə münasibət bildirən Hadı Rəcəbli ünvanlı sosial yardımın verilməsilə bağlı səsləndirilən ittihamların əsassız olduğunu vurğulayıb. Komitə sədri onun ünvanlı sosial yardımın verilməsilə bağlı səsləndirdiyi fikirlərinin müxalif mətbuat və dairələr tərəfindən düzgün başa düşülmədiyini, qavranılmadığını deyib. H.Rəcəbli bildirib ki, sosial müdafiənin ünvanlılığı əslində sosial siyasətin mahiyyətidir. Eyni zamanda, sosial müdafiənin ünvanlılığı Azərbaycan dövlətinin sosial siyasətində baş istiqamətlərindən, prioritetlərindən biridir. Vaxtilə ölkədə sosial siyasət ümumi qaydada həyata keçirilirdi: "Məsələn, müəllimlər üçün işıq sərfiyyatı pulsuz idi. Müəllimin əri prokuror işləyirdi, ancaq həmin müəllimin özünə görə onlar işıq pulu ödəmirdi. Və yaxud sahibkarın həyat yoldaşı müəllim işlədiyinə görə onlar işıq pulu ödəməkdən azad idi. Sonradan isə sosial müdafiədə aparılan islahatlar nəticəsində bu yanlış elementlərdən keçdik monitizasiyaya, ünvanlılığa. Eyni zamanda, "uşaq pulu" deyilən məfhum da təxminən elə bu cür yanlış elementlərdən biri idi. Bir xeyli öncə ölkədə haradasa bir milyon altı yüz min uşağa köhnə pulla 9 min manat pul verirdik. Əslində bu pul onların həyatlarında əsaslı heç bir rol oynamırdı, cəmiyyətdə də, bu, artıq pis qarşılanırdı. Ona görə biz bu sistemi dağıtdıq, yeni bir sistemə - ünvanlı sosial yardıma keçdik. Bu model də havadan götürülməmişdi, dünyada mövcud olan model idi. Keçən dəfə qeyd etdiyim kimi, Polşa modeli bizə daha yaxın və məqbul olduğu üçün onu özümüzdə tətbiq etdik. Burada da yeni kriteriyalar - zəruri ehtiyac meyarı deyilən rəqəm müəyyənləşdirildi. Hansı ailələrdə real gəlirlər zəruri ehtiyac meyarından aşağıdırsa, onlara ünvanlı sosial yardımlar verilməsinə başlanıldı. Bax, bu meyarlar da müəyyənləşərkən əvvəllər bu yöndə mövcud olan 17 göstərici zaman-zaman təkmilləşdirmələr aparılaraq 5-ə endirildi. Bütün bunlara baxmayaraq, yenə də bu meyarlar daha genişdir, yəni, bunlar imkan verir ki, əli, qolu, qıçı sağlam, işləmə imkanı olan adamlar da gəlib ünvanlı sosial yardım zənbilinə əlini salsınlar. Əlbəttə, bunun günahı da bu dediyim meyarların müəyyənləşməsindədir. Eyni zamanda, burada digər bir məqam da var. Ünvanlı sosial yardım məqsədi ilə vəsait ayrılır. Əvvəllər də demişdim ki, bu vəsait "uşaq pulu" deyilən məqsədə ayrılan vəsaitdən qat-qat çoxdur. Buna baxmayaraq, yuxarıda qeyd etdiyim kimi, buna həvəs daha da artmaqdadır. Adamlar daha çox istəyirlər ki, ünvanlı yardıma düşsünlər və bu baxımdan da bu məsələdə bu cür narazılıqlar yaranır". Hesab edirəm ki, mövcud kriteriyaların təkmilləşdirilməsinə çox böyük ehtiyac var. Müvafiq qurumlar bu sistemin, kriteriyaların təkmilləşdirilməsində çox böyük, ardıcıl işlər görür. Bunu xüsusi vurğulamaq lazımdır. Onlar çalışırlar ki, bu təkmilləşmələr, bu işlər insanların maraq və mənafelərinə xidmət etsin. Düzdür, mən bir müddət öncə bildirmişdim ki, ünvanlı sosial yardımların gecikməsinin bir səbəbi də kompyuterləşmədir, yeni İKT-yə keçmədir. Eyni zamanda, bu gün ünvanlı sosial yardımlar əsasən bankomatlar vasitəsilə verilir ki, elə bu sistemə keçməyin özü də böyük bir məsələdir. Bununla belə, əlbəttə, bu məsələdə yubanmanın bir səbəbi də büdcədə bu məqsədə ayrılan vəsaitin qurtarması idi. Burada bir məsələni də qeyd edim ki, sosial işçilər bu məsələni yerlərdə araşdırarkən gördülər ki, nəzərdə tutulandan 30 faiz çox həmin kriteriyalara düşən insanlar var. Bu təqdirdə də ünvanlı sosial yardımların verilməsi dayandırıldı. Belə olan halda, bəs bunu necə tənzimləyəsən? Bu olduqca çətin bir məsələdir. Axı bu ünvanlı sosial yardıma düşən adamların sayını necə azaldasan? Azaltdın, o zaman yenə də narazılıq olacaq. Ona görə bu məsələlər bir daha çox ciddi şəkildə öyrənilməli, bu sistem, bu yöndə kriteriyalar təkmilləşdirilməlidir.
Gülər KƏRİMLİ.
|