Benzinin keyfiyyəti yaxşılaşdırılacaq...?

90-cı illərin əvvəllərində Bakıda 50 min avtomobil var idisə, indi bu rəqəm 800 mini ötüb

Bakıda avtomobillərin sayının sürətlə artması ekoloji tələbləri vacib və mühüm problemlərdən birinə çevirmişdir. Statistik məlumatlara görə, 90-cı illərin əvvəllərində Bakıda 50 min avtomobil var idisə, indi bu rəqəm 800 mini ötüb.
Bu ilin iyul ayının 1-dən ölkəyə Avropa standartlarına cavab verməyən avtomobillərin idxalının dayandırılması qərara alınıb. Qadağaların tətbiqində avtomobilin hansı şirkətə və ya ölkəyə məxsus olması əsas götürülməyəcək. Amma belə görünür ki, 10-15 il öncə istehsal edilmiş avtomobillərin idxalına icazə verilməyəcək. Lakin bu məsələdə də diqqətdən yayınmayan bir məqam var. Qadağa avtomobilin hansı ildə istehsal edilməsinə deyil, onun mühərrikindən çıxan qazın "Avro-2" standartlarına cavab verməsindədir.
Müvafiq strukturlar yanacağa, eləcə də avtomobillərdən çıxan tullantılara olan tələbləri Avropa standartlarına uyğunlaşdırmaq niyyətindədir. Baxmayaraq ki, Avropada artıq "Avro-5" standartı tətbiq edilir. Təbii ki, bu standartın tətbiqi üçün hələ xeyli zaman tələb edildiyindən "Avro-2"-lə razılaşmalı olacağıq. Yəni istehsal edilən benzinin keyfiyyəti də yüksək olmalıdır ki, avtomobil mühərrikləri ətraf aləmə çirkli qazlar buraxmasın.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin rəhbəri Əkrəm Bəydəmirli isə problemi yalnız idxal edilən avtomobillərdə axtarmağın düzgün olmadığını dedi: "Əldə etdiyim məlumatlara görə, yanacaq emal edən zavodlarda avadanlıqların istismar müddəti başa çatıb. Sözsüz ki, həmin texnoloji qurğular vasitəsilə müasir standartlara uyğun gələn yanacaq emal etmək çətindir. Digər tərəfdən, yanacaqdoldurma məntəqələrində benzinə müxtəlif qatqılar əlavə olunur. Üstəlik, bizdə hələ də qurğuşunlu benzindən istifadə edilir. Məsələ ondadır ki, paytaxtın yanacaqdoldurma məntəqələrində neft məhsullarının aşağı keyfiyyətdə olması artıq təsdiqini tapmış bir faktdır. Belə ki, istehlakçıların çoxsaylı şikayətləri əsasında Bakı şəhəri ərazisində yerləşən 45 yanacaqdoldurma məntəqəsi və 2 neft bazasında neft məhsullarının keyfiyyətinə dövlət nəzarəti həyata keçirilib".
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bununla bağlı mətbuata açıqlamasında bildirib ki, aparılmış araşdırma nəticəsində 26 yanacaqdoldurma məntəqəsində satılan yanacağın keyfiyyət göstəricilərinin standartların tələblərinə cavab vermədiyi, avtomobillərə vurulan benzin miqdarının normaya uyğun olmaması faktları aşkar edilib. Bununla əlaqədar olaraq qanunvericiliyə müvafiq qaydada protokollar tərtib edilib, məsul şəxslər inzibati qaydada cərimə olunub. Hazırda bu proses paytaxt və respublikanın digər ərazilərində davam etdirilir.
Yanacağın keyfiyyətinin müasir standartlardan geri qalması ətraf aləmə atılan zəhərli qazların həcmini xeyli artırır. Avtomobillərin daha intensiv fəaliyyət göstərdiyi vaxtlarda, xüsusilə yay aylarında Bakı şəhəri üzərində tüstü dumanı hiss etmək çətin deyil. Çünki nəfəs almaq çətinləşir. Bütün bunlar insan orqanizminə necə təsir göstərir, hansı xəstliklərə səbəb olur, bu tüstü dumanını necə azaltmaq olar? sualları hamını ciddi narahat edir və düşündürür. Araşdırmalar göstərir ki, bir insanın illik oksigen ehtiyatını avtomobil bir saatda çirkləndirə bilər.
Bəlli olduğu kimi, Bakı və paytaxt ətrafındakı qəsəbələrdə yaşıllaşdırma kampaniyasına start verilib. Ə.Bəydəmirli də hesab edir ki, yaşıllıqların artırılması və qorunması ən optimal variantlardan biri olar. Alimlərin qənaətincə, hər hektar meşə sahəsi bir saatda 8 kiloqram karbon qazını udur, bu da bir saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. Bakıda adambaşına düşən yaşıllıqların həcmi 23 kvadratmetrdir. 2 əsr bundan əvvəl Azərbaycan ərazisinin 35 faizi meşəlik olub. İndi isə ərazinin yalnız 11,5 faizi meşə ilə örtülüb. Meşə fondunun təxminən 261 min hektarı Ermənistanın işğal etdiyi ərazilərdə yerləşir. Təbii ki, yaşıl örtüyün sürətlə azalması, ümumiyyətlə, təbiətə qarşı total soyuqqanlılıq insan həyatında, sağlamlığında özünü büruzə verir: "Problemin çıxış yollarından biri ətraf aləmə doğma münasibət göstərməkdən, ekoloji təfəkkürü dərinləşdirmək məqsədi ilə maarifləndirmə işinə dəstək verməkdən başlayır. Yəni avtomobil yanacağına əlavə maddələr qatıb onu keyfiyyətsiz edən, yaşıllıqlara qənim kəsilən insanlara və bu məsələlərə cavabdeh olub məsuliyyət daşıyan şəxslərə istər sərt qanuni yolla, istərsə də maarifçilik yolu ilə anladılmalıdır ki, biz eyni gəminin sərnişinləriyik".
Müsahibimin bu fikrə gəlməsi əsassız deyildir. Belə ki, bu yaxınlarda maraqlı rəy sorğusu keçirib. 23 ölkədə 25 min nəfər arasında aparılan bu sorğuda respondentlərin 71 faizi kasıbçılığı, 64 faizi isə ətraf mühitin çirklənməsini əsas problem adlandırıb. Deməli, ekologiyanın qorunmasında sosial-iqtisadi inkişaf faktoru hər zaman mühüm yer tutur.
Amma bunlarla yanaşı, Ə.Bəydəmirli urbanizasiya siyasətinə nəzər salmağı da vacib sayır: "Əyalətdə sosial-iqtisadi inkişafı sürətləndirmək məqsədi ilə bəzi dövlət proqramları həyata keçirilir, infrastruktur yeniləşir. Bu iş yalnız davamlı və şəffaf aparılsa, effektli olacaq. Yəni Bakını yükdən, avtomobil tıxaclarından, insan sıxlığından xilas etmək üçün bölgələrə diqqət artırılmalıdır".
Gülər KƏRİMLİ.



«Benzinin keyfiyyəti yaxşılaşdırılacaq...?»   -
«Ülfət Qazeti»   -